BAKI, 13 noyabr — Sputnik. Mütəşəkkil cinayətkar təşkilatın lideri Adnan Oktara 150 ildən 1365 ilə qədər həbs cəzası tələb olunur. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, məhkəmə müzakirələri zamanı təşkilatın liderləri olduğu iddia olunan 13 təqsirləndirilən şəxsə də 5 ildən 12 ilə qədər həbs cəzasının verilməsi tələb olunub. Bundan başqa, təşkilatla birbaşa əlaqəsi olan xeyli sayda kişi şübhəliyə cinsi zəmində törətdikləri cinayətlərə görə 63 ildən 396 ilə kimi həbs cəzasının verilməsi tələbi ilə çıxış edilib.
Xatırladaq ki, Adnan Oktar 2018-ci ilin iyul ayında qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı cinayət əməlləri törətmək, mütəşəkkil cinayətkar təşkilat yaratmaq və s. cinayət əməllərində ittiham olunaraq həbs edilmişdi. Polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən Adnan Oktar, xüsusilə də "kediciklər" olaraq bilinən və təşkilat içində şərti adları "bacılar" olan qadınlarla birlikdə apardığı televiziya proqramları ilə tanınmışdı. Etdiyi çıxışlarda "İslami yaradılış" adını verdiyi nəzəriyyəsini müdafiə edən Oktar haqqında 1999-cu ildən bu günə kimi mütəşəkkil cinayətkar təşkilat yaratmaq ittihamı ilə dəfələrlə cinayət işi açılsa da, o, həbs olunmamışdı.