BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Ermənilər yalnız Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki torpaqlarına deyil, maddi-mənəvi sərvətlərinə, o cümlədən Qarabağ xalçalarına da əl uzadırlar. Bununla belə, erməni tərəfi əsassız iddiaları ilə Qarabağ xalçaçılığının tarixini saxtalaşdırmağa, onu tarixi köklərindən ayırmağa nail ola bilmir.
Bu barədə AMEA-nın "Xalçaşünaslıq" sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qarabağ öz təbiəti, relyefi, iqlimi, yeraltı-yerüstü sərvətləri, zəngin tarixi keçmişi, maddi-mənəvi mədəniyyət nümunələri ilə yalnız Azərbaycan cəmiyyətinin deyil, bütünlükdə dünyanın, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Mənfur qonşularımız Qarabağdakı torpaqlarımızı işğal etdikləri kimi Qarabağ xalçalarına da göz dikir, bu sənət nümunələrini öz adlarına çıxmağa çalışırlar:
"İndiyədək dərc etdirdiyimiz kitablarda, jurnallarda, həm yerli, həm də xarici mətbuat səhifələrində, televiziya çıxışlarında, telefilmlərdə ermənilərə, onların qərəzli və yalan iddialarla çıxış edən havadarlarına öz sözümüzü demişik. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə institutları, strukturları bu istiqamətdə mühüm işlər görüb. Bu proses indi də fundamental elmi araşdırmalar səviyyəsində uğurla davam edir".
Muradov bildirib ki, AMEA-nın nəzdində 2016-cı ildə yaradılmış "Xalçaşünaslıq" sektorunun əsas tədqiqat istiqamətlərindən biri də məhz Qarabağ xalçaçılığının öyrənilməsidir. Aparılan tədqiqatlar zamanı Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonların 500 xalçaçılıq məntəqəsi üzrə XIX əsrin sonundan müasir dövrümüzədək 2000 nəfərə yaxın xalçaçı, 30 nəfər xalça taciri, 40 nəfər boyaqçı, XIX əsrin ortalarından XX əsrin ortalarınadək toxunmuş 450 ədəd müxtəlif ölçülü xalça və xalça məmulatı haqqında məlumatlar toplanıb, foto və video çəkilişlər aparılıb. Onun sözlərinə görə, bu rayonların əksəriyyəti ermənilər tərəfindən işğal olunduğundan, tədqiqatlar məcburi köçkünlərin məskunlaşdıqları əraziləri əhatə edib. Həmin tədqiqatlar nəticəsində Qarabağ xalçaçılığının tarixi əsasları, texniki göstəriciləri, bədii xüsusiyyətləri ilə Azərbaycan xalçaçılığının ayrılmaz hissəsi olduğu, bu sənətin Qarabağın yerli türk əhalisi tərəfindən yaradıldığı və inkişaf etdirildiyi bir daha sübut edilib. Muradovun fikrincə, bu cür əyani tədqiqat materialları ilə Qarabağ xalçaçılığına dair erməni yalanlarının qarşısını almaq mümkündür:
"Qarabağda ermənilərin kompakt halda məskunlaşdırılma tarixi XIX əsrin ortalarından başlayırsa, onlar XVIII əsrin sonlarında artıq bütün ana kompozisiyalarının formalaşdığı, texniki standartlarının təkmilləşdiyi Azərbaycan, həmçinin Qarabağ xalçaçılığına qarşı hansı iddianı irəli sürə bilirlər?"
Muradov onu da bildirdi ki, Qarabağ xalçası uğrunda mübarizə 30 illik işğal müddətində bir gün də olsun dayandırılmayıb: "O torpaqlardan didərgin düşmüş insanlar evlərindən ən qiymətli yadigar kimi xalçalarını çıxara biliblər. Maddi çətinliklərə baxmayaraq, həmin insanlar bu dəyərli xalçaları satmayıb, doğma yurdun yadigarı kimi qoruyub saxlayıblar. Biz tədqiqatlarımız zamanı həmin xalçaları, xalça məmulatlarını gördük".
Sektor müdiri bildirdi ki, hazırda Azərbaycan dövlətinin Ağdamda, Füzulidə, Tərtərdə və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə yaratdığı xalçaçılıq emalatxanalarında yüzlərlə qarabağlı qadın Qarabağ xalçası toxuyur. Bu xalçalar bütün dünyaya Qarabağ, Azərbaycan adı ilə ixrac olunur. Eyni zamanda, beynəlxalq xalça ekspertləri, dünya muzeyləri, məşhur kolleksiyaçılar və alimlərlə Azərbaycana, Qarabağa aid xalçaların düzgün adlandırılması ilə bağlı danışıqlar aparılır:
"Məqsədimiz heç də Azərbaycan xalçasının başqaları tərəfindən toxunmasını qadağan etmək deyil. Xalça Azərbaycanın milli nailiyyətidir və bu sənətdən digər xalqların yararlanması bizi sevindirir. Bununla belə, Azərbaycan çeşnisi ilə toxunan hər hansı bir xalçanın başqa xalqın adına çıxarılmasına, yanlış adlandırılmasına yol verilə bilməz. Bu yolda göstərdiyimiz bütün səylər də elə bizim Qarabağ uğrunda apardığımız mübarizənin bir hissəsidir".