12:56 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
406410

Fermerlərin zəhməti hədər getməyəcək: Zəhərlənmədən, xəstəlikdən ölən, vəhşi heyvanlar tərəfindən parçalanan və yaxud oğurlanan iribuynuzlu heyvanların sığortalanmasına başlanılır.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanın bölgələrində əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Heyvandarlıq da fermer təsərrüfatlarının əsasını təşkil edir. Lakin bir çox hallarda kəndlinin illərlə çəkdiyi əziyyət hədər gedir. Bəzən xeyli maddi dəyəri olan mal-qaranı ya vəhşi heyvan parçalayır, ya da onlar müxtəlif xəstəliklərdən tələf olur. Sputnik Azərbaycan-ın məlumatına görə, Zaqatalanın da əksər kəndləri dağlıq və dağətəyi zonalarda yerləşdiyindən, oradakı fermerlər sözügedən problemlərlə tez-tez rastlaşırlar. Rayonun Muxax kənd sakini Nazim Əliyev Sputnik Azərbaycan-a bildirib ki, tez-tez təsərrüfatlara vəhşi heyvanlar hücum edir:

"Dağa yaxın yaşayıram. İki il əvvəl bir baş heyvanımı canavar yedi".

Rayonun Yuxarı Çardaxlar kənd sakini Rəcəb Mainov isə qeyd edir ki, mal-qaranın ölümünə təkcə vəhşi heyanların hücumu səbəb olmur.

"Zəhərlənmədən də olub. Otdan və ya hansısa qidadan zəhərlənib. Quduzluqdan da ölən heyvan olub. Qonşuluqda quduzluğa görə basdırılan heyvan da olub. Amma sığorta sistemi olsa, sığortalaya bilsək, belə çox narahatlıq olmaz", - deyə Rəcəb Mainov qeyd edib.

Yuxarı Çardaxlar kəndinin digər sakini Aydın Ramazanov da deyib ki, illərlə zəhmət çəkərək bəslədiyi iribuynuzlu heyvan bir neçə saatın içərisində tələf olub. Heyvanı sığortalaya bilmədiyi üçün də bu hadisə onun üçün böyük itki ilə nəticələnib.

"Bundan 2-3 il qabaq mənim heyvanım xəstələnmişdi. Onu sığortalatdırmamış, öldü. Boş yerə zəhmətim hədər getdi. Pul ala bilmədim. Sığortalaya bilsəm, o boyda ziyana düşməzdim".

Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a bildirilib ki, fermerlərin bu cür narahatlıqları artıq geridə qalmaq üzrədir. Yaxın vaxtlarda aqrar sığorta mexanizminin tam işə salınması nəzərdə tutulub. Aqrar Sığorta Fondunun şöbə müdiri Pərvin Quliyeva Sputnik Azərbaycan-a bildirib ki, ilkin olaraq 1-7 yaş arası südlük inək və camışlar sığortalanacaq. Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək. Risklər siyahısına da hazırda fermerləri ən çox narahat edən və onların daha çox qarşılaşdıqları hadisələr daxil edilib.

"Bura vəhşi heyvanların hücumu, təbii fəlakətlər, yoluxucu xəstəliklər, eyni zamanda zəhərli otlardan və yemlərdən zəhərlənmələr daxildir. Bundan əlavə, 3-cü şəxslərin hərəkətləri də verdiyimiz risk təminatına daxil edilib. 3-cü şəxslərin hərəkətləri geniş ifadədir. Burada həm qərəzli, həm də qərəzsiz olan ifadələr daxil edilib ki, artıq hadisə baş verən anda onun müəyyən edilməsi mümkün olacaq. Yol nəqliyyat hadisələri zamanı heyvanların vurulması da vəziyyətdən asılı olaraq bura aid edilə bilər.", - deyə Quliyeva bildirib.

Fermerlərin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq. Heyvanların sığortalanması üçün bir sıra şərtlər də mövcuddur. Heyvan qapalı yerdə saxlanmalı və həmin yer Nazirlər Kabinetinin "Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları"na uyğun olmalıdır. Heyvana qulluq və onun qidalanması da qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Sığortalanacaq heyvanın peyvəndlənməsi, birkalanmış olması, eləcə də Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi də vacibdir.

"Fermer "mənim heyvanım sığortalansın" deyəndə onun üzərində mütləq birka olmalıdır ki, müqavilədə o, əksini tapsın. Hadisə zamanı heyvan tələf olanda, müstəqil ekspert gəlib baxacaq ki, bu həmin sığortalı heyvandır, ya yox", - Aqrar Sığorta Fondunun rəsmisi əlavə edib.

Pərvin Quliyeva onu vurğulayıb ki, EKTİS-də qeydiyyat çox vacibdir:

"EKTİS-də indidən qeydiyyatdan keçməyə başlamaq tövsiyə olunur. Müqavilələrin hələ hazır olmasına baxmayaraq, indi qeydiyyatdan keçsinlər ki, sığortalama zamanı buna daha az vaxt sərf eləsinlər. Çünki sistemdə qeydiyyatda olmayan heyvan sığortalanmayacaq!"

Fermerlər heyvanları sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar Sığorta Sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər. Bunun üçün ilkin olaraq 7 sığorta şirkəti seçilib. Hələlik sığorta haqları müəyyənləşməyib. "Aqrar Sığorta haqqında" qanuna əsasən, sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək.

Əlaqədar

Fermerlər necə əlavə gəlir əldə edə bilərlər?
Dama-dama qızıl olar: Yevlaxlı fermerlər yeni üsula keçiblər
Yol polisi mal-qara sahiblərinə xəbərdarlıq etdi
Azərbaycanda bir ilk - Fermerlərin işi daha da asanlaşır
Teqlər:
mal-qara, Canavar hücumu, canavar, kəndli, Zaqatala, fermer

Əsas mövzular