16:17 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

"Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır".

BAKI, 4 avqust — Sputnik. Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Musa Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur: "Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olub. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş verib. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər. Ölkə başçısının bu ilin martın 19-da imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib".

Sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanunda dəyişikliyə baxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır: "Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub. Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək".

"2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olub", - deyə o bildirib.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verib: "İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur. İşsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olmuşdur. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib".

"İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq", - deyə o qeyd edib.

İclasda "İşsizlikdən sığorta haqqında" qanunda dəyişikliyə də baxılıb. Komitə sədri Musa Quliyev bildirib ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur: "Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur".

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.

İclasda müzakirəyə çıxarılan layihələr Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Əsas mövzular