03:07 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
52 0 0

Aytənin bir “Instagram” səhifəsi vardı. “Instagram”da hansısa paylaşımın olması kiminsə əxlaqsız olması demək deyil. Aytən namus üstündə öldürülməyib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Son zamanlar qətlə yetirilən qadınlarla bağlı müxtəlif sosial şəbəkələrdə heç də xoş olmayan bir ənənə formalaşıb. Məsələdən xəbəri olmasından asılı olmayaraq bir çoxları olayın namus üzərində baş verdiyini iddia edir. Elə son baş verən hadisədə də bunu gördük. Belə ki, bir müddət öncə qətlə yetirilən Aytən Fərzəliyevanın da məhz bu səbəbdən öldürüldüyü haqda yazıldı.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bu hadisənin namus məsələsi ilə heç bir əlaqəsinin olmadığını deyir: “Aytənin bir “Instagram” səhifəsi vardı. Belə baxanda, indiki dövrdə hamının, hətta yaşlıların da “Instagram” səhifəsi var. “Instagram”da hansısa paylaşımın olması kiminsə əxlaqsız olması demək deyil. Aytən namus üstündə öldürülməyib. Aytənlə qardaşı arasında evlə bağlı ədavət vardı. O, qardaşından ana və bacısının qəbrinin yerinin göstərilməsini istəmişdi. Qardaşı isə onu aldadaraq ora aparıb öldürmüşdü. Mən isə dəfələrlə Aytənə deyirdim ki, gəl sənədləşmə məsələlərini yekunlaşdıraq, sonradan evlə bağlı iddianı qaldır. Çünki Aytən çox ağır və iztirablı yollardan keçmişdi. Onun anası və bacısı intihar etmişdi, biz 3 ay Aytəndən ana və bacısının ölüm xəbərini gizlətmişdik. Hər dəfə otağıma girərək onları yuxusunda gördüyünü deyirdi. Heç vaxt yadımdan çıxmaz, 3 aydan sonra o, ana və bacısının ölüm xəbərini aldıqda nə halda idi. O, çöldə yağışın altında uzanaraq deyirdi ki, dəyməyin mənə, ölmək, onların yanına getmək istəyirəm. Nəsə olar deyə, qorxduq, təcili yardım çağırdıq. O, atasına qarşı ifadə verən qız idi. O cəsur Aytənin 4 ildən sonra başı kəsildi. Kaş ki, onu burada saxlaya biləydim”.

“Sonuncu dəfə qardaşı haqda mənə danışanda deyirdi ki, onu tapıb. Amma gileylənirdi, deyirdi ki, mənə qarşı o qədər soyuqdur ki, heç elə bil qardaşım deyil. Məncə, o oğlan öyrədilmişdi”, - deyə o əlavə edib.

K.Ağazadə Aytənlə son yazışmalarından da söz açıb: “O, mənə yazanda dedi ki, istəyirəm Hüseynin sənədlərini düzəldim. Dedim ki, gəl, öncə sənin sənədlərinin düzəlməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edək. O, mənə gələcəyəm dedi, amma gəlmədi. Bu gün bizim əlimizdə Aytənin Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzindən verilən bir arayışı var. Bu arayış qəbiristanlıqdan yerin alınması üçündür. Bildirilir ki, şəxsiyyət vəsiqəsi təqdim olunduqda Aytənin ölüm kağızı veriləcək. Artıq biz ölüm kağızının alınması üçün sorğu hazırlamışıq. Bundan sonra isə Hüseynin doğum haqda sənədlərinin hazırlanması istiqamətində işlərimizi davam etdirəcəyik”.

O bildirir ki, nənəsi Hüseyni məhz buna görə sığınacağa gətirib: “O, nəvəsindən ötrü özünü öldürürdü. Çünki qadın təkbaşına bu sənədi düzəldə biməyəcək. Baxın, bu gün o qadın nənə olmağını da heç nə ilə sübut edə bilmir. Aytən bizə prokurorluq orqanları tərəfindən gətirilmişdi və bu bizə əsas verir ki, bu gün Hüseynin də sənədlərinin qaydaya salınması ilə bağlı müəyyən addımlar ataq”.

Birlik rəhbəri sığınacağa yerləşdirilən uşaqlarla bağlı paylaşımlarına olan münasibətdən də söz açıb: “Mənə çoxları deyir ki, belə uşaqlarla bağlı nəsə paylaşma. Bəs, mən nə edim? Bu mənim işimdir. Bu gün mənim əsas işim Hüseynlər, Uğurlardır. Belə uşaqlar təhlükə ilə üzləşməmələri üçün bu sığınacağa yerləşdiriliblər. Bir çoxları soruşur ki, Hüseyn niyə sizin sığınacaqdadır? Çünki öz qardaşı tərəfindən qətlə yetirilən, uşağın anası Aytən Fərzəliyeva ölümündən bir neçə gün öncə mənə yazaraq bildirmişdi ki, uşağın sənədlərini düzəltmək istəyir. Amma Aytənin öz sənədləri də yox idi. Sadəcə olaraq onun doğum haqda şəhadətnaməsinin sürəti bizdə qalmışdı. Bu sürət ona lazım oldu və mən onun bir üzünü də çıxardaraq Aytənə verdim”.

Əsas mövzular