09:19 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Azərbaycan manatı, arxiv şəkli

Yeni cərimələrin astanasındayıq: qiymətlərin artıb-artmayacağı müəmması var

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
98410

Ekspert: "Paralel olaraq müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır ki, şadlıq evlərinin, restoranların və kafelərin sahibləri çalışanları leqal müqavilə ilə işə götürməkdə maraqlı olsunlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Gələn il yanvarın 1-dən şadlıq evlərində işləyən insanları vergiyə dair sənəd olmadan işlədən sahibkarlar 6 min manata qədər cərimələnəcək. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bəs, bu sahədə cərimələrin tətbiq edilməsi şadlıq evləri, restoranlar, kafelərdə qiymətlərə təsir edə bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, cərimələrin tətbiq edilməsi şadlıq evlərində qiymətlərə təsir etməyəcək: "Hazırda bazarda ciddi rəqabət var, tələb nisbətən aşağı düşüb, son illər təklif isə artıb. O baxımdan bu addımın birbaşa olaraq qiymətlərə təsir göstərməsi imkanları məhduddur. Eyni zamanda, bu sektorda marja çox yüksəkdir. İndiki şərtlər daxilində mövcud bazarın vəziyyəti qiymətlərin artımını şərtləndirə bilməyəcək. Böyük ehtimalla sahibkarlar mənfəətin bir qismindən keçməli olacaqlar".

"Burada əsas məqsəd məhz leqallaşmanın təmin edilməsidir. Çünki bu sahədə fəaliyyət göstərənlər demək olar ki, əksər hallarda qeyri-rəsmi əmək münasibətlərinin predmeti olurlar. Bu addımın atılmasında məqsəd odur ki, prosesdə hər iki tərəf məsuliyyət daşısın və qarşı tərəf bunda maraqlı olsun. Bu da əməyin leqallaşması məqsədi daşıyır. İndiki şərtlər daxilində qiymətlərin artması mümkün olmayacaq", – deyə o qeyd edib.

Ekspert qısa və orta müddətli dövrdə şadlıq evlərində qiymət artımlarını gözləmir: "Amma gələcəkdə mərhələli şəkildə qeyd edilən məqamlar subyektlər üçün xərc yaradırlar. Və onlar da öz xidmətlərini təklif edərkən nisbətən qiymətləri artıracaqlar. Bu da son nəticədə ümumi xərcin həcminə təsir göstərməklə son istehlak qiymətlərinə təsir göstərəcək. Amma bu, uzun müddətli dövr üçün proqnozlaşdırıla bilər".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, bu addım anlaşılandır və ölkədə “qara” iqtisadiyyatın “ağardılması” prosesi gedir: "Qeydiyyatlı iş yerləri ilə bağlı məsələlər ciddi diqqət mərkəzindədir. Amma tək cərimələrlə bu problemin həll olunacağı bir az çətin görünür. Əslində paralel olaraq müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır ki, şadlıq evlərinin, restoranların və kafelərin sahibləri çalışanları leqal müqavilə ilə işə götürməkdə maraqlı olsunlar".

"Tutaq ki, iri obyektlərə nəzarət etmək müəyyən qədər mümkün olacaq. Amma ictimai iaşə sektorunda kifayət qədər geniş yayılmış gizli iş yerləri var. İqtisadiyyat Nazirliyinin bütün bu obyektlərə fiziki olaraq nəzarət etmək imkanları olmayacaq. Ona görə də mütləq cəza tədbirləri ilə yanaşı, güzəştlər də olmalıdır ki, sahibkarlar çalışanları leqal müqavilə ilə işə götürməkdə maraqlı olsunlar", – deyə o bildirib.

Onun fikrincə, bu addımdan sonra işəgötürən bütün məsuliyyəti, sənədləşmə işlərini çalışanların üzərinə atacaq, çalışanların yükü artacaq: "İşəgötürən vergi yükündən azad olsun deyə onlarla fərdi müqavilələr bağlanacaq və çalışanlar öz maaşından vergi verməyə məcbur olacaqlar. Ona görə də bu məsələlərdə cəza və stimullaşdırıcı tədbirlər olmalıdır".

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, yuxarıda sözügedən şəxsləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Sarı zolaq qadağası gəlir, əməl etməyənlər cərimə olunacaqlar>>

Onu da qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliyə görə, gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manata endiriləcək.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.

Dəyişikliklər Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Əsas mövzular