CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qalmaqallı qrafiti ilə bağlı meriyadan münasibət: "Dəyərlərimizə hörmət etməlidirlər"

© Sputnik / Kemale AliyevaХудожница из Швеции Каролина Фалкольт
Художница из Швеции Каролина Фалкольт - Sputnik Azərbaycan
Abunə olmaq
"İcazə o demək deyil ki, onlar bizim əxlaqımıza zidd olan dəyərləri Azərbaycanda rəsm vasitəsilə təbliğ etməlidirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Sosial şəbəkələrdə Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qrafitinin silinməsi ətrafında müzakirələrə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) münasibət bildirib.

Sputnik Azərbaycan-a BŞİH-dən bildiriblər ki, həmin qrafitinin originalının üzərinin mavi boya ilə silinməsinə sosial şəbəkələrdə edilən etiraz doğru deyil: "Azərbaycan multikultral ölkə olsa belə, öz milli dəyərləri, mental xüsusiyyətləri var. Gələn qonaqlar Azərbaycanın müsəlman ölkəsi olduğunu nəzərə almalı, biz başqa dinlərə, dəyərlərə necə tolerantıqsa, onlar da bizim dəyərlərə hörmətlə yanaşmalıdırlar. Ölkəmizə gələn xarici qonaqlar çox böyük hörmət və ehtiramla qarşılanır. Amma paytaxtda binalar mühafizə olunur, onların fasadları yenilənir. Odur ki, Bakıda binaların üzərinə müxtəlif şəkillərin çəkilməsinə icazə verilmir. Əgər festival çərçivəsində rəssamlara hansısa binanın üzərinə qrafiti çəkməyə icazə verilibsə, bu, o demək deyil ki, onlar bizim əxlaqımıza zidd olan dəyərləri Azərbaycanda rəsm vasitəsilə təbliğ etməlidirlər. Onda belə çıxır ki, Azərbaycana gələn qonaqlara öz təriqətlərini də təbliğ etməyə imkan verilməlidir. Bu düzgün yanaşma deyil. O ki qaldı bunun sənətə və sənətkarlığa qarşı hörmətsizlik kimi dəyərləndirilməsinə, bu fikir ilə qəti şəkildə razı deyilik. Bu gün Bakıda elə binalar var ki, orada qrafitilər çəkilib. Amma bizim rəssamlar bunu elə peşəkarlıqla ediblər ki, özümüz də, gələn qonaq da baxanda zövq qalır".

© Sputnik / Kemale Aliyeva Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qrafiti
Qalmaqallı qrafiti ilə bağlı meriyadan münasibət: Dəyərlərimizə hörmət etməlidirlər - Sputnik Azərbaycan
Bakıda gender bərabərliyinə aid art-festival çərçivəsində çəkilmiş qrafiti

Qeyd edək ki, sentyabrın 18-də yarıdağınıq kombinatın divarlarında "Qadın olmaq" şüarı ilə avanqard üslubda işləyən rəssamlar tərəfindən qrafitilər çəkilib. Festivaldan sonra isə yarıçılpaq qadın və kişi bədənin sintezi olan rəsm yarıya kimi boyanıb. Bəziləri bunu sənətə və sənətkara qarşı hörmətsizlik adlandırıblar.

Xatırladaq ki, "Qız Qalası. Qadın olmaq" ("MAIDEN TOWER. To Be a Woman") festivalı çərçivəsində Azərbaycanın tanınmış qrafiti ustaları Azər Məmmədli, Emil Məcnunov, İrina Eldarova, Aygün Həsənova ilə yanaşı, Onno Kervers (Hollandiya), Carolina Falkholt (İsveç), Salomea Bauer (Gürcüstan) kimi xarici rəssamlar da yer alıb. Silinmiş qrafiti isveçli qonaq Carolina Falkholta məxsusdur.

Məlumat üçün bildirək ki, Urban sənət layihəsi Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən İsveç səfirliyinin Bakıdakı nümayəndəliyi, Niderland Krallığının Bakıdakı nümayəndəliyi, Ecaz Art shop, Azeri-Design şirkəti və Bakı-Avropa Liseyinin tərəfdaşlığıyla təşkil olunub. Layihə kombinatın keçmiş həyatını xatırlamaq və festivaldan sonra orada qalacaq performans, multimedia sənəti, qrafiti və freskalar vasitəsilə yaradıcılıq ruhunu geri qaytarmaq məqsədi daşıyır. Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və festival ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir.

Xəbər lenti
0