İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Şəmkirli rəssam Lilpar Abbasova maraqlı bir yeniliyə imza atıb. O, əsərlərini tullantı sayılan yumurta qabıqlarından istifadə edərək ərsəyə gətirir. Onun əsas xammal mənbəyini isə şirniyyat sexləri təmin edir.
Rəssam Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində olduqca böyük səbr və incəlik tələb edən bu işin rəssamlıqda bir ilk olduğunu söyləyib: "Mən həmişə yenilik etməyə həvəsli olmuşam. Yumurta qabığı da onlardan biri oldu. Bu işə başlayan gündən internet üzərindən araşdırmalar aparmışam. İndiyədək incəsənətdə yumurta üzərində müəyyən işlər görənlər olsa da, ondan böyük tablolar hazırlamaq bir ilkdir".
Bu ideyanın isə təsadüf nəticəsində yarandığını deyib: "Yola çıxmalı idim. Tələsik yumurtaları soyuducuya qoymaq istəyirdim ki, biri döşəməyə düşüb sındı. Təmizləməyə vaxt olmadığından elə saxlayıb çıxdım. Bir neçə gündən sonra evə qayıtdıqda gördüm, çox bərk yapışıb. Təmizləmək istədim. Sildim, islatdım, yenə qopmadı. Başladım üzərində təcrübə aparmağa. Əvvəl karandaş vurdum, gördüm, qəşəng yazılır. Sonra boya vurdum, rəngi də şəffaf şəkildə götürdü. Daha sonra onu qoparıb boyalı şəkildə qoydum eyvana. İki aydan sonra baxdım ki, rənglər necə vurulub, elə də üzərindədir və başladım istifadə etməyə".
Rəssam bu cür əsərlərin bir neçə üsulla hazırlandığını deyir. Əvvəl tablo üzərində əsərin eskizi işlənir, sonradan yumurta qabığı lövhə üzərinə yapışdırılır. Quruduqdan sonra isə qabığın üzərinə lazımi boyalar və digər maddələr vurularaq rəsm halına salınır. Buna da təxminən 2 həftəyə qədər vaxt sərf olunur. O, həmçinin yumurta qabığından istifadə etməklə 3D formatında da rəsmlər çəkir.
L.Abbasovanın sözlərinə görə, bu cür rəsmlərə ölkəmizlə yanaşı, xaricdə də maraq böyükdür.
"Əsərlər rayonun Gənclər Mərkəzində nümayiş olunur. Dəfələrlə olub ki, buraya gələn xaricilər bəyəndikləri əsəri alaraq aparıblar. Çox vaxt onlar ikinci dəfə ölkəmizə gələrkən yenə alış məqsədilə buraya üz tutublar. İnsanlar zəif və zərif bir maddədən bu cür gözəl əsərlər yaranmasına çox maraq göstərirlər", - deyən L.Abbasova rəsmlərin 80-200 manat arası dəyərləndirildiyini bildirib.
Lilpar Abbasova rəssamlığın bu növünə həvəs göstərən yeniyetmələr üçün dərnəklər təşkil edərək onlara yumurta qabığından rəsmlər çəkməyin incəliklərini öyrədir. O, öyrətdiyi dərnək üzvlərilə birgə 1500-dən artıq əsər hazırladığını deyir.
O, ideya müəllifi olduğu bu üsulun məhz ona aid olmasını sübut edən patentlik və müəllif hüquqluğu əldə etmək niyyətindədir. Bütün rəssamlar kimi, o da əsərlərinin dünyada tanınmağını, şəxsi sərgilərinin keçirilməsini istəyir.