Məktəbə getmək ümidi ilə: Uşaqlar həyatdan zövq almalıdırlar

© Sputnik / Konstantin ChalabДевочка собирает рюкзак в школу, фото из архива
Девочка собирает рюкзак в школу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ana və üç uşağı adi məişət şəraiti olmayan, qazsız və susuz birotaqlı daxmada mərhəmətli insanların hesabına yaşayır. Uşaqlar payızda məktəbə getməlidirlər, amma onların zəruri məktəb ləvazimatları, paltar və ayaqqabıları yoxdur.

BAKI, 2 avqust — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu "Məktəbə getmək ümidi ilə" xeyriyyə layihəsini həyata keçirmək təşəbbüsünü irəli sürüb. Bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqlarını zəruri olan bütün məktəb ləvazimatları ilə təmin etmək planlaşdırılır.

Özünün 43 illik ömründə Şəfaqət İmranova bir neçə nəfərə yetəcək qədər kədərə qatlaşmaq məcburiyyətində qalıb.

O, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma Laçından didərgin düşüb, məcburi köçkün olub və bütün digər çətinliklərə qatlaşıb. Əgər yanında etibarlı biri varsa, belə şeyə dözmək daha asan olur. Lakin qadına inam təlqin etməli olan kişi əslində onun həyatının ən dəhşətli kabusuna çevrilib.

Toylarından bir müddət sonra həyat yoldaşı Şəfaqəti döyməyə başlayıb. Sistemli olaraq döyülmək qızları Aysu anadan olandan sonra da kəsilməyib. Ərindən ayrılmaq üçün edilən bütün cəhdlər daha pis rəftara rəvac verib. Əkizlər Ayxan və Aydanın dünyaya gəlməsi də ailə başçısını az da olsa sakitləşdirməyib.

O, arvadını uşaqlarının gözü qabağında döyməyə, ona müxtəlif travmalar və xəsarətlər yetirməyə davam edib. Bir dəfə əri Şəfaqəti başından yaralayıb – onun göz nahiyəsinə bıçaq zərbəsi endirib. Sonra sakitcə özü onu çıxarıb (bıçaq o qədər dərinə işləyib ki, qadın özü onu çıxara bilməyib) və gözləri qarşısında analarının qan itirdiyini görərək dəhşət içində olan uşaqların qışqırıqlarına və ağlamalarına əhəmiyyət vermədən, soyuqqanlı şəkildə evdən uzaqlaşıb.

14 illik cəhənnəmdən sonra Şəfaqət yenə də iradəsini toplayıb, uşaqları ilə birlikdə evdən getməyi və boşanmağı bacarıb. Qəribədir ki, aliment ödəmədiyi üçün altı ay həbs cəzası alan keçmiş əri azadlığa çıxan kimi Şəfaqətə içində onu bıçaqladığı bıçağın olduğu bağlama yollayıb.

Uzun illər davamlı olaraq döyülməyə məruz qaldığından sağlamlığını itirməsi qadına işləməyə imkan vermir. Bütün bunlarla yanaşı, keçmiş əri aliment ödəməkdən qətiyyətlə imtina edir, Şəfaqət və üç uşağı (15 yaşlı Aysu, 10 yaşlı Ayxan və Aydan) mərhəmətli insanların hesabına yaşayırlar. Ailə qazın, suyun, adi məişət şəraitinin – hamam və tualetin olmadığı birotaqlı daxmada yaşayır.

Payızda uşaqlar məktəbə getməlidirlər – Aysu 10-cu sinfə, əkizlər isə 4-cü. Bunun üçün onların bütün zəruri məktəb ləvazimatına, çantaya, eləcə də paltar və ayaqqabıya ehtiyacı var.

Ən əsası isə həyatları boyu şahidi olduqları ailədəki zorakılıqlardan sonra uşaqlara, xüsusilə də Ayxana təcrübəli psixoloqun köməyi lazımdır. Uşaqlara yaşadıqları kabusun təsiri altında qalmamağı, yenidən insanlara etibar etməyi və həyatdan zövq almağı öyrədəcək, onlara kömək edəcək bir mütəxəssisə ehtiyac var.

Xəbər lenti
0