15:17 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Gürcüstanın paytaxtı Tbilisdə valyuta mübadilə məntəqəsi, arxiv şəkli

Qonşuda bişər, bizə də düşər, yaxud qonşuda düşər, bizə ilişər

© Sputnik / Alexander Imedashvili
XƏBƏRLƏR
Qısa URL
1170 0 0

Ekspert: “İstənilən qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi həmin ölkədən Azərbaycana idxalın artmasına səbəb olur”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "Çox güman ki, Gürcüstan larisinin dəyərdən düşməsi həmin ölkədən Azərbaycana idxalın həcmini və sürətini artıracaq. Bu da dolayısı ilə yerli məhsullarla rəqabətdə Gürcüstan məhsullarının daha ucuz olmasına səbəb olacaq. Çünki larinin 17-18 faiz dəyərdən düşməsi Gürcüstandan gətirilən məhsulların da qiymətinə təsir edir".

İqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli larinin ucuzlaşmasının Azərbaycan-Gürcüstan ticarət əlaqələrinə təsirindən danışarkən Sputnik Azərbaycan-a deyib.

"Əsasən idxal ilə məşğul olan Azərbaycan iş adamları üçün daha sərfəli şərait yaranır ki, Gürcüstandan daha çox məhsul ölkəyə gətirsinlər. Çox güman bu ayın statistik göstəricilərində artımı rəsmi rəqəmlərdə hiss edəcəyik" – deyə o bildirib.

Onun sözlərinə görə, istənilən qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi həmin ölkədən Azərbaycana idxalın artmasına və dolayısı ilə ölkəmizdən həmin dövlətə valyuta axınının sürətlənməsinə səbəb olur: "Gürcüstan ilə idxal-ixrac balansımızda qeyri-neft sektoru Azərbaycan tərəfindən azlıq təşkil edir. Əsasən bu ölkəyə enerji daşıyıcıları ixrac edirik. Təbii qazın ən böyük alıcılarından biri Gürcüstandır. 

Gürcüstan larisinin ucuzlaşması Azərbaycanın ixracının həcminə ciddi təsir göstərməyəcək. Gürcüstandan Azərbaycana isə əsasən mineral sular, kənd təsərrüfatı məhsulları və şərab məhsulları gətirilir və bu məhsulların həcminin artması gözlənilir. Düşünürəm ki, yay mövsümündə azərbaycanlıların Gürcüstana turist səfərinin həcmi də artacaq. Çünki rusiyalı turistlərlə bağlı problemin hələlik həll edilməməsi Gürcüstanda otellərin qiymətinə ciddi təsir göstərib".

Larinin məzənnəsi ilə bağlı ekspert deyib ki, Gürcüstan milli valyutasının durumu Rusiya ilə münasibətlərin tənzimlənməsindən asılı olacaq: "Çünki Rusiyanın kifayət qədər ciddi təsiri var. Həm turist axınında, həm də Gürcüstan ixracatında Rusiya önəmli rol oynayır. Gürcüstanın şərabçılıq məhsullarının və spirtli içkilərin təxminən 70 faizi Rusiyaya ixrac edilir. Bu ixracın axsaması, dayanması ilə bağlı narahatlıqlar var. Turist axınında da ciddi axsamalar başlayıb. Bütün bunlar lariyə çox ciddi təsir göstərəcək".

Ekspertin fikrincə, Rusiya ilə münasibətlərin müəyyən qədər sabitləşməsi və ikitərəfli siyasi barışıq bəyanatlarının olması larinin məzənnəsinin stabilləşməsinə dəstək ola bilər: "Amma larinin məzənnəsinin əvvəlki vəziyyətə qayıtması ehtimalı çox aşağıdır. Çünki Gürcüstanda bəzi iqtisadi sektorlar larinin ucuzlaşmasında maraqlıdır. Lari ucuzlaşdıqca ixracatın potensialını, eyni zamanda digər ölkələrdən turistlərin gəlməsi ehtimalını da artırır. Hər hansı bir ölkənin milli valyutasının dəyərdən düşməsi həmin ölkəyə turist axınını cəlbedici edir və turistlərin daha çox gəlməsinə səbəb olur. Bunun ən böyük örnəyi keçən ilin avqust ayında Türkiyədə olub. Belə ki, Türkiyənin milli valyutası birdən-birə 25 faizdən çox dəyərdən düşdü və həmin ay Türkiyə tarixində ən çox turist gələn ay oldu. 1 ayda turist axını 18 faiz artdı".

"Milli valyutaların dəyərdən düşməsinin belə bir effekti də var. Ona görə də larinin məzənnəsinin əvvəlki vəziyyətə qayıtması ehtimalı çox aşağıdır. Amma Rusiya ilə münasibətlərin inkişaf etməsi larinin məzənnəsini sabitləşdirə bilər" – deyə o əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə öz "Facebook" səhifəsində yazıb ki, Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır: "Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginlik artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur".

O bildirib ki, Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsulları göndərdiyimiz 4-cü ölkədir: "Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır".

Qeyd edək ki, Gürcüstan Milli Bankının sədr müavini Arçil Mestvirişvili valyuta bazarında yaranmış vəziyyəti şərh edib: "Milli valyuta üzən məzənnə rejimindədir. Kursa bir neçə daxili və xarici amillər, o cümlədən mənfi gözləntilər təsir edir. İqtisadi sanksiyaların elan edilməsi imkanı, rusiyalı turistlərin axınının kəskin azalması haqqında məlumatlar və s. larinin məzənnəsində əksini tapıb və son üç həftə ərzində xeyli dəyişib. İlkin hesablamalara görə, turizm gəlirləri artacaq və bu, milli valyutanın məzənnəsinə Rusiya amilinin mənfi təsirini azaltmağa imkan verəcək”.

Əsas mövzular