19:14 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Qayda pozuntusunu qeydə alan kameralar, arxiv şəkli

Sürücülərin cərimələnməsi yenidən ajiotaja səbəb oldu - Kim haqlıdır?

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
165 0 0

Düşünmürlər ki, avtomobili qanunsuz park etməklə ictimai nəqliyyatdan istifadə edənlərin tıxacda qalmalarına səbəb olurlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) dayanma-durma qaydalarını pozan sürücüləri cərimələməsi yenidən ictimaiyyətdə ajiotaj yaradıb. Sputnik Azərbaycan bildirir ki, sürücülər sosial şəbəkələrdə cərimələrlə bağlı mesajları paylaşaraq dayanma-durma qaydalarına qarşı cəza mexanizminin sərt şəkildə tətbiqindən narazılıqlarını ifadə edirlər.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) iyun ayının sonundan nəqliyyat vasitələri sahiblərinə bununla bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıqda bildirilir ki, dayanma, durma və parklanma qaydalarına riayət olunmasının təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir: "Gündəlik olaraq paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Proses həm xüsusi proqram təminatı olan planşetlərlə təmin olunmuş əməkdaşlar, həm də qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə icra edilir. Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildiririk ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq".

Bəllidir ki, BNA artıq dayanma-durma qaydalarını pozan sürücülərə qarşı hərəkətə keçib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dayanma-durma qaydalarını pozanların cərimələnməsinə qeyri-obyektiv yanaşma təəssüf doğurur. M.Ağayev deyir ki, xüsusilə ictimaiyyətdə nüfuzu olan, ziyalı insanların dayanma-durma qaydalarını pozanları dəstəkləməsi arzuolunan hal deyil:

"Cəmiyyətimizdə elə şəxslər var ki, onların hərəkəti digərlərinə nümunə olmalıdır. Amma bəzən onlar da dayanma-durma qaydasını pozurlar və bu əməllərinə haqq qazandırmağa çalışırlar. Bir qrup şəxs isə onları müdafiə edir. Düşünmürlər ki, avtomobili qanunsuz park etməklə ictimai nəqliyyatdan istifadə edənlərin tıxacda qalmalarına səbəb olurlar".

M.Ağayev bildirib ki, bəzən sürücülər paytaxtın müxtəlif ərazilərində avtomobil saxlamaq üçün dayanacaqların olmamasını əsas gətirlər. Amma kamera görüntülərindən aydın olur ki, sürücülər əksər hallarda yaxınlıqda avtodayanacaq olduğu halda da, öz rahatlıqları üçün avtomobili dayanma-durma qadağan olduğu yerdə saxlayırlar: "Məsələn, C.Cabbarlı küçəsində parklanma yerləri var. Amma sürücülər dayanma-durma qaydalarını pozaraq küçələrin kənarında saxlayaraq digər hərəkət iştirakçılarının, ictimai nəqliyyatdan istifadə edənlərin tıxacda qalmasına səbəb olurlar.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə sürücülərin dayanma-durma qaydalarına əməl etmələrinin vacib olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, avtodayanacaqların olduğu ərazilərdə sürücülərin avtomobili qanunsuz park etməsi yolverilməzdir. Amma ekspert bəzi yerlərdə avtoparkların olmamasının, tutumunun az olmasının, hətta qiymətinin baha olmasının da qanunsuz parklanmaya yol açdığını söyləyir: "Bu gün paytaxtın elə əraziləri var ki, orada avtomobil park etmək üçün dayanacaqlar yoxdur. Götürək elə "ASAN xidmət" mərkəzlərini. "ASAN xidmət" mərkəzləri vətəndaşların ən çox müraciət etdiyi qurumdur. Bu gün həmin mərkəzlərin yaxınlığında avtomobillərin saxlanılması üçün dayanacaqlar yoxdur. Bəzi yerlərdə isə dayanacaqların tutumu azdır. Bu gün avtodayanacaqların qiymət məsələsi də sürücülərin cibinə uyğun deyil. Elə dayanacaqlar var ki, 1 saat parklanma qiyməti 2 manatdır. Mənim fikrimcə, problemin həlli kompleks yanaşma tələb edir. Bu gün paytaxtda sıxlığın qarşısını almağa yönəlik tədbirlər həyata keçirilməlidir. Ali təhsil ocaqlarının, bir sıra dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi öz həllini taparsa, bu problem də tədricən həllini tapar".

Teqlər:
Bakı, parklama, avtomobil

Əsas mövzular