BAKI, 17 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında bu gün saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib".
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.
Xatırladaq ki, Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə ərazisində gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də səhər saatlarında isə sürüşmə baş verib. Proses günbəgün daha təhlükəli məcraya doğru gedir.