Paytaxtda səki probleminin həlli üçün addım atılır

Abunə olmaq
Nizami rayonunda isə hələki, Qara Qarayev prospektində analoji işlər aparılıb

BAKI, 21 avqust — Sputnik. Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər, aşkar edilən çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycana verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad ismayılov bildirib ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bu baxımdan piyada mühitinin yaxşılaşdırılmasının ən vacib elementlərindən biri də piyada səkiləridir.

Şöbə müdiri bildirib ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib. Nizami rayonunda isə hələki, Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə etdiyimiz nəticələr isə təbii ki, vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da şəhərimizdə piyada mühitinin inkişafına mane olmaqla yanaşı, piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə riski artır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılmaqdadır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonu Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülməkdədir.

Səkilərlə yanaşı eyni vəziyyət avtobus dayanacaq məntəqələri ilə bağlı da müşahidə edilir. Əksər küçələrdə sərnişinlər dayanacaq məntəqəsinin ərazisinə daxil olmaq üçün məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsın, bu da sərnişinlərin təhlükəsizliyi baxımından ciddi problemdir.

Qeyd edildiyi kimi, çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başlanılıb və məqsədimiz zəbt olunmuş səkilərin piyadalara qaytarılması, eləcə də bunun mövcud olmadığı yerlərdə yeni, standarta uyğun səkilərin yaradılmasıdır. Agentlik aiddiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində göstərilən problemlərin aradan qaldırılmasına çalışır. Bir daha vurğulamaq istərdik ki, Bakı şəhərində piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün zəruri olan bütün tədbirlər görüləcək. Bu dövlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən mühüm tapşırıqlarından biridir və bütün aidiyyəti qurumları bu istiqamətdə əməkdaşlığa dəvət edirik. Mövcud problemlərin səmərəli həllinə nail olmaq üçün koordinasiyalı işin qurulması vacib amildir.

Xəbər lenti
0