17:37 25 Fevral 2018
Canlı yayım
Kivi

Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!

CC0 / MarcoCentenaro80 / kivi
XƏBƏRLƏR
Qısa URL
265731

Türkiyəli mütəxəssis bahar aylarında müşahidə olunan halsızlığı meteoroloji təsirlə izah edib.

BAKI, 7 may – Sputnik. Bahar fəsli təbiətin oyanışı ilə əlaqədar insanın özünü daha yaxşı hiss etdiyi bir dövr hesab edilsə də bu aylarda halsızlıq və yorğunluq daha çox müşahidə olunur. Bu zaman metabolizm və hormonlarda dəyişiklik baş verir. 

Sputnik azadqadin.az-a istinadən bildirir ki, bu dəyişiklik adətən halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşahidə olunur. Halsızlıq və yorğunluq təbii olaraq yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı da insanın özünü yorğun hiss etməsinə səbəb olur. Orqanizmi ehtiyacı olduğu vitamin və minerallarla təmin etdikdə insan özünü həm fiziki, həm də ruhən daha yaxşı hiss edir. Yorğunluq hissindən başqa, iştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər özünü göstərir. Türkiyəli diyetoloq Oya Yüksək baharı gümrah keçirmək üçün mütəmadi olaraq istifadə etməli olduğumuz qidaların siyahısını açıqlayıb.

Baharı enerjili keçirməyə kömək edən 10 qidanın siyahısını təqdim edirik.

Türkiyəli mütəxəssis bahar aylarında müşahidə olunan halsızlığı meteoroloji təsirlə izah edib. Onun fikrincə, fəsil keçidləri əvvəlcə hormonal sistemə təsir edir: "Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlaşması vaxt tələb edir. Bu vəziyyət ətraf mühitə uyğunlaşmağı çətinləşdirir və yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazandığımız artıq çəki baharda aktiv həyat tərzinə adaptasiya olmaqda çətinlik yaradır. Çirkli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir”.

1. Kivi

Kivi C vitamini baxımından zəngin meyvədir. Səhərlər və ya gün ərzində bir ədəd kivi yemək metabolizmin fəaliyyətini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.

2. Yerkökü

Vitamin və minerallarla zəngin olan bu tərəvəzi "qızıl mədəninə” bənzədirlər. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə həll edə bilərsiniz.

3. Armud

Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyirsinzisə, gündə bir ədəd armud yeyin.

4. Cəfəri

Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə istifadə etmək immun sistemini gücləndirir. İmmun sisteminin güclü olması bahar yorğunluğundan daha asan xilas olmaq deməkdir. Üstəlik, cəfəri ödəm problemini də effektli şəkildə yox edir. Cəfərinin istər suyunu içə, istərsə də salatlara əlavə edə bilərsiniz.

5. Qoz

Fındıq, badam və qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə  sərbəst radikalların təsirini azaldır. İmmun sistemini gücləndirib yorğunluğu aradan qaldıran bu vitamin saç və dəri baxımı üçün də ən effektli vasitədir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yeyin.

6. Qatıq

Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hiss verir. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yeyin.

7. Qırmızı ət

Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluq şikayətlərini artırır. Yaz aylarını gümrah keçirmək istəyirsinizsə, həftədə 3 dəfə ət yeməklərinə yer verin.

8. Yulaf əzməsi

Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yeyin.

9. İspanaq

İspanaq tərkibindəki dəmir duzları və B qrupu vitaminləri sayəsində qan azlığını aradan qaldırır, həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Bütün bunlar sayəsində bədən müqaviməti artır. İspanaq həftədə ən az 3 dəfə az bişirilmiş şəkildə  yeyilməlidir.

10. Yaşıl çay

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsan ömrünü uzatdığı deyilən yaşıl çay güclü antioksidant xüsusiyyətlərinə malikdir.  Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, dolayısı ilə yorğunluğu aradan qalxır.

Əsas mövzular