14:28 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
224111

Qazaxıstan Prezidenti müvafiq qanunu təsdiqləyib. Dünyada uşaq manyaklarının bu üsulla cəzalandırılmasına münasibət birmənalı deyil. Bunu effektiv mübarizə vasitəsi hesab edən ölkələrlə yanaşı, bəzi hüquq-müdafiə təşkilatları etiraz edir.

BAKI, 21 apr — Sputnik. Bundan sonra Qazaxıstanda pedofillərin məcburi kimyəvi axtalanması qanuni normalarla tənzimlənəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Pedofillərin məcburi kimyəvi axtalanması" haqqında qanunu imzalayıb.

Sputnik-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan qanunvericiliyində yer alan maddələrdən birinə görə, azyaşlıları zorlayan şəxslərə qarşı kimyəvi axtalanma məcburi tibbi xarakter daşıyacaq. Bu qanunla əlaqədar olaraq Evlilik, Ailə və Nikah Məcəlləsində də dəyişikliklər nəzərdə tutulur.

Bu dəyişikliklərə əsasən, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı Respublika Məlumat Bankı da yaradılacaq. Bu sistem dövlət orqanlarının uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarla, mərkəzi və yerli orqanlarla, həmçinin Qazaxıstan Respublikasının xaricdəki müəssisələri ilə informasiya mübadiləsini qarşılıqlı olaraq təmin edəcək. Bununla yanaşı, uşaq evlərində tərbiyə olunan uşaqlar üçün ailə mühitinin yaradılması məqsədilə tətil, istirahət və bayram günlərində onların ailələrdə qonaq edilməsinə dair yeni formaların əks olunduğu sənəd də təsdiq olunub.

Cinayətkarın orqanizminə xüsusi kimyəvi məhlul yeridilir

Qeyd edək ki, axtalanma ilə bağlı analoji qanun layihəsi xeyli əvvəl Rusiya Dövlət Dumasına da çıxarılıb. İxtisasca həkim olan deputat Anton Belyakov tərəfindən hazırlanan qanun layihəsində, uşaqlara qarşı cinsi təcavüzə görə məhkum olunan cinayətkarların həbs müddətinin başa çatmasına il yarım qalmış axtalanaraq azadlığa buraxılması əksini tapıb.

"Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, kimyəvi axtalanma məcburi tibbi tədbir olacaq", —deyə deputat bildirib.

O bu tibbi tədbirin detallarını da açıqlayıb: "Həbsdə olan cinayətkarın orqanizminə xüsusi kimyəvi məhlul yeridilir. Bu maddə kişi cinsi hormonu olan testosteronun hərəkətini məhdudlaşdırır. Bu isə cinsi istəyi yox edir. İynə müəyyən müddət ərzində ayda bir dəfə vurulacaq. Bu üsul cərrahiyyə yolu ilə xədim etmək deyil".

Deputat Rusiyada uşaqlara qarşı cinsi təcavüz faktlarının artma tempindən narahat olduğunu bildirib. Onun təqdim etdiyi statistikaya görə, son dörd ildə pedofiliya ilə bağlı cinayət hadisələri 25 dəfə artıb.

Onu da əlavə edək ki, bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev də parlamentin iclasında belə bir təşəbbüslə çıxış edib.

Dünya pedofillərə qarşı necə mübarizə aparır?

Dünyanın bir sıra ölkələrində seksual cinayətlərə görə kimyəvi və ya cərrahi yolla axtalanma təcrübəsi artıq var. Bu təcrübəni dəstəkləyənlərin fikrincə, axtalanma yoluyla cinayətkarların yenidən eyni cinayəti törətməsinin qarşısı alınır, yəni cəmiyyət seksual cinayətlərdən qorunur.

Kimyəvi axtalanma, dərmanlar vasitəsilə bəzi hormonların səviyəsinin aşağı salınması, yəni cinsi həvəsinin və imkanların öldürülməsidir. Bu dərmanlarla yanaşı, seksual cinayətlərə meylli olanların fantaziyalarını cilovlamaq üçün anti-depressant dərmanlar da verilir.

Pedofiliyada ittiham olunanlara qarşı ABŞ-ın bir sıra ştatlarında, Moldova, Polşa, Rusiya, və Cənubi Koreyada məcburi kimyəvi axtalanma tətbiq edilir. Bir çox ölkələrdə isə bu metod cəzalılara könüllülük əsasında təklif olunur.

Kimyəvi axtalanma birdəfəlik deyil. İllik müalicə, təxminən adambaşına 4500 dollara başa gəlir.

"Axtalanma könüllülük əsasında olmalıdır"

İslandiyalı psixiatr Petur Haukssonun sözlərinə görə, kimyəvi axtalanma seksual cinayətlərdə ittiham olunanların həbsinin əvəzində alternativ kimi ən təsirli yollardan biridir. Danimarkada bu yolla axtalanan müttəhimləri çox ciddi nəzarət altında saxlayırlar. Əgər vaxtında müalicəyə gəlməsələr, polis onları həbs edir. Danimarkada bu sistem həkim-məhbus-polis əməkdaşlığı əsasında qurulub və çox səmərəli işləyir.

Amnesty İnternational təşkilatının Britaniyadakı qanunvericilik üzrə müşaviri Maggie Maloney isə bu barədə deyib ki, onların təşkilatı axtalanmanın əleyhinə deyil, amma bunun cəza növü kimi tətbiqinə deyil, könüllülük əsasında olmasına tərəfdardır. Maloney hesab edir ki, müttəhimlərə bu müalicənin nəticələri haqqında əvvəlcədən ətraflı məlumat verilməlidir. Çünki kimyəvi axtalanma dərmanlar dayandırılanda qüvvəsini itirsə də, onun yan effektləri qalır.

"Bu yol səmərəli deyil"

Bəzi ölkələrdə təkcə kimyəvi yox, fiziki axtalanma da cəza növü kimi tətbiq olunur. Yəni əməliyyat yoluyla kişinin tostesteron vəziləri tam alınır. Avropa Birliyində bu qayda Almaniyada və Çexiyada tətbiq edilir.

Bu qaydanın tətbiqinə görə, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi dəfələrlə həmin ölkələri tənqid edib. Çexiyanın bu işlə məşğul olan Bohniçe klinikası hələ 2009-cu ildə bəyan etmişdi ki, son 10 ildə bu cür axtalanan 100-ə yaxın adamdan heç biri bu cinayəti yenidən törətməyib.

Psixiatr Petur Hauksson bu yolu səmərəli hesab etmir. Onun fikrincə, bu elə də effektiv yol deyil. Çünki axtalanan adam süni tostesteronenin köməyilə yenidən normal funksiyalarını bərpa edə bilər. Hauksonun qənaətinə görə, məhkumlar sadəcə daha tez azadlığa çıxacaqlarını düşünərək bu yola razılıq verirlər. Bu isə onların islah olunması anlamına gəlmir.

Əlaqədar

Rasim Əliyevin qatillərinə 54 il 6 ay cəza
Edam cəzası yenidən bərpa olunacaq
Şeirə görə cəza kəsilib
Korrupsioner hakimlər cəzalandırılıb
Prezident: Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılacaqlar
Teqlər:
pedofil, Nursultan Nazarbayev, cinayət, qanun, cəza, həbs

Əsas mövzular