06:53 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8101

ADİU-nun 85 illik yubileyində rektor deyib ki, hədəfləri 5 il sonra Top-1000 universitetlər sırasına yüksəlməkdir.

BAKI, 24 dek-Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Sputnik-in məlumatına görə, tədbir iştirakçıları öncə UNEC-in tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar.

Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə universitetə gəlişi zamanı "Fəxr edirəm ki, bizim ali təhsilimiz var" fikri ilə çıxışına başlayan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, universitetin 85 illik şərəfli yolunda iqtisad elminə mühüm töhfələr verən və xidmətlər göstərən qocaman professorlarımızın böyük əməyi var.

Müəllim potensialının artırılmasının universitetin strateji hədəfi olduğunu deyən rektor, bu potensialın təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Rektor, həmçinin son iki ildə universitetdə əmək haqqının 3 mərhələdə artırılması və hazırda pedaqoji heyətin orta əməkhaqqı göstəricisinin ali təhsil müəssisələri arasında ən yüksək olduğunu söyləyib. Qeyd edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların maaşlarının da artırılması istiqamətində işlər gedir.

Universitetdə görülən işlərdən danışan rektor bildirib ki, UNEC müəllimlərinin ekspert qismində də fəaliyyət göstərməsinə təkan vermək üçün "UNEC ekspert" jurnalı təsis edilib. Növbəti ilin birinci rübündə jurnal işıq üzü görəcək.

"Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifəni — Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsini icra etmək üçün bütün gücümüzü səfərbər edəcəyik" deyən rektor, əlavə edib ki, UNEC-in 90 illik yubileyində "QS" reytinqində Top-1000 universitetlər sırasına yüksəlməyə çalışacağıq.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında ali təhsilin inkişafına özünəməxsus töhfələr verən İqtisad Universitetinin ölkənin sosial-iqtisadi problemlərinin həlli sahəsində əhəmiyyətli rolu olduğunu bildirib. Nazir qeyd edib ki, qarşılaşdığımız iqtisadi çətinliklər şəraitində Azərbaycan iqtisadiyyatına bilikli, kreativ düşüncəli və qoloballaşan dünyada biznes mühitini yaxşı bilən peşəkarlar lazımdır.

"Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək məhsul yaradan insan resursları müəyyən edir. İqtisad Universitetinin belə kadrlar hazırlamaq üçün gördüyü işlər təqdirəlayiqdir. İnanıram ki, 85 yaşlı İqtisad Universitetinin əsas amalı ali təhsilin beynəlxalq standartlara uyğunlaşmasıdır" — deyə nazir bildirib.

M.Cabbarov deyib ki, bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobal prosesdir. Eyni zamanda, təhsildə elmi potensialın qorunub saxlanılması və eləcə də gənc elmi pedaqoji kadrların hazırlanması ön öndə duran məsələlərdən biridir: "Bu baxımdan UNEC-də həyata keçirilən "Gənc müəllimlər" layihəsi bizi çox sevindirir. 121 gənc müəllim işə qəbul edilib ki, onların da əksəriyyəti Avropa, ABŞ, Kanada kimi ölkələrin nüfuzlu universitetlərinin məzunlarıdır. Bu proses davam etdirilməli və digər ali təhsil müəssisələrini də əhatə etməlidir. İnanıram ki, xaricdə təhsil alan gənc mütəxəssislərin elmi pedaqoji fəaliyyətə cəlb edilməsi, təhsildəki problemlərin həllinə əsaslı surətdə kömək edəcək".

Azərbaycan Dövlət İqtisad Universitetinin əsasını qoyan və inkişafında xidməti olanları ehtiramla yad edən M.Cabbarov müstəqil Azərbaycanın davamlı inkişafı naminə kollektivin gənc iqtisadçı kadrların yetişdirilməsi istiqamətində bundan sonra da uğurla çalışacaqlarına ümidvar olduğunu bildirib.

M.Cabbarov çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Mən bütün təhsil ictimaiyyəti adından cənab Prezidenti təbrik edirəm. Hesab edirəm ki, bizim ölkə başçısı üçün edə biləcəyimiz ən böyük töhvə öz işimizə vicdan və peşəkarlıqla yanaşmağımızdır".

UNEC-in 85 illik yubileyi münasibəti ilə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin bir qrup əməkdaşı "Qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanla təltif edilib.

Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan Kıdıralı yubiley münasibəti ilə UNEC-in professor-müəllim heyətini təbrik edib. Bu günlərdə UNEC-də təsis edilən Türk Dünyası İqtisadçılar Birliyinin əhəmiyyətindən söz açan D.Kıdıralı bildirib ki, türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhfələr verəcək.

UNEC-in Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov universitetin kecdiyi 85 illik tarixi yola nəzər salıb.

Sonra UNEC-də yeni yaradılan diskurs.az — virtual iqtisadi forumun təqdimatı keçirilib. Tədbirdə universitetin tarixini əks etdirən "UNEC-85 fakt" filmi nümayiş etdirilib. Yubiley tədbiri UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifası ilə davam edib.

Əlaqədar

Universitetlərdə tələbələrə yeni fənlər tədris ediləcək
Dörd universitet rektoru dəyişəcək
Bizim universitetlərin dünya reytinqinə düşməsi mümkündürmü?

Əsas mövzular