12:13 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
3510

Ekspert: tikintilərlə bağlı əsas problemlərdən biri də budur ki, binalar arasında məsafə azdır. Biz seysmik ərazidə yerləşirik. Bir zəlzələ baş versə, binalar bir-birinə çırpılacaq.

BAKI, 13 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Twitter səhifəsində Ümumdünya Təmiz Hava Günü münasibətilə paylaşımında bildirib ki, dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. O bildirib ki, qətiyyətli addım atılmazsa, bu rəqəm 2050-ci ildə ikiqat arta bilər.  

Azərbaycanda vəziyyət necədir və son illərdə hansı işlər görülüb? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlər və bu sahədə irəliləyişlər göz qabağındadır. O deyir ki, Bakıda tullantıların idarə edilməsi təkmilləşdirilib, müasir zibil emalı və çeşidlənmə zavodları tikilib, Balaxanı poliqonu beynəlxalq standartlara uyğun yenidən qurulub, təkrar emal müəssisələri yaradılıb:

"Bu ildən nazik polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların dövriyyəsi qadağan edilib. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2020-2022-ci illər üçün təsdiq edilən tədbirlər planına uyğun çoxsaylı tədbirlər görülür".

Şöbə müdiri deyir ki, atmosfer havasının mühafizəsi istiqamətində qabaqcıl texnologiyaların tətbiqi öz töhfəsini verir. Yaradılan yeni istehsal müəssisələrində təbiətə dost texnologiyalar tətbiq edilir:

"Ekoloji tələblərə cavab verməyən müəssisələr bağlanır və ya modernləşdirilir. Bir sıra iri sənaye obyektləri şəhərdən kənara köçürülüb. Bütün bunlar sənayenin atmosfer havasına mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaldıb. Hazırda atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi avtonəqliyyat vasitələridir".

Bu mənfi təsirlərin azaldılması ilə bağlı elektromobillərin idxalı ƏDV-dən azad edilib, bir sıra digər vergi və gömrük güzəştləri tətbiq olunur:

"Könhə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması, ölkənin avtomobil parkının yenilənməsi məqsədilə utilizasiya proqramı hazırlanır. Hava keyfiyyətinin monitorinqi modernləşdirilir, son bir ildə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində avtomat hidroloji stansiyalar, kompleks avtomat dəniz stansiyaları quraşdırılaraq istifadəyə verilib, təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə 2 ədəd son nəsil "Dopler" meteoroloji radarları quraşdırılıb".

Enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində tədbirlər görüldüyünü söyləyən nazirlik rəsmisi deyir ki, neft sənayesinin fəaliyyəti nəticəsində çirklənmiş bir sıra ərazilərin, göllərin bərpası, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması istiqamətində işlər aparılır:

"Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı tədbirləri özündə əks etdirən bir sıra strateji sənədlər qəbul edilib. Bu ilin fevralında təsdiq olunan ”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində iqtisadiyyatı yüksək templərlə artmaqda olan ölkədə qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin və “yaşıl artım”ın təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub".

Nazirlikdən o da bildirilib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıq massivlərinin genişləndirilməsi, meşələrin artırılması və ölkədə ağac əkilməsi ənənəsinin təşviqi məqsədilə 2020-ci ilin yaz və payız ağacəkmə mövsümlərində ETSN-in, rayon icra hakimiyyətlərinin, dövlət və özəl təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə  1 milyon 43 min 200 ədəd iqlimə və relyefə uyğun müxtəlif cinsli ağac əkilib:

"Eyni zamanda, il ərzində yerli icra hakimiyyətlərinə və digər təşkilatlara 342 min 461 ədəd müxtəlif cinsli ağac tingi paylanılıb".

Ekoloq Xosrov Musayev Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumu şərh edib. O bildirib ki, havanın çirklənməsi bütün dünyanın qlobal problemidir. Hansısa ölkədə atmosferin çirklənməsi digər ölkələrə də təsirsiz ötüşmür:

"Bunun qarşısını almaq üçün vahid ekosiyasət, vahid qərar olmalıdır. Son illərdə köhnə avtmobillərin Azərbaycana gətirilməsi qadağan olunub. Bu da atılan müsbət addımlardan biridir. Lakin çatışmazlıqlar da var".

Ekspertin sözlərinə görə, havanın təmiz olmasında meşələrin böyük rolu olsa da, Azərbaycanda meşə sahələri azalıb:

"Təmiz hava kütləsinin yaranmasında meşələrin böyük rolu var. Lakin qeyd edim ki, əsas narahatedici problemlərdən biri ölkədə meşələrin sayının az olması ilə bağlıdır. Vaxtilə meşələr 25-30 faiz idisə, hazırda bu rəqəm 11.4 faizdir. Hər il nə qədər ağac əksək də hələlik ki, bu rəqəm azdır. Meşə ehtiyatlarını artırmalıyıq".

O bildirir ki, Bakı, Gəncə və Sumqayıtda hava digər rayon və şəhərlərdən fərqlidir:

"Bakı meqapolisdir, burada əhali ilə yanaşı avtomobillərin də sayı çoxdur. Təsəvvür edin ki, ölkə üzrə avtomobillərin təxminən yarısı Bakının payına düşür. Atmosferin də çirklənməsinin 60 faizi avtomobillərdən atılan zəhərli tullantılarla əlaqədardır. Son dövrlər hibrid avtomobillərin ölkəyə gətirilməsinin müşahidə olunması müsbət tendensiyadır. Tramvay, troleybus, velosipedə üstünlük verməklə də, ətraf mühitə müsbət töhfə vermək olar. Avropa ölkələrində şəxsi avtomobillərdən geniş istifadə olunmur".

Ekspert tikintilərin də atmosferə mənfi təsirindən söz açıb:

"Bakı şəhəri həddindən artıq yüklənib. Süxurlar üzərində tikilən binalarda hansısa problemlər olmayacaq. Amma belə başa düşürəm ki, bu tikintilər müəyyən mənada nə zamansa şəhərin çökməsinə səbəb olacaq. Bu səbəbdən bir dəfə təklif etmişdim ki, Bakıdakı universitetlər regionlara köçürülsün. Kənd Təsəsrrüfatı Nazirliyinin də regionların birinə köçürülməsini təklif etmişdim. Tikintilərlə bağlı əsas problemlərdən biri də budur ki, binalar arasında məsafə azdır. Biz seysmik ərazidə yerləşirik. Bir zəlzələ baş versə, binalar bir-birinə çırpılacaq".

Ekspertn sözlərinə görə, Azərbaycanda əhalinin 40 faizi sağlam zonada yaşayır. O məişət tullantıları ilə bağlı vəziyyətdən də söz açıb:

"Məişət tullantılarının idarə olunması ilə bağlı yeniliklərin olmasının tərəfdarıyam. Yaxşı olardı ki, Balaxanıdakı zibil emalı zavodundan regionlarda da tikilsin. Xaricdə zibillər çeşidlənir, bizdə isə əksər ərazilərdə zibillər qarışıq yığılır. Hətta bəzi yerlərdə zibil qutuları da yoxdur. Əhalinin sıx olduğu ərazilərdə 50 metrdən bir zibil qutusu olmalıdır".

Dünya ölkələrinin təcrübəsindən bəhs edən ekspert deyir ki, İsveçrə kimi ölkələr zibili xaricdən pulla alır:

"Çünki tullantı xammal olaraq ucuz başa gəlir. Hazırlanan materiallardan binaların özünün qızdırılmasında da istifadə olunur".

O, havanın təmizliyinin qorunması üçün alternativ enerji mənbələrinin də müstəsna rola malik olmduğunu söyləyib:

"Bu enerji mənbələrinin ətraf mühitə heç bir təhlükəsi yoxdur. Bir Günəş batereyasının istismar müddəti 15 ildir. Elə ölkələr var ki, orada alternativ enerji ümumi enerjinin 50 faizini, Azərbaycanda isə 15 faizini təşkil edir".
Teqlər:
hava

Əsas mövzular