10:49 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
2583 0 0

Millət vəkili Azər Badamov əlçatanlığın azaldılması üçün enerji içkiləri ilə əlaqədar vergi və qiymətlərin artırılmasının tərəfdarı olduğunu bildirib.

BAKI, 5 sentyabr — Sputnik. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.

“AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PITBULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Bununla yanaşı, “PITBULL” alkoqolsuz içkisinin qablaşdırılmasında "Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Təhlükəli hesab edilən bu içkilərə əlçatanlığı necə azalda bilərik və bazardakı son durum necədir?

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti şərh edib. E.Hüseynov son zamanlar atılan bəzi müsbət addımlardan da söz açıb:

"İstehsalçılar məhsulun üzərinə "enerji içkisi" yazsalar da, görünür ki, tərkibini enerji içkisinə uyğun etməyiblər. İstehlakçı hüquqlarının müdafiəçisi kimi tələb edərdim ki, ümumiyyətlə, bu məhsulların üzərində "Enerji içkisi" yazılsa da, içi sudan ibarət olsun ki, insanlar zərər çəkməsinlər".

Enerji içkilərinin zərərlərindən danışan E.Hüseynov bildirir ki, 18 yaşadək olan şəxslərə, hamilələrə, xəstələrə tövsiyə olunmayan bu məhsullar sağlam şəxslər üçün də faydalı ola bilməz.

E.Hüseynov atılan müsbət addımları da dəyərləndirib. O bildirib ki, il yarım öncə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi iş apararaq enerji içkilərinin tərkibinin xeyli sadələşdirilməsinə, öyrəşdirici maddələrin miqdarının azaldılmasına nail olub:

"Bu çox gözəl və uğurlu addımdır. Hazırda yerli istehsala ciddi nəzarət var. Antiinhisar qurumu isə istehlakçının aldadılmasının qarşısını alıb".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu bazardakı fəaliyyətindən danışan ekspert xidmətin norma və tələblərlə bağlı pozuntu hallarını ifşa etdiyini, aidiyyəti şirkətləri cərimələdiyini deyir. E.Hüseynov enerji içkilərinə əlçatanlığın azaldılması üçün görülən işlərdən də söz açıb. O bildirirb ki, bu məhsullara əlçatanlığın azaldılması üçün "Azad İstehlakçılar" Birliyi olaraq hər zaman enerji içkiləri ilə bağlı anti-reklam aparıblar:

"Hökumətlə apardığımız iş zamanı da bu içkilərə tətbiq edilən vergilərin 30 faizdən çox artırılmasına nail olduq. Bu məhsullarının köşklərdən satışının yığışdırılmasının tərəfdarıyam. Bu içkilərin reklamı təşkil olunur. Pul naminə bu cür reklamlara çəkilməməli, onlara sponsorluq edilməməlidir".

O bildirir ki, lakin tələb artdıqca təklif meydana çıxdığından bazarda belə məhsulların sayı artır. Həmsöhbətimiz deyir ki, bu məhsulların satışını qadağan etmək mümkün olmayacaq. Çünki Azərbaycan bazarı dünyaya inteqrasiya olunub.

Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında əlçatanlığın azaldılması üçün vergi və qiymətlərin artırılmasının tərəfdarı olduğunu bildirib. Millət vəkili bundan başqa, nəzarətin daha da gücləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Müxtəlif resurslardan istifadə etməklə enerji içkilərinin dövriyəsini azaltmaq lazımdır ki, gənc nəsil belə məhsullardan aktiv şəkildə istifadə etməsin".

O bildirir ki, enerji içkilərinin təhsil müəssisələrinin yaxınlığında satışına icazə verilməməlidir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin rəsmi internet resursunda enerji içkilərinin idxalı, ixracı və istehsalı ilə bağlı rəqəmlər olmadığından ölkədə enerji içkilərinə tələbatın artıb-artmaması haqda da konkret fikir formalaşdırmaq mümkün deyil.  

Qeyd edək ki, bununla bağlı olaraq hər iki komitəyə sorğu yollamışıq.

Xatırladaq ki, ötən ilin 19 mart tarixindən etibarən enerji içkiləri üçün aksiz dərcəsi artırılıb. Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Eyni zamanda aksiz dərəcəsi  qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata,  viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin  hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Əsas mövzular