10:56 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
3180 0 0

Sahibkarlar əkin sahələrinə yaş toyuq peyini tökürlər. Üfunətə bunun səbəb olduğu iddia olunur. Məsələ ilə bağlı araşdırma aparılır.

BAKI, 2 sentyabr — Sputnik. Xaçmaz sakinləri iki həftəyə yaxındır ki, narahatdırlar. Naratçılığın  səbəbi rayon mərkəzi və mərkəzə yaxın kəndləri üfunətli qoxunun bürüməsidir.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan rayon sakini Leyla Fətəliyeva sakinlərin yaranan vəziyyətdən çox narahat olduqlarını bildirib.

"Üç həftəyə yaxındır ki, rayonda fasilələrlə pis qoxu gəlir. Hava isti olduğundan həyətdə otururuq, qapı-pəncərəni açıq qoyuruq. Amma neçə gündür nə həyətdə oturmaq olur,  nə də qapı-pəncərəni açmaq. Ən çox da pis qoxu axşam saatlarında gəlir. Biz Xaçmazın  aşağı hissəsində olmağımıza baxmayaraq iydən dayana bilmirik. Rayon mərkəzində yaşayan yaxınlarımız bildirir ki, onlarda vəziyyət daha da pisdir. Heç kim anlamır ki, bu nə qoxudur", - deyə rayon sakini bildirib.

Daha bir rayon sakini Ruslan Hüseynovun  sözlərinə görə, yaranmış vəziyyət sakinlərin bütün rahatlığını pozub və heç kim yaranmış vəziyyətlə bağlı hər hansı bir tədbir görmür:

"Havaların isti keçməsi səbəbindən hər axşam ailəmi götürüb parka çıxırdıq. Amma yarım aya yaxındır ki, mən ailəmi götürüb nə parka gedə bilirəm, nə də evdə otura bilirəm. Havadan peyin qoxusu kimi pis iy gəlir. Qış deyil ki, qapı-pəncərəni bağlayıb evdə oturaq..."

Rayon sakini yaranmış vəziyyətin yerli sakinlərlə bərabər turistlər üçün də xoşagəlməz hal olduğunu bildirib:

"Pis qoxu səbəbindən turistlər də burada qalmırlar, çıxıb Quba tərəfə gedirlər. Haqsız da deyillər. Axı yüz kilometrlərlə yolu ona görə qət etməyiblər ki, gəlib rayondakı pis  qoxulu havanı udsunlar. Xahiş edirik rayon rəhbərliyi yaranan vəziyyətlə bağlı tədbir görsün".

Sakinlərin şikayəti ilə bağlı olaraq, yaranan qoxunun nə səbəbdən baş verməsini öyrənmək üçün rayon üzrə FHN-nin sədri, rayon İcra Hakimiyyətinin müavini Bəxtiyar Osmanovla əlaqə saxladıq.  B.Osmanovun sözlərinə görə, rayonda yayılan qoxunun səbəbi bağlara tökülən toyuq peyinidir.

"Biz də məsələdən məlumatlıyıq. Sahibkarlar öz əkin sahələrinə "KaMaz" markalı yük maşınları ilə yaş toyuq peyini tökürlər. Bu səbəbdən rayon ərazisini pis qoxu bürüyür".

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Qafar Ağayevin  Sputnik Azərbaycan-a verdiyi məlumata görə, dünəndən bəri məsələ ilə bağlı araşdırma aparılır:

"Tezliklə məsələ həllini tapacaq, lazımi tədbirlər görüləcək".

Teqlər:
Xaçmaz

Əsas mövzular