20:32 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
7920

Restoranlara COVID pasportu olmadan daxil olanlar aşkar edilərsə, ciddi şəkildə intizam tədbirləri tətbiq olunacaq.

BAKI, 1 sentyabr — Sputnik. Bu gündən etibarən restoranlara ancaq koronavirusa qarşı hər iki doza peyvənd olunan şəxslər buraxılır.

Bunu APA-ya açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, COVID pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq: "DİN, AQTA, Dövlət Vergi Xidməti və Rayon İcra hakimiyyəti orqanlarının nümayəndələrinin birgə monitorinq qrupları tərəfindən vaxtaşırı müvafiq yoxlamalar aparılacaq. Restoranlara COVID pasportu olmadan daxil olanlar aşkar edilərsə, ciddi şəkildə intizam tədbirləri tətbiq olunacaq".

E.Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: "COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. İctimai iaşə obyektlərinə restoran və kafelər də aid edilir.

Qaydaların pozulmasına görə isə vətəndaşlar deyil, restoran, kafe və digər iaşə obyektlərinin sahibləri məsuliyyət daşıyırlar.

Qeyd edək ki, peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bundan başqa, bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq:

- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabr ayının 1-nə kimi uzadılıb.

Toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsi qadağan edilib

Bu gündən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.

Belə ki, hökumətin bununla bağlı imzaladığı qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Eyni zamanda ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

Bundan əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Əsas mövzular