01:03 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
135 0 0

Nazirlik: "Hər hansı xəstəliklər üzrə isə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".

BAKI, 25 avqust — Sputnik. Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Sosial platformada bəzən koronavirusa əks göstərişi olanlara belə əks göstəriş sertifikatı verilmədiyi, onların vaksin olunduğu, bu səbəbdən də ölüm hallarının baş verdiyi narazılıqlara səbəb olub.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövludun və onun həyat yoldaşının peyvənddən sonra vəfat etməsi isə peyvənd olunanların sağlamlıqları yoxlanıldıqdan sonra vaksin olunmaları problemini daha da aktuallaşdırıb.

Arzu Mövludun bacısı Zümrüd Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bacısınn alergiyası olduğundan vaksin onun səhhəti üçün təhlükəli olub. Bununla belə ona koronavirus əleyhinə peydənd vurulub. O, həkimə alergiyasının olduğunu söyləsə də, yoxlanılmayıb. Peyvənd olunandan sonra halı pisləşərək dili qatlanıb. Təcili yardım gələnədək xəstə həyatını itirib. Z.Məmmədova bildirib ki, mərhumun həyat yoldaşı da ürək çatışmazlığından əziyyət çəksə də peyvənd olunub. O da peyvənddən sonra dünyasını dəyişib:

"Mənim bacım və bacımın əri koronavirusdan vəfat etməyiblər. Peyvənd vurdurduqdan sonra ölüblər", - deyə Z. Məmmədova fəryad edib.

Qeyd edək ki, əks göstəriş sertifikatını almaq üçün polikilinikalara yaxınlaşan vətəndaşlara müxtəlif cavablar verilir. Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə polikilinikaya müraciət edən vətəndaşlardan birinə bildirilib ki, bu sertifikat ancaq süd verən analara və hamilə qadınlara verilir. Digər hər hansı xəstəlikləri olanlara verilmir. Sputnik Azərbaycan peyvəndə əks göstəriş sertifikatının hansı xəstəlikləri olanlara şamil olunduğunu araşdırıb.

Səbail rayonu 33 saylı polikilinikadan Sputnik Azərbaycan-a bildirilib ki, əks göstəriş sertifikatı allergik təsiri olan, süd verən analara, hamilə qadınlara, epleptik tutmaları olanlara, eləcə də onkoloji xəstəliyin 4-cü fazasında olanlara verilə bilər. Amma bu sənədi almaq üçün həmin xəstəliklərin olduğu həkim rəyində təsdiqini tapmalıdır.

Binəqədi qəsəbəsi 35 saylı polikilinikanın sahə həkimi, terapevt Emin Dadaşzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində diş çəkdirən, antibiotik vurulan şəxslərə koronavirus əleyhinə vaksin vurula bilər. E. Dadaşzadə deyir ki, peyvənd üçün əks göstəriş dəri xəstəlikləri olan, insult keçirən şəxslərə də verilə bilər. Bunun üçün vətəndaş ərazi üzrə sahə polikilinikasına müraciət etməlidir. Bu zaman xəstənin şikayətləri dinlənilir, müayinə edilir. Bundan sonra o təkrar müayinə üçün ixtisaslaşdırılmış və mərkəzi xəstəxanaya yönəldilir. Orada həkim xəstəni müayinə edərək vaksinə əks göstərişi olan xəstəliyinin olub-olmadığı barədə rəy verir. Bu rəy Səhiyyə Nazirliyinə göndərilir. Orada diaqnoza əsasən təsdiqləndikdən sonra pasiyentə əks göstəriş sertifikatı verilir.

E.Dadaşzadə deyir ki, insult keçirən şəxs mütləq ixtisaslı tibb müəssisəsində nevropatoloq tərəfindən müayinə olunmalıdır. Bundan sonra ona vaksinin əks göstəriş olub-olmadığı barədə rəy yazılır.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, polikilinikalara süd verən analara və hamilə qadınlara peyvəndin əks göstəriş olduğuna dair tövsiyyə göndərilib:

"Hər hansı xəstəliklər üzrə isə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".

Nazirlikdən həmçinin bildirildi ki, peyvənd məntəqələrində vaksin vurulmazdan öncə həkim tərəfindən vətəndaşların şikayətləri dinlənilir.

Vətəndaşlar isə peyvənd üçün əks göstəriş sertifikatının əldə olunmasının çətin olduğunu bildirirlər. 10 gün əvvəl öd əməliyyatı keçirən Fərqanə Səfərova adlı vətəndaş deyir ki, cərrahi əməliyyat keçirdiyi üçün ona üç ay vaksin əks göstəriş olsa da, ərazi üzrə polikilinika bu sənədi vermir. Səbəb kimi isə ona işləmədiyi, evdar qadın olduğu göstərilir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir. Belə ki, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir. Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Qeyd edək ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə ikommunal sahə üzrə- elektrik enerjisi, qaz, istilik ilə təchizat, su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi, tullantıların yığılması, emalı və məhv edilməsi sahəsində işləyənlər daxildir. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə-dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti, liman xidmətləri, logistika xidmətləri, telekommunikasiya və rabitə xidmətləri, poçt və kuryer fəaliyyəti göstərənlər də bu kateqoriyaya şamil olunur.

Belə ki, sosial sahə üzrə-sosial xidmətlərin göstərilməsi, fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti, ticarət və ictimai iaşə sahəsi üzrə- topdan və pərakəndə ticarət, ictimai iaşə, yeməklərin göndərilməsi və çatdırılma xidmətləri göstərənlər 1 sentyabra qədər vaksinin 1-ci dozasını qəbul etməlidirlər. Bu tələb turizm sahəsi üzrə-mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr, turagentliklərinin və turoperatorların fəaliyyəti göstərənlərə də aiddir.

Həmçinin maliyyə xidmətləri üzrə-maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) göstərənlər də vaksin olummalıdırlar.

Digər sahələrə gəldikdə-poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri, bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri, kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri, avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması,kirayə və lizinq fəaliyyəti, daşınmaz əmlakın alınması və satılması xidmətləri,memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət göstərənlər 1 sentyabradək vaksin olunmalıdırlar. Bu siyahıya reklam fəaliyyəti və bazarın öyrənilməsi, işə düzəltmə agentliklərinin fəaliyyəti, tədris və repetitor xidmətləri, tərcümə üzrə xidmətlər,dizayn fəaliyyəti, fotoqrafiya sahəsində fəaliyyət, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər), istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması, dezinfeksiya xidmətləri, toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi, dərzi xidmətləri, bərbərxana və gözəllik salonları, baytarlıq fəaliyyəti, heyvan sığınacaqlarda çalışanlar aiddir.

Həmçinin oxuyun:

Səhiyyə Nazirliyi 3-cü doza peyvəndlə bağlı...

Əsas mövzular