02:45 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
151520

"Bu cür hərəkətər  yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir", - deyə DİN yanında İctimai Şuranın sədri bildirib.

BAKI, 30 iyul — Sputnik. Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əlməmməd Nuriyev Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktına münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ə.Nuriyev deputatın bu əməlini pislədiyini və qınadığını söyləyib: "Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi haqlı olaraq cəmiyyətdə hiddət doğurub.

Keçmiş millət vəkili kimi bu əməli qəti şəkildə pisləyir və qınayıram. Polisin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmaq, polis əməkdaşlarını təhqir və təhdid etmək yolverilməzdir. Bu hərəkətləri deputatın etməsi isə ikiqat qəbahətdir və deputat statusuna uyğun olmayan bir əməldir. Bu cür hərəkətlər yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir. Əminəm ki, Milli Məclis rəhbərliyi bu hadisə ilə bağlı müvafiq addımlar atacaq".

Ə.Nuriyev həmçinin bildirib ki, polis orqanları və polis əməkdaşları COVID-19 pandemiyası ilə mübarizədə ön sırada dayanırlar. Xüsusi karantin rejimi qaydalarına, bu qaydalarla müəyyənləşən qadağalara əməl olunmasına nəzarəti həyata keçirən polis çox çətin, gərgin şəraitdə işləyir. Onun sözlərinə görə, ictimai nüfuza, statusa malik şəxslər COVID-19 pandemiyasının doğurduğu yeni çağırışlara adekvat cavab verilməsi, çətinliklərin birgə səylərlə aradan qaldırılması, polislə vətəndaşlar, əhali arasında səmərəli kommunikasiya, etimadlı münasibətlərin yaranmasına öz töhfələrini verməlidirlər:

"Onlar öz müsbət davranış və nümunələri ilə örnək olmalıdırlar. Onların ictimai rəyə təsir etmək imkanları, ictimai və rəsmi statusları onlar üçün əlavə məsuliyyət yaradır. Bu çətin, mürəkkəb şəraitdə polisin cəmiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var. Eyni zamanda hazırda hər birimizin sağlamlığı, hüzuru xeyli dərəcədə polisin səmərəli işindən asılıdır. Bu zərurəti dərk etməklə hər birimiz məsuliyyətli davranmalıyıq və əhalinin sağlamlığının, ictimai asayişin qorunması məsələsində cavabdehliyimiz barədə düşünməliyik". 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb. Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib. Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Bu arada Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Əsas mövzular