CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün cinayət xronikası: "Patı" əməliyyatı, qətllər, pandemiya qaydalarını pozan toylar

© AP Photo / Aaron FavilaМетамфетамин
Метамфетамин - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
İyulun 23-nü yay fəslinin ikinci ayının cinayət baxımından ən fəal günlərindən biri hesab etmək olar.

BAKI, 23 iyul — Sputnik. Bu gün də kriminal hadisələr baxımından "zəngin" olub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa istinadən günün cinayət xronikasını təqdim edirik:

Yenə də "Patı" əməliyyatı

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar.

Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Lənkəranda biri qadın olmaqla 16 nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Bayramlı saxlanılıb. Onun üzərindən 147 qram psixotrop maddə metamfetamin və 105 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Şöbə əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər tədbirlərlə Lənkəran rayon sakinləri Rahid Rəhimov, Əfqan Muradov, İman Bağırov, Elşən Yaqubov, Natiq Bağırov, Cavid Məmmədov, Rahid Əliyev, Elada Qasımova və evində tiryəkxana təşkil edən Oqtay Hüseynov saxlanılıb. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayonun Göyşaban kənd sakinləri Anar Xəlilov, Həsən Qurbanov, Rasim Cavadov, Cəfər Mustafayev, Qiyamət Abızadə və Valeh Nəcəfov saxlanılıblar.Onlardan ümumilikdə 54 ədəd bükümdə heroin və metamfetamin, 6 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Qobu və Novxanıda gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olan şəxslər saxlanılıblar

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu Polis Bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.       

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Paşayev də saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metametamin aşkar olunub. Saxlanılan şəxsin ətrafında Abşeron Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan daha 1 nəfər saxlanılıb

DİN-dən verilən məlumata görə,  “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxslərə qarşı tədbirlər davam etdirilir. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Adı çəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Abşeron rayonunda şadlıq evlərində polis əməkdaşlarl tərəfindən reydlər keçirilib

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, Goradil kəndi ərazisində fəaliyyət göstərən “Yelkən" və Masazır qəsəbəsindəki "Brilliant"  şadlıq saraylarında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı "Yelkən" şadlıq evinin icarədarı Kamil İsgəndərov 4000 manat məbləğində cərimə edilib.Yoxlamalar zamanı "Brilliant" şadlıq evinin administratorları Ərəstun Əliyev və Tofiq Rəcəbovun isə COVİD-19 parportlarının olmadığı və bu qayda pozuntularına baxmayaraq fəaliyyət göstərdikləri müəyyən edilib. Bu şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər. Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400  manat məbləğində cərimələniblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq dövlət orqanları birgə rayon ərazisindəki şadlıq evlərində profilaktik tədbirlər davam etdiriləcək.

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu əməliyyatda Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.

Baş Prokurorluqdan daxil olan xəbərlər:

Qəsdən öldürülmə və intihar

İyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq  davam edir.

Körpələr evinin yaşlı gözətçisi olan qadnın meyiti aşkarlanıb

Sabirabad rayon prokurorluğunun məlumatına görə, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edillib ki,  zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində qəsdən öldürüb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Aparılan istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri  Əliağa Sultanov 21 iyul 2021-ci il tarixdə saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəmnində aralarında yarananmübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.

Gün ərzində daha bir qətl hadisəsi

Neftçala rayon prokurorluğunun məlumatına görə, iyulun 22-i saat 09 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin aldığı olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb. Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Baloğlanov  şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.

Adını jurnalist qoyanların da işinə əncam çəkilib

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən digər məlumata görə, “Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olan müraciət üzrə  Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib. 

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və  polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

“Ltv 7” internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun “961” qaynar xəttinə və  İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)

Xəbər lenti
0