CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıqlar bahalaşacaq? AQTA-nın qadağası rayondan heyvan gətirənlərin yolunu bağlayıb

© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanların satıldığı ərazi
Qurbanlıq heyvanların satıldığı ərazi - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Qurbanlıq qoyunların qiyməti çəkisinə görə dəyişir. 16-17 kiloqramlıq heyvanlar hazırda satışda 210 manatdır.

BAKI, 17 iyul — Sputnik. İyulun 20-21-də müsəlman dünyası ən vacib bayramlardan birini, Qurban bayramını qeyd edəcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Sputnik Azərbaycan Qurban bayramında qurbanlıq heyvanların satıldığı ərazilərdə olaraq qiymətlərlə maraqlanıb.

Yolkənarı qurbanlıqların satışı niyə azalıb?

Əvvəlki illərdən fərqli olaraq bu il qurbanlıq heyvanların yol kənarlarında satışına elə də çox rast gəlinmir.Pandemiyadan əvvəl Qurban bayramı ərəfəsi qurbanlıq heyvanların satışına yol kənarlarında daha çox rast gəlinsə də, bu il əsasən ət kəsimi məntəqələrinin yanında heyvanlar satılırdı. Masazır qəsəbəsində qurbanlıq heyvanları güdən Rəhbər Səfərov bunun səbəbini belə izah edir: "İndi qurban alan müştəri istəyir ki, heyvanı kəsdirib-soydurub aparsın. Ət kəsimi yeri olmayanlara indi heyvan kəsməyə icazə vermirlər. Ona görə də daha çox adam gətirib yol kənarında qurbanlıq satmır. Çünki alan müştəri heyvanı diri götürmür".

© Sputnik / Zulfiyya GuluyevaQoyun ətinin bir kiloqramını 13 manatdan təklif edilir
Qurbanlıqlar bahalaşacaq? AQTA-nın qadağası rayondan heyvan gətirənlərin yolunu bağlayıb - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Qoyun ətinin bir kiloqramını 13 manatdan təklif edilir

Həmsöhbətimiz bildirir ki, heyvan kəsimi məntəqələri isə kənardan alınıb gətirilən qurbanlıqları qəbul etmir: "Qəssablar ancaq özlərindən alanda heyvanı kəsib-soyurlar. Buna görə də, bu il rayondan heyvan gətirənlər də elə çox deyil. Demək olar ki, yox həddindədir. Halbuki əvvəlki illərdə Ağdamla Bərdədən bura heyvan sürüb gətirib yol kənarında satırdılar. Əvvəl yol kənarında heyvan satanlar müştəri istəyəndə heyvanı kəsib soyub verirdi. İndi buna icazə yoxdur deyə, onlar da Bakıya gətirmirlər" deyə Rəhbər Səfərov bildirir.

Qeyd edək ki,  Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsiminin ancaq ət kəsim məntəqələrində aparılmasını tələb edir.

Qurbanlıq heyvan almaq neçəyə başa gəlir?

Qurbanlıq heyvanların kəsim məntəqələrində isə bu Qurban bayramı heyvanların qiymətinin bahalaşmayacağını vəd edirlər. Qəssab Camal Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onlarda satışda 6 aydan iki yaşa qədər quzu və qoçlar var. Quzu ətinin qiyməti isə 12 manat 50 qəpikdən başlayır: "Biz qiyməti Qurban bayramına görə bahalaşdırmamışıq. Əvvəl də qiymət 12 manat 50 qəpik idi, indi də..."

C. Nuriyev heyvanları Ağdamdan və Bərdə bazarından alıb gətirdiklərini söyləyir. O, bildirir ki, mal ətinin satış qiyməti bir kiloqrama 10 manatdır. Qurbanlıq heyvanların sağlamlıq məsələsinə gəldikdə, C. Nuriyev heyvanlardan qan götürüldüyünü, yoxlanıldığını söyləsə də, sənədin baytarda olduğunu bildirir: "Elə heyvanları aldığımız bazarda da baytarlar heyvanları yoxlayır. Burda da biz baytar yoxlamamış heç bir müştəriyə ət satmırıq. Amma aldığımız heyvana elə vizual baxsanız da görərsiniz ki, xəstə heyvanlar deyil. Qurbanlığa xəstə heyvan satmaq günahdır. Ona görə alanda ucuz da olsa şikəst heyvan götürmürük. Dinimizdə də yazılıb ki, şikəst heyvandan qurban olmaz" deyə həmsöhbətimiz bildirir.

Qəssablar qurbanlıq heyvanların alınıb gətirilməsinin, saxlanılmasının elə də asan olmadığını söyləyirlər. Onların sözlərinə görə, qurbanlıq heyvanların alınıb gətirildikdən sonra saxlanılması da xeyli xərc tələb edir. O ki, qaldı ət kəsimi yerlərində sanitariyaya, daxil olduğumuz ət kəsim yerlərinin hər birində soyuducu, su, və heyvanın kəsilib soyulması üçün şərait vardı.

COVID-19 pasportu tələbi qəssabların "kefinə soğan doğrayıb"

Qeyd edək ki, Qurban bayramında qəssablardan COVID-19 pasportu tələb olunacaq. Amma ət kəsim məntəqələrindəki qəssabların bu qərardan elə də məmnun olmadığı üzlərindəki ifadədən sezilirdi.

Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 20 ildən çoxdur ki, qəssab işləyən Vüsal Bəxtiyarov deyir ki, ət kəsim məntəqələrində çalışanların çoxunun COVID-19 pasportu var. Amma onlar Qurban bayramı günlərində ət kəsmək, soymaq, doğramaq üçün kömək çağırdıqlarını söyləyirlər: "Qurban bayramında tələbat çox olur. Müştəri çox olduğundan heyvan kəsib çatdırmaq olmur. Biz onda yaxın qohum-əqrabadan bu işi bacaranlardan xahiş edirik ki, bizə kömək etsin. İndi gərək onların da COVID-19 pasportu ola. Bu qərarı çox gec elan etdilər. Vaxtında deməliydilər ki, biz də işimizi bilək" deyə qəssab bildirir.

Qiymət bahalaşa bilərmi?

Bu ərazidə qəssabların çoxu ətin qiymətinin bayram günlərində bahalaşmayacağını vəd etsələr də, artıq qoyun ətinin bir kiloqramını 13 manatdan təklif edən ət kəsim məntəqələri də vardı. Onlar bayran günlərində bu qiymətin daha da artacağının istisna olmadığını bildirdilər. Ət kəsim məntəqələrindən onu da qeyd etdilər ki, yolkənarlarında ət kəsiminə icazə verilmədiyindən, qurbanlıq heyvanların satışı ancaq ət kəsimi məntəqələrində təşkil olunacaq. Bunun isə qiymətə təsir edəcəyi qaçılmazdır-deyə qəssablar bildirdilər.

16-17 kiloqramlıq qurbanlıq qoyunlar 210 manata...

Apardığımız araşdırma zamanı məlum oldu ki, diri çəkidə qurbanlıq quzuların qiyməti fərqlidir. 16-17 kiloqramlıq qurbanlıq qoyun almaq üçün 210 manat xərc tələb olunur. Qəssabların dediyinə görə, ötən il bu rəqəm 240 manatdan aşağı olmayıb: "Bu il 17 kiloqramlıq heyvanı 210 manata satırıq. Amma ötən il bu qiymət 240 olub. Müqayisədən də görünür ki, bu il qurbanlıq heyvanların qiyməti bahalaşmayıb" deyə ət kəsimi məntəqələrindən bildirdilər.

© Sputnik / Zulfiyya GuluyevaVətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər
Qurbanlıqlar bahalaşacaq? AQTA-nın qadağası rayondan heyvan gətirənlərin yolunu bağlayıb - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər

Qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq...

Qeyd edək ki, bu il qurbanlı heyvanların satışı ötən il olduğu kimi onlayn da həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, 2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıq heyvanların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Onlayn sifariş verilən qurbanlıqların qiyməti çəkisinə görə dəyişir...

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkinə daxil olmaqla əldə edə bilərsiniz.

Onlayn satılan qurbanlıq heyvanların qiyməti isə alacağınız heyvanın çəkisindən asılı olaraq dəyişir. Vətəndaşlar https://qurbanliq.kendden.az/ saytına daxil olaraq qurbanlıq sifariş verə bilərlər.

Qurban kəsmək kimlərə vacibdir?

O ki, qaldı qurban kəsməyin kimlərə fərz olmasına, QMİ-nin Qurban bayramına dair tövsiyələrində bildirilir ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

© Sputnik / Zulfiyya Guluyeva16-17 kiloqramlıq qurbanlıq qoyun almaq üçün 210 manat xərc tələb olunur
Qurbanlıqlar bahalaşacaq? AQTA-nın qadağası rayondan heyvan gətirənlərin yolunu bağlayıb - Sputnik Azərbaycan, 1920, 17.07.2021
16-17 kiloqramlıq qurbanlıq qoyun almaq üçün 210 manat xərc tələb olunur

"Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edəsiniz. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək. Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hər-hansı məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada Qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq".

Bildirilib ki, vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrində əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər: "Qurbanlıqların əvvəlcədən sifariş edilməklə satış şəbəkəsindən alınması ilə bağlı suallara cavab olaraq bildiririk ki, müvafiq infrastuktura malik olan satış şəbəkələrinin belə sifarişləri qəbul etməsi nəzərdə tutulur. Sifarişlər onlayn qaydada da həyata keçirilə bilər. Qurban bayramı günü sifarişçilərin istəyinə uyğun olaraq qurbanlıq heyvanların sifariş yerində birbaşa təhvil almaları və yaxud kəsilmiş heyvanların sifarişçinin ünvanına çatdırılması nəzərdə tutulur. Bildiririk ki, bu, şəriət qaydalarına zidd deyil. Belə ki, sifariş və satış məntəqələrindən asılı olmayaraq bütün heyvanlar baytar nəzarəti altında kəsiləcək".

Bu tövsiyələr pandemiya dövründə yaranmış xüsusi karantin qaydalarına əməl olunması və insanların sağlamlığının qorunması məqsədilə təqdim olunur. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. İyulun 20 və 21-də məscidlərdə birgə Bayram namazları qılınacaq.

Xəbər lenti
0