CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq heyvan kəsən qəssabların nəzərinə

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev bildirib ki, kəsim məntəqələrində fəaliyyət göstərənlər ən azı 1 doza vaksin qəbul etməlidirlər.

BAKI, 16 iyul — Sputnik. Qurban bayramında qəssablardan COVID-19 pasportu tələb olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı ilə bağlı sualları cavablandırarkən bildirib.

O deyib ki, Qurban bayramı ilə əlaqədar respublika üzrə 88 məntəqə müəyyənləşib. Kəsim məntəqələrində fəaliyyət göstərənlər ən azı 1 doza vaksin qəbul etməlidirlər. Q.Əbdüləliyev deyib ki, bu yerlərdə sanitar qaydalara əməl edilməklə heyvanların kəsimi mümkündür: "İstehlakçılardan xahiş edirik ki, qurbanlıq heyvanların alınması, satılması üçün bu ünvanlardan istifadə etsinlər".

AQTA rəsmisinin sözlərinə görə, kəsim yerlərində baytarlıq nəzarəti təmin olunmalıdır: "Heyvan mütəxəssis nəzarətində kəsilməlidir. Kəsimdən sonra müayinədən keçdikdən sonra soyuq zəncir qaydalarına nəzarət olunmalıdır".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıq heyvanların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək.

Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir.

Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkinə daxil olmaqla əldə edə bilərsiniz.

Xəbər lenti
0