BAKI, 13 iyul — Sputnik. Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarından ibarət monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalara başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, monitorinqlər zamanı 10-dan çox şadlıq sarayında Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmasının vəziyyəti yoxlanılıb.
Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb. Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədi olmaması müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb.
Bununla yanaşı, şənlik mərasimlərinin keçirildiyi bir sıra obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmadığı müəyyən edilib. Monitorinq zamanı "Sərin su", "Dörd qardaş" və "Xanədan" şadlıq saraylarında karantin qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, həmin obyektlərdə keçirilən şənliklər barəsində məlumatların portala daxil edilmədiyi aşkarlanıb. Şadlıq sarayı sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat cərimə ediliblər.
Qeyd edək ki, iyulun 8-də Masallı rayonunun Qəzvinoba kəndində fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Ruhi Tofiq oğluna məxsus "Məkan" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Azərbaycanda toylar monitorinq edilir. 50-150 nəfərlik mərasimlərdə qaydalara riayət olunmasının monitorinqi Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub.
Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar aşağıdakılardır:
- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.
- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.
- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.
Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.
- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.
Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).