20:41 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
22 0 0

"Azərsu" ASC deputat Musa Quliyevin parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı səsləndirdiyi Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.

BAKI, 6 iyul — Sputnik. Milli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, qurum ağacların və yaşıllıqların suvarılması ilə deyil, əhalinin içməli su təminatı ilə məşğul olur:

"Abşeron yarımadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyəti qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır. Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə "Azərsu" ASC-yə 134 min manat borcu yaranıb".

Komitə sədrinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verilməsi fikirlərinə gəlincə, qurum bildirib ki, bunlar artıq keçmişdə qalıb: "Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56 faizi 24 saat fasiləsiz, 14 faizi 12 saatlıq, qalan 30 faizi isə 5-10 saatlıq qrafikli rejimlə su alır.

Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Açıq kommunal infrastruktur" layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 mln. manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub, içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib.

Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur. Su və kanalizasiya layihəsinin icrası zamanı "Azərsu" ASC tərəfindən hər hansı kəhriz və ya arx da sıradan çıxarılmayıb.

Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektlərin qazılmış asfalt örtüyü bərpa edilib. Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcək".

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Musa Quliyev parlamentin növbədənkənar sessiyasında deputatı olduğu Gəncə şəhərində su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə bağlı hökumətə müraciət etmişdi. M.Quliyev qeyd etmişdi ki, yay fəsli yeni girsə də, Gəncədə artıq ağacların payızıdır:

"Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə "Azərsu" ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu, qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır.

Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir. Mən Hesablama Palatasına səslənirəm: araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm, yoxlayın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-nə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur.

Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hal-hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda, bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin", - deyə deputat bildirmişdi.

Əsas mövzular