BAKI, 1 iyul — Sputnik. Sosial şəbəkələrdə Rusiyada istehsal olunaraq Bakıya gətirilməkdə olan qatarların geri qaytarılması haqda məlumat yayımlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov özünün "Facebook" sosial şəbəkə hesabından bu məsələyə aydınlıq gətirib: "Yeni qatarların vandalizmə məruz qalaraq geri qaytarılması ilə bağlı sosial platformalarda yayılmış məlumatlara bir daha aydınlıq gətirərək bildirim ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb.
Bundan əvvəl Bakı metropoliteninin nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur. Ümumiyyətlə, qatarların yol boyu saz vəziyyətdə və problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq".
"Hazırda qatarlar yoldadır", - deyə B.Məmmədov əlavə edib.
Yeni vaqonlar
Ötən gün Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.
Vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə "Bakı Metropoliteni" QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti "Metrovaqonmaş" müəssisəsində olub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daha sonra müvafiq texniki prosedur qaydalarına uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.
Paytaxta gətiriləcək 4 qatar tərkibi "Nərimanov" elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC ilə bu müəssisə arasında üçillik müqavilə imzalanaraq, 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün hər il texnoloji innovasiyalar baxımından ən müasir 20 vaqonun istehsalı nəzərdə tutulub.