CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün kriminal mənzərəsi: Minalar, narkotiklər, qətllər və dələduzluq

© pixabay / StockSnapİnsan kölgəsi, arxiv şəkli
İnsan kölgəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Daxili İşlər nazirliyi və Baş Prokurorluq bu gün ölkə ərazisində baş vermiş kriminal hadisələr və açılan cinayət işləri barədə məlumat yayıb.

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də ölkəmizdə kriminal hadisəsiz keçməyib. Sputnik Azərbaycan günün kriminal xronikasını təqdim edir:

Xocavənd rayonunda yollara basdırılmış minalar polis əməkdaşları tərəfindən aşkar edilib. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib. Aşkar edilmiş 5 mina zərərsizləşdirilib. İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ağcabədi sakininin cəbbəxanası

Ağcabədi sakinindən isə silah-sursat götürülüb. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "TT" markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Ev deyil, narkotiklər yuvasıdır

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, isə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Əli Əlhəsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 140 qram olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qonşu qadını öldürmək

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, iyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Lənkəranda qətl

Lənkəran rayon prokurorluğunun məlumatına görə, iyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Satış təmsilçisi pulları hara edib?

Baş Prokurorluqdan bildirilib ki, "Bolluq LTD" MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

"Avropada işədüzəltmə" adı ilə pul toplamaq

Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub. Müəyyən edilib ki, bir qrup şəxsin "Poseidon Talents Consulting" MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub. Eyni zamanda bildirilirki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

Xəbər lenti
0