BAKI, 23 iyun — Sputnik. 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Vətən Müharibəsi qazilərinin tibbi müayinəsi aksiyası keçirilib.
Sputnik Azərbaycan olaraq qəhrəmanlarımızın tibbi müayinə aksiyasında iştirak etdik. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və Aysmed klinikasının tibbi dəstəyi ilə keçirilən aksiyada qazilər və onların övladlarının tibbi müayinələri, həkim qəbulları, laborator analizləri və pulsuz olaraq digər tibbi xidmətlər təşkil olunub.
İctimai birliyin icraçı direktoru Zamin Zeynal aksiya ilə bağlı məlumat verib və bildirib ki, belə addımın atılmasında əsas məqsədlərdən biri ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri, qazilərlə bağlı həyata keçirilən dövlət proqramına ictimai dəstək göstərməkdir: "Biz bu gün ictimai birlik olaraq üzvlərimiz olan qazilərə sms şəklində aksiya barədə məlumat yollamışıq. Məlumat üçün qeyd edim ki, üzvlərimizlə bağlı vahid baza yaradılıb. Bizim üzvlərimiz arasında qazilərlə yanaşı şəhid ailələri də var. Bizim müxtəlif şəhərlərdə bir neçə nümayəndəliyimiz fəliyyətdədir. Gələcəkdə isə digər regionlarda da nümayəndəliyimizin yaradılması nəzərdə tutulur. Biz artıq Gəncədəki nümayəndəliyimizə də müvafiq tapşırıqlar vermişik ki, orada da yaşayan şəhid ailələri və qazilələrimiz, onların övladları ilə bağlı pulsuz tibbi aksiyalar həyata keçirilsin. Çalışırıq ki, onların səhhətlərinin yaxşılaşdırılması istiqamətində töhfəmizi verək".
Qeyd olunub ki, birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü tədbirlər davam etdiriləcək.
Qazilər də onlara göstərilən yardımlardan, dəstəkdən razılıqlarını dilə gətiriblər.
Qeyd edək ki, Silahlı Qüvvələr Günü münasibəti ilə 23-25 iyun tarixlərində ümumilikdə 100 qaziyə pulsuz tibbi xidmət göstəriləcək.