BAKI, 22 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər sonuncu oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanun layihələri barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim edilmiş qanun layihələri zərfi əlilliyin qiymətləndirilməsinin yeni meyarlarını və qaydalarını müəyyən edir, həmçinin əlaqəli qanunlarda bu müddəalardan irəli gələn uyğunlaşma xarakterli dəyişiklikləri nəzərdə tutur.
Komitə sədri bildirib ki, son 3 il ərzində ölkə başçısının təşəbbüsləri ilə sosial sahəyə yönəldilən vəsait mütəmadi olaraq artırılıb. Bu müddətdə əmək haqları, pensiyalar, müavinət və təqaüdlərin aylıq məbləğləri bir neçə dəfə artırılıb. Nəticədə pensiyalar üzrə xərclər 36% artırılaraq 3.3 milyard manatdan 4.5 milyard manata, müavinətlər üzrə xərclər 120% artırılaraq 279 milyon manatdan 613 milyon manata, təqaüd üzrə xərclər 3.5 dəfə artırılaraq 92 milyon manatdan 326 milyon manata çatdırılıb. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə büdcədən illik xərclər 97% artırılaraq 588 milyon manatdan 1.2 milyard manata çatdırılıb. Ümumilikdə son 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti üzrə əhaliyə ödənişlər 2.2 milyard manat artırılıb.
Komitə sədri Qarabağ müharibəsi qazilərinin əlillik vəziyyətinin müəyyənləşdirilməsi məsələsinə toxunaraq diqqətə çatdırıb ki, artıq 800 nəfərdən çox qazimizin əlillik dərəcəsi müəyyənləşdirilib və onların sosial müdafiəsi tədbirləri həyata keçirilməkdədir.
Bildirilib ki, əlillik vəziyyəti dinamik, daim müşahidə, müalicə və reabilitasiya tələb edən bir prosesdir. Ona görə də bu il əlilliyi müəyyən edilən şəxsin növbəti ekspertizada əlillik vəziyyətinin və statusunun dəyişilməsi tamamilə normal və məntiqə uyğundur. Əsas odur ki, bu qərarlar ədalətli, qanun çərçivəsində və şəffaf olsun. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədə xidmət edir.
Diqqətə çatdırılıb ki, bu dəyişikliklərdə məqsəd əlilliyin meyarlarına dair Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş standartların və digər beynəlxalq normaların milli qanunvericiliyə implementasiya edilməsidir.
Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar qanunvericilik layihələri hazırlanıb.
Əlillik xəstəliyin ağırlıq dərəcəsinə görə veriləcək
Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni,
I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,
II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi,
III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi
kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.
Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.
Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.
Qanunun 2022-ci ilin 1 iyulundan qüvvəyə minməsi nəzərdə tutulur.
BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir
Xatırladaq ki, Azərbaycanın da qoşulduğu "Əlillərin hüquqları haqqında" BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir. Azərbaycan Prezidentinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun tətbiqi barədə" 18 iyul 2018-ci il tarixli Fərmanı və "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə əlilliyin müəyyən edilməsi meyarlarının və qaydalarının ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması barədə hökumətə tapşırıq verilib.