22:30 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
6818 0 0

Azərbaycanın iki məşhur siması - Xalq artisti Miri Yusif və müğənni Sevda Yahyayevanın rəsmi "Facebook" hesabları oğurlanıb.

Bir neçə həftə bundan əvvəl müğənni Sevda Yəhyayevanın, qısa zaman öncə isə Xalq artisti Miri Yusifin profilləri ələ keçirilib. Sözügedən hesabda Yəhyayevanın 319 min, Miri Yusifin isə 161 min izləyicisi var. Həmin səhifələr Şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.

Proqramçı mühəndis Əkrəm Babayev prosesin necə baş verdiyini izah edib. Proqramçının Sputnik Azərbaycan-a verdiyi açıqlamasına görə, bu da bir oğurluq üsuludur: "Sizə "fake" giriş səhifəsi atırlar. Məsələn, həmin linkə girən kimi yenidən "Facebook"a giriş istənilir. Hansı ki, eynilə "Facebook" giriş səhifəsinin kopyasıdır. Link yerinə diqqət etsəniz, görərsiniz ki, başqa linkdir. Təbii ki, buna diqqət edilmir və istifadəçi yenidən öz login və şifrəsini yazaraq hesabına daxil olur. Yazdığı login və şifrə linki göndərən hakerə yönlənir. İstifadəçilərə məsləhətim budur ki, elə linklər atılanda daxil olmasınlar".

Bunun qarşısını almaq üçün hansı qabaqlayııcı tədbirlər görmək lazımdır? Mütəxəssis öz tövsiyələrini verdi:

"Bunun üçün ikifaktorlu doğrulama qoymaq lazımdır. "Facebook" və "Gmail"-ə bağlı nömrələri xarici nömrəyə bağlamaq, qoyulan parolların simvolunu bol etmək, ikifaktorlu doğrulamanı xüsusi mobil əlavəyə əlavə etmək lazımdır. Bundan başqa, "Facebook"-a bağlı olan "Gmail" hesabı da eynilə ikifaktorlu doğrulamaya qoymaq və həm "Facebook", həm də "Gmail" üçün ehtiyat nüsxə ikifaktorlu kodları götürmək və "Gmail"-ə başqa bir dostun "Gmail"-ini bağlamaq lazımdır. Ən pis halda "Gmail"-in satdığı xüsusi açarı almaq lazımdır".

"İkifaktorlu doğrulama nədir? İkifaktorlu doğrulama odur ki, sizin parolunuzu bildiyim halda, məndən ikinci dəfə şifrə istəyir və o şifrə telefonda sizin hesabınıza bağlı olan mobil əlavədədir. O proqram da 30 saniyədən bir generasiya (yenidən yaranma) olunur və kodu ora yazmalısınız. İkifaktorlu doğrulamanın digərində isə telefona mesaj göndərilir və ya zəng olunur. Sizə kod verilir və siz o kodu yazmaqla girə bilirsiniz", - deyə Ə.Babayev əlavə edib.

Bəs "Gmail" oğurlanarsa, hansı addım atılmalıdır? Bu sualı proqramçı belə izah edib: "Kimsə sizin "Gmail"-i oğurlayarsa, "xüsusi açar"la qaytara bilərsiniz. Xüsusi açar - usb girişi ilə kompüterə taxılır. Həmin açarı da "Gmail"-ə daxil olub hesabınıza tanıdırsınız. Doğrulamanı da o açarla etdiyiniz anda heç kim qıra bilməz. Bu açar məsələsini "Gmail" şəxsən özü mənə bildiriş kimi vermişdi. Hansı ki, mənim "Gmail"-im oğurlanmağa cəhd olunurdu".

Bəs səhifəni oğurlayan hakerin kimliyini müəyyən etmək mümkündürmü?

""Facebook"-da hesabınız itərkən əlaqəyə keçəcək dostları da seçmək lazımdır. Hesabı qaytarmaq üçün o dostlara kod göndərilir. Bu da digər təhlükəsizlik tədbirlərindən biridir. Amma sonda bildirim ki, bütün bunlara baxmayaraq, hədəfdə olmağının dərəcəsindən asılıdır. Əgər böyük bir hədəfdəsənsə, bunun qarşısını almaq mümkün deyil. Yenə də sındıra bilirlər. Səhifəni oğurlayan hakerin kimliyini təxmin etmək mümkün olsa da, bu, 100%-lik deyil".

Xatırladaq ki, bu yaxınlarda türkiyəli məşhur model və aparıcı Elif Uzunun "Instagram" hesabı oğurlanmışdı. Mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib. İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər. Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.

Qeyd edək ki, anoloji hadisələrlə nəinki şou-biznes, eləcə də siyasi liderlər də qarşılaşır.

Əsas mövzular