CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşı yüzə çatan veteran: "Öz-özümə "indi öləcəyəm" deyirdim"

© Sputnik / Rahim MuradovБоевые награды и юбилейные медали ветерана Великой Отечественной войны Джаннета Теймурова
Боевые награды и юбилейные медали ветерана Великой Отечественной войны Джаннета Теймурова - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Doxsan doqquz yaşlı Cənnət Teymurov Böyük Vətən müharibəsində bir nefə ölümdən qayıdıb və Klim Voroşilovla Semyon Budyonnını yaxından görə bilib.

BAKI, 22 iyun — Sputnik. İyunun 22-də Hitler Almaniyasının keçmiş SSRİ-yə hücumundan və Böyük Vətən müharibəsinin başlamasından 80 il keçir.

Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, xüsusən də Bakının işğalı xüsusi yer tuturdu. Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Həmin illərdə yüz minlərlə soydaşımız Vətənin müdafiəsinə qalxaraq bu məkrli planın baş tutmasına imkan vermədilər. Həmin qanlı döyüşlərin həm iştirakçılarından biri də Cənnət Eyniş oğlu Teymurovdur. 1922-ci ildə Masallı rayonunun Kalinovka, indiki Viləş kəndində anadan olan Cənnət baba Böyük Vətən Müharibəsi zamanı keçdiyi döyüş yollarından Sputnik Azərbaycan-a danışıb:

© Sputnik / Rahim MuradovCənnət Teymurov
Yaşı yüzə çatan veteran: Öz-özümə indi öləcəyəm deyirdim - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Cənnət Teymurov

"Vətənin dar günündə mən də hamı kimi döyüşlərə getməli idim və 1941-ci ilin oktyabr ayında çağırıldım. Əvvəlcə bizi Biləcəriyə apardılar, oradan isə Mozdoka və Qroznı şəhərinə apardılar. Həmin istiqamətdə güclü döyüşlər gedirdi. Orada 3 Qafqaz diviziyası - Azərbaycan, Gürcüstan və Ermənistan diviziyaları alman faşistlərinə qarşı vuruşurdular. Məni də Azərbaycan diviziyasının tərkibinə verdilər.

O döyüşlərdə yaralandım, məni Ermənistanın Leninakan şəhərindəki hospitala göndərdilər. Həmin hərbi hospitalda 1 ay 20 gündən sonra müalicə olunduqdan sonra yenidən döyüşlərə qayıtdım. Bu ərazilərdə gedən qızğın döyüşlərdə də yaralandım və bu dəfə məni müalicəyə Tiflisə göndərdilər. Sağalandan sonra yenidən Gürcüstandakı hərbi hissələrə göndərildim. Bir müddət sonra isə Bakıya Tank məktəbinə göndərildim. Bakıda 2 ay Tank məktəbində oxuduqdan sonra bizi Rusiyanın Saratov şəhərindəki Tank məktəbinə apardılar. Baxmayaraq ki, mən tank tuşlayıcısı vəzifəsini oxudum, lakin heç vaxt tankda xidmət aparmadım.

Saratovdan isə Ukraynanın Donetsk şəhərinə apardılar. Orada da bizim ordu almanları geri çəkilməyə məcbur etdi. Donetskdə gedən döyüşlərdə də yaralndıqdan sonra Rusiyanın Pyatiqorsk şəhərinə müalicəyə göndərildim. Müalicədən sonra isə bizi Krıma apardılar. Krımın almanlardan azad olunması uğrunda gedən döyüşlərdə də yaralandım. Krımda müalicə olunandan sonra isə məni Çita şəhərinə göndərildim. Çitada isə Yaponiya ilə müharibəyə hazırlaşırdıq. Çitadan bizi aparıb Monqolustanda yerləşdirdilər, həmin ərəfələrdə ABŞ-ın Yaponiyaya atom bombası atdığını eşitdik. Daha ondan sonra biz yaponlarla müharibəyə girmədik. Monqolustandan Sverdlovsk şəhərinə gəldik, 1946-cı ilin oktyabr ayında ordudan tərxis olundum. Mənə orduda qalmağı, özü də Hərbi Hava Qüvvələrində xidmət etməyi təklif etdilər. Mən isə özümə "Qalıb nə edəcəyəm?!" dedim və qayıtdım evə".

Kalinovkadan (indiki Viləş kəndi) Cənnət Teymurovla ilə bir yerdə müharibəyə daha 2 nəfər yollanır. Onların hamısı Böyük Vətən müharibəsindən salamat qayıda biliblər. 

© Sputnik / Rahim MuradovБоевые награды и юбилейные медали ветерана Великой Отечественной войны Джаннета Теймурова
Yaşı yüzə çatan veteran: Öz-özümə indi öləcəyəm deyirdim - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Боевые награды и юбилейные медали ветерана Великой Отечественной войны Джаннета Теймурова

Veteranımızın yadında qaldığı döyüşlər Krım yarımadasında baş tutub: "Krımda olduğumuz vaxt gecə dağın təpəsində idik 4 dəfə ağır döyüş getdi. Dörd dəfə ard-arda dəstələrimiz hücuma keçdilər. Amma mənim olduğum dəstəni göndərmədilər. Həmin günün səhəri yerləşdiyimiz dağın təpəsindən Qara dənizin üstündə bizim təyyarələrlə faşist təyyarələrinin necə döyüşdüklərinə izləyirdik. Dənizə düşən pilotlarımızın və başqa əsgərlərimizin meyitlərinin necə çıxarlmasına baxırdıq. Gözümüzün önündə alman qırıcısı bizim qırıcılardan birini vurdu və təyyarə dənizə düşdü. Pilotumuz sağ qaldı. Sonra gedib döyüş meydanından yaralıları və cəsədləri çıxardıq. Həmin günü axşam saatlarında bizi başqa istiqamətə Kerç boğazına, Azov dənizi ilə, Qara dənizin birləşdiyi yerə apardılar. Gəlib bir səngərə girdik, səngərin içərisi cəsədlərlə dolu idi. Gecəni səngərdə keçirdik. Səhər isə Bakıdan, soyadı Hüseynov olan komandirmiz bizə "İrəli!" komandasını verdi. Biz 12 nəfərdən ibarət bir dəstə idik və bizi süngü ilə döyüşə çıxardılar. Mən manqa komandiri idim, təsəvvür edin 12 nəfərlə döyüşə girirsən. Yerdə də azca qar var, səngərdən baxdığım zaman bir də gördüm qarşıda ağ geyimdə olan əsgərlər gəlir. Dedim "Komandir bunlar kimdir?" "Alman ordusunun kəşfiyatçılarıdır" - deyə cavab verdi.

Həmin döyüşdə komandirimiz həlak oldu. Mənim sağ gözümün lap kənarından burnuma yaxın hissədən qəlpə dəydi. Sifətim tamam qan içində oldu və gözlərim heç nə görmürdü. Özüm-özümə "İndi öləcəyəm" deyirdim. Sonra səngərdə böyrüm üstə uzanıb tərpənmədim. Yaxınlıqda almanlar var idi, gəlib ərazini dolaşırdılar. Axşam hava qaralanda sürünməyə başladım. İnanın gecə vaxtı göz-gözü görmür sürünərək gedirəm, hara getdiyimi də bilmirəm. Bir də ayıldım ki, kimsə başıma avtomatı dayayıb. Əvvəlcə bilmədim nə deyəm, sonra isə "rus" deyən kimi mənə "Teymurov, bəri gəl" dedi. Baxdım ki, bizim komandirin çaparıdır. Gecəni alayda keçirdim, səhər bizə dedilər ki, Voroşilovla Budyonnı hərbi hissəyə gəlirlər. Həmin an bir gəminin gəlib limanda dayandığını gördüm. Hər iki General gəmidən enib gəldilər orada dağın içərisində tunel var idi, o tunelə daxil oldular. Məni isə oradan hərbi hospitala göndərdilər.

Cənnət baba Qafqazda iştirak etdiyi döyüşlərdən də danışdı: "Keçdiyim ən çətin döyüş Mozdokda olub. Orada güclü atışmalar olmuşdu, amma biz orada almanları geri çəkilməyə məcbur edə bilmişdik. Mənə köməkçi əsgər vermişdilər. İndiyədək adı yadımdadır Zaməddin, Qutqaşendən, indiki Qəbələdən idi. Bir dəfə gördüm ki, Zaməddin qolunu sarıyır. Nə baş verdiyini soruşanda, o yaxınlığına mina atıldığını və qol əzələsinin parçalandığını dedi. Həyəcandan Zaməddin qanı dayandırması üçün bizə verilən tütünü yarasına basırdı. Ona "Adə, nə edirsən, heç tütünlə də qanaxmanı dayandırarlar?" dedim. Sonra mən onun yarasını sarıdım və geridə alayın tibbi çadırına apardım".

© Sputnik / Rahim MuradovCənnət Teymurov
Cənnət Teymurovun medalları - Sputnik Azərbaycan
1/2
Cənnət Teymurovun medalları
© Sputnik / Rahim Muradov
Cənnət Teymurov Vətən müharibəsi qazisi-nəvəsi Kənanla - Sputnik Azərbaycan
2/2
1/2
Cənnət Teymurovun medalları
2/2

Cənnət Teymurov müharibədən qayıdandan sonra bir müddət yanğınsöndürən işləyib, oradan isə həbsxanada xidmət etməyə göndərilib. Uzun illər həbsxadan işlyəndən təqaüdə çıxıb. Cənnət kişinin nəvəsi də özü kimi haqq savaşçılarındandır. Onun Kənan adlı nəvəsi Vətən Müharibəsi qazisidir. C.Teymurov bütün iştirak etdiyi döyüşlərə görə təltif edildiyini dedi: "Amma çoxu itdi-batdı, yarısını həmin illərdə hərbi komissarlıqda qaldı, yarısı da orada-burda getdi".

Böyük Vətən müharibəsi və azərbaycanlılar

1941-ci il iyunun 22-də Hitler Almaniyası keçmiş SSRİ-yə hücum etdi və Böyük Vətən müharibəsi başladı. Azərbaycan da SSRİ-nin tərkibindəki digər respublikalar kimi faşistlərlə mübarizəyə qoşularaq düşmənin darmadağın edilməsində öz sözünü deyib. Alman faşistləri üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu danılmazıdr. Yüz minlərlə azərbaycanlı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərib, çoxları həyatını bu yolda qurban verib.

Bundan başqa, azərbaycanlılar neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin edilməsi üçün misilsiz qəhrəmanlıq göstəriblər. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edib. Alman-faşist komandanlığı Bakı neftinə xüsusi önəm verirdi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi  Bakı və onun ətraf rayonlarındakı neft-qaz sənayesini nəzarətə götürmək idi. Çünki Azərbaycan paytaxtı Sovet İttifaqı iqtisadiyyatının əsas neft mənbəyi hesab olunurdu. SSRİ neftinin 80 faizi Azərbaycanda çıxarılırdı. Həmçinin, sovet ordusu üçün neftin 70, benzinin 80, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi və bütün bunlar olmasaydı, müharibədə qalib gəlmək mümkün deyildi.

Müharibə vaxtı ümumi əhalisi 3,4 milyon olan Azərbaycandan cəbhəyə 681 min nəfər yollanıb ki, onlardan da 10 mini qadınlar olub. Azərbaycandan çağırılan 300 min nəfər cəbhədə həlak olub. Bundan başqa, Azərbaycandan 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü də cəbhə xəttinə cəlb olunub.

Azərbaycandan olan əsgərlər Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak edib, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstəriblər. Berlinə ilk daxil olan azərbaycanlılardan ibarət diviziya olub. Onlar Ukraynada, Krım yarımadasında vuruşub, Qızıl Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı faşistlərdən azad ediblər.

Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstəsi yaradılıb. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edib.

Sovet İttifaqı qəhrəmanları arasında 120-dən çox azərbaycanlı var.

Xəbər lenti
0