BAKI, 19 iyun - Sputnik. “Əvvəlcədən məlumat verildiyi kimi AVRO-2020 futbol üzrə Avropa çempionatının oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşlər rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspres marşrut xətləri təşkil edib”.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda deyilir.
Bununla bağlı azarkeşlərdən stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur: “Bəzi azarkeşlər avtomobillərini Bakı Olipmiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub. Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimpiya Stadionu ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.
Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar”.
AVRO-2020 Bakıda
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. Onlardan biri 12 iyunda Uels – İsveçrə (saat 17:00-da) təşkil olunub. 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.
Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər.
Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir.
Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.