CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün kriminal icmalı: keçmiş məhkumlar daha çox cinayət törədiblər

© AFP 2023 / GENT SHKULLAKUСилуэт человека, фото из архива
Силуэт человека, фото из архива  - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
DİN bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 - Zəng Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

BAKI, 18 iyun — Sputnik. Başa çatmaqda olan 18 iyun həm də cinayət, qayda pozuntusu halları ilə yadda qaldı. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa istinadən günün xronikasını təqdim edir:

Daha bir qadın qətli - onun əri tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib

Tərtər rayon prokurorluğunun məlumatına görə, iyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daha bir qətlin təfərrüatları bəlli olub

Xəbər verdiyimiz kimi, iyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş Rayon Porikurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi isə vətəndaşlara xəbərdarlıq edib

Xəbərdarlıq mətnini təqdim edirik:

"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Belə ki, həmin dələduzlar vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edərək və “WhatsApp” vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edirlər. Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 - Zəng Mərkəzi”nə məlumat vermələrini xahiş edirik".

Qadını şantaj edən şəxs saxanılıb

 Xəzər Rayon Polis Şöbəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb. Hazırda araşdırma aparılır.

Çətənə kolu yandırılıb

Oğuzda 3 tondan artıq çətənə kolu yandırılıb. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş–xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Keçmiş məhkumda tapança və patron aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılıb. Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Əvvəllər məhkum olunmuş daha bir şəxs saxlanılıb

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də N.Qocayevin içərisində 270 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədzadə saxlanılıb.

O, əvvəllər məhkumluq həyatı yaşamışdı

 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirişzadə heroin satarkən saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq tiryək, 1 kiloqram 503 qram heroin və elektron tərəzi də aşkar edilərək götürülüb.

Ağcabədidə də daha əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndində yaşayan, əvvəllər məhkum olunmuş İ.Şirinovun evinə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı, 30 ədəd patron, 1 ədəd qumbara və içərisində barıt olan torba aşkar edilərək götürülüb.

Göründüyü kimi, öncələr məhkum olunanlar arasında cinayətə meyillik qalır. Ən azı bu günün baş verən kriminal hadisələrin xronikasına baxdıqda bu cür xəbərlərin üstün olduğunu görərək bunu deyə bilərik.

Unutmayın ki, heç bir cinayət cəzasız qalmır...

Xəbər lenti
0