CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda "yay məktəbləri" kimi fəaliyyət göstərəcək müəssisələrin sayı bilindi

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
Azərbaycanda bu gündən "yay məktəbləri"nin fəaliyyətinə start verilib. "Yay məktəbləri" 30 iyun tarixinədək davam edəcək

BAKI, 16 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"nə start verilib. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, ümumi təhsil müəssisələrində təşkil olunan "Yay məktəbləri"ndə iştirak etmək istəyən şagirdlər 16-30 iyun tarixlərində məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

Qeyd edək ki, "Yay məktəbi"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir. "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

Xatırladaq ki, Təhsil Nazirliyi "yay məktəbləri"nin təşkili ilə bağlı qərarı keçirilmiş sorğu əsasında verib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, sorğu nəticəsində 44% respondent "yay məktəbi"nin təşkilinə müsbət rəy verib. Nazir deyib ki, bu I-IX siniflərdə təhsil alan təqribən 1,350,000 şagirddən 600,000 nəfərinin valideyninin övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləməsi deməkdir: "Hətta sorğuda mümkün xətaları nəzərə alsaq, bu say 500,000-nə (yarım milyon) yaxındır. Təhsil Nazirliyi olaraq yüz minlərlə şagirdimizin öyrənməsini təmin etmək bizim əsas vəzifəmizdir. Hər hansı səbəbdən bu təşəbbüsə qoşulmaq istəməyən valideynlərin seçimini də anlayışla qarşılayırıq. Xatırlatmaq istərdim ki, "yay məktəbləri" könüllü və ödənişsiz əsasda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq təşkil ediləcək".

Həmçinin oxuyun:

"Yay məktəb"lərinə qəbul başlayıb

Xəbər lenti
0