00:39 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
3045

İyunun 4-də AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Kəlbəcərdə minaya düşərək həlak olublar. Sputnik Azərbaycan-ın müxbiri Nigar İsgəndərova ən yeni tarixi qələmləri, kadrları ilə yazan həmkarlarımızın evində olub.

BAKI, 10 iyun — Sputnik. Müharibə uşaqları...  Həmkarlarımız – Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun, 20 il AZƏRTAC informasiya agentliyində çalışan Məhərrəm İbrahimovun uşaqlığını məhv edən də elə müharibə idi. Ötən əsrin 80-ci illərinin sonlarında başlayan didərgin həyatı, 90-cı illərin əvvəllərində başlayan qaçqınlıq həyatı çox şeyi bu uşaqlardan qopardı, sağalmaz izlər buraxdı. Bu azmış kimi erməni vandalizmi bu gün onların övladlarının – Sirac Abışovun övladı Özgür, Məhərrəm İbrahimovun övladları Uğur və Toğrulun həyatlarından da bir böyük parçanı aldı, canı canlarından olan atalarını onlardan qopardı və illərin sağalmaz izlərini buraxdı.

Bir qədər öncəyə qayıdaq:

4 iyun 2021-ci il - şəhid xəbəri gəlir. İki şəhidimiz var – Abışov Sirac və İbrahimov Məhərrəm tank əleyhinə minaya düşərək həlak olublar.

Geridə qalanlar isə onlardan xatirələr, kadrlar, iti qələmlə yazılan tarix oldu.

Artıq həmkarlarımızın ölümündən bir həftə ötür. Sputnik Azərbaycan olaraq onların əziz xatirələrini yad etmək üçün həmkarlarımızın yaşadıqları ünvana üz tutduq.

Sumqayıtda “Nasosnu” (Tağıyev qəsəbəsi) adlanan yerdə - Sirac Abışovun ailəsinin evindəyik:

Bir qədər toparlandıqdan sonra xalası Səadət Adıyeva sözə başlayır: “Sirac 7 ay idi ki, evdə deyildi, ailəsini, 1 yaşlı körpəsini qoyub dağlarda, daşlarda idi. Onun ölümü bizim üçün çox ağır oldu. Dünyaca məşhur operator olmaqla isə bir tərəfdən də içimizdə qürur hissi yaratdı. O, bu gün həm də qürur yerimizdir. Bu bizim ilk şəhidimiz deyil, qardaşım da birinci Qarabağ müharibəsində şəhid olub”.

© Sputnik / Nigar Iskanderova
Sirac Abışovun xalası Səadət Adıyeva

“Sirac şəhid olmazdan təxminən 10 gün qabaq bizim, özünün doğma kəndinə - Qubadlı rayonunun Dondarlı kəndinə gedib. Qarabağ müharibəsində dünyasını dəyişən dayısının şəklini illərdir ki, ürəyinin başında gəzdirirdi. 10 gün öncə o şəkli bayraqla birgə apararaq ata evimizə sancıb. İndi o, Sumqayıtda Şəhidlər Xiyabanında dayısı ilə birgə uyuyur”, - deyə xalası əlavə edir.

Xatirələr onu Siracın uşaqlığına aparır: “Uşaqlığı çox ağır oldu, deyərdim. Onun uşaqlığı qaçqınlıq dövrünə təsadüf etdi. Qardaşım şəhid olmuşdu, yas içində idik, yeni qaçqın düşmüşdük. Gəlib Bakıda məkunlaşdıq, qapısı, pəncərəsi olmayan evlərdə yaşamağa başladıq. Sirac da bu evlərdə böyüdü. Bu evlər vaxtilə hərbçilər üçün tikilməsi nəzərdə tutulan yarımçıq evlər idi”.

Ailə olaraq indi-indi xoş günlər görməyə başlayırdılar. İyunun 16-da Siracın ailə həyatı qurmasının iki ili tamam olacaqdı... Xalası deyir ki, heç körpə balasını 5 ay gördü, ya yox: “Övladına Özgür adını qoymuşdu. Körpədir, 1 yaşı təzə olsa da, deməzdim ki, heç nə başa düşmür. Onun gözlərinin dərinliyində böyük bir kədər, iztirab var, heç baxmaq da olmur. Cənazəsi gələnəcən “dədə” deyən uşaq, cənazə evə qoyulandan sonra onun yanında yuxuya getdi. O da babasına "dədə" deyir, amma iki gündür artıq babasına da "ata" deyir”.

İllərin ötməsi, Abışovlar ailəsinin övladlarının zamanla böyüməsi I Qarabağ müharibəsindəki kədəri yavaş-yavaş unutdururdu. Lakin Siracın ölümü bu kədəri yenilədi, silinməz bir iz buraxdı: “Ona demişdilər ki, ana torpağın alınıb, artıq aylarladır ki, burada xidmətdəsən, get, səni başqa operatorla əvəzləyək. Deyib ki, "Yox, bu viranəlikləri, bu vandalizmi özüm çəkəcəyəm". O deyirdi ki, ömrünün ikinci baharını yaşayır, çox sevinirdi. Sirac deyirdi ki, "Mən o torpaqlara 50 milyonluq azərbaycanlının gözü ilə baxıram. Biz isə indi o torpaqlara Siracın gözü ilə baxırıq. Türkiyənin tanınmış jurnalisti də deyirdi ki, Gəncə hadisələrində də Siracla bir yerdə olublar. O deyirdi ki, Sirac onlara kadrlar da verib. Funda bu itkini qardaş itkisi adlandırırdı”. 

© Sputnik / Nigar Iskanderova
Sirac Abışovun ailəsi

Sirac hər kəsin xatirəsində isə həyat eşqi yanan biri kimi qalıb: Yoldaşına deyirdi ki, "Bir Kəlbəcər qalıb, çəkilişləri başa vuraq aparıb uşaqları oralarda gəzdirəcəyəm". Videolarına baxırıq, hər çəkilişə gedəndə “Qismət olsa, qayıdarıq” deyirdi. Sonuncu dəfə övladı ilə görüşəndə də sanki nəsə ürəyinə dammışdı. Eynən I Qarabağ müharibəsində şəhid olan dayısı kimi, çanta ilə düşüb, yoldan qayıdıb, çantaları məhəllədə qoyub evə dönüb ki, Özgürü bir də əzizləsin. Özgürü taxtın üstünə qoyub əzizləyib, oyadıb, doyunca özünə sıxıb. Deyib ki, "Uşağın lap yeməli vaxtıdır, heç ayrıla bilmirəm ondan"".

Həmin günü, iyunun 4-ü sanki ürəyinə nəsə damıb: "Həm anası, həm də atasına ayrıca mesaj yazıb ki, bir-birinizdən muğayat olun. Həmin gün səhəri elə hamı ilə - bibiləri, xalaları, ata-anası ilə danışıb".

Otağın bir küncündə isə səssiz-səssiz ağlayan qara donlu, qara örpəyli qadın oturub. Ürəyi, bağrı qan olan ana... Danışa bilmir, boğulur, səsi batıb... Gözlər isə acısının nə qədər ağır olduğunu anlatmağa çalışır.

Qardaşı kimi operator olan Şirzad Səmədov üçün indi Siracın yoxluğundan danışmaq çox çətindir: “Çəkilişdə idik, Bülbülədə. Yanımdakı iş yoldaşıma ofisdən zəng gəldi. Həmin səs yanımdakına dedi ki, "Çəkil qırağa söz deyirəm". 40 dəqiqə əvvəl ayrıldığım digər iş yoldaşım da mənə yazdı ki, "Hardasan?". Nəsə bundan sonra içimi bir şübhə bürüdü. Amma o da heç nə demədi. AzTV-nin əməkdaşı Mənsur Həsənov zəng etdi, zəngi açan kimi dedim ki, nəsə olubsa, de. Dedi ki,  "mina partlayıb", dedim, bəs nəticə nədir. Heç nə demədi. Digər həmkarım mənə həqiqəti dedi. Çəkilişi başlamadım, dayandıq”.

Qardaşının ölüm xəbərini çatdırmaq ona çətin olur, gizlədir. Buna baxmayaraq həqiqət qısa zamanda onun ailəsinə ayaq açır: “Siracın həyat yoldaşı uşağı yatızdırmağa hazırlaşırdı, düşünüb ki, bir də zəng etsin, yazışsın, sonra uşağı yatızdırsın. Elə internetə daxil olan kimi bu xəbəri görüb, tez anama deyib. Anamda qazın üstündə aş bişirirdi, elə oradaca donub qalıb”.

© Sputnik / Nigar Iskanderova
Sirac Abışovun yaşadığı bina

Siracla bağlı keçmişdə danışmaq, xatirələri yad etmək qardaşına elə də asan olmur: “Elə hər anımız bir xatirə idi. O cüssəli idi, hərdən tutub məni silkələyirdi, mən də onu zarafatyana vururdum. O, həmişə pozitiv olub, yəni, nəyisə hiss elətdirməyib. Hadisədən bir-iki həftə öncə gələndə yığışıb bir məclis təşkil etmişdik. Çəkdiyim videoların hamısında o, qəmgin düşmüşdü. O, ən çox övladı üçün darıxırdı”.

“Onun yoxluğu dayağımın olmamasıdır. Dünya yıxılıb, altında qalmışam. Həmişə bir şey olanda deyirdim ki, qardaşım var. O dünyasını dəyişəndən sonra ilk dəfə valideynlərim və onun ailəsi, övladına baxmaq üçün özümə cansağlığı arzulamışam”, - deyə qardaşı əlavə edir.

Anası danışır: “İnana bilmirəm, elə bilirəm ki, işdədir, indi qapıdan girəcək...”.

“Heç qız anaya elə baxmazdı, o cür anasına baxır, qayğısına qalırdı, ayaqlarını suya qoyurdu...”, - deyə xalaları sözə qoşulurlar.

Əmisinin həyat yoldaşı Aidə Abışova da hönkürə-hönkürə danışır: “Sonuncu dəfə bizə qonaq gəlmişdi. O gedişi ilə bizi elə yandırıb külə döndərdi ki, desəm belə, az demiş olaram. Ölənəcən onun haqqında danışıb yanaram. Onun şəhid canına qurban olaram. Atası onunla nəfəs alırdı. Hadisədən bir gün öncə də mən onunla danışmışdım. Dedim "O mundarlar nə desən etmiş olar, özünü qoru!". Bir səs atmışdım, dedi ki, "İnşallah, xala, qismət olsa, oxuyacağam. Səhəri də 10 olmazdı, bu xəbəri aldıq. İnanmaq istədik, dedik barı əli, ayağı olmasın, amma nəfəsi gəlsin... Bir oğlum dünyasını dəyişib, o həmişə deyərdi ki, "Sənin yenə də iki oğlun var. Mən həmişə yanında olacağam", deyirdi, amma sözünü tutmadı”.

“Balam arzuları ürəyində getdi. Uşağının yeriməyini görmək istəyirdi. Deyirdi ki, məşq elətdirin, yerisin, gələndə qabağıma qaçaraq gəlsin. Amma özü tələsdi, tez gəldi”, - deyə ana sözə qoşulur, bir küncə qısılıb, hönkür-hönkür ağlayır.

© Sputnik / Murad Orujov
Sirac Abışovun anası Azadə Səmədova

Səadət xanım deyir ki, Sirac Kəlbəcərə gedəndən anasının təşvişi artmağa başlayıb. Yuxular da müəyyən işarələr verməyə başlayır: “Bacımın sözlərindən qorxdum. Axı Sirac 6-7 ay idi dağlarda idi, heç anası bu müddətdə belə qorxmamışdı. Dedim, ana ürəyidir, yəqin hansısa təhlükəni hiss edib. Sonra da yuxuda görüb ki, əlinə xına qoyub oynayır, Siracın operator yoldaşları dağın başından onu çəkir. Belə yuxular pisə yozulur. Xına qoymaq, toyda oynamaq səsdir, pis xəbərdir. Təsəvvür edin, qardaşım şəhid olmazdan öncə məni yuxuda oynayan görmüşdü”.

“Yatmıram ki, yuxu da görüm”, - deyən ana, ”İnşallah yuxuma gələr”, - deyə dua edir.

Sirac ölümü ilə onlara əvəzsiz bir miras qoyub - öz övladını. Bütün acılara baxmayaraq hər kəs bu körpə üçün yaşamağı özünə borc hesab edir, Siracsız çətin olsa da...

Həmkarımızın əziz xatirəsinə həsr olunur...

Sputnik Azərbaycan olaraq həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik! Allah rəhmət eləsin!

Həmçinin oxuyun:

Şəhid jurnalistlərin xatirəsi əbədiləşdirildi

İlham Əliyev və Mehriban Əliyeva jurnalistlərin həlak olması ilə bağlı başsağlığı verib

Əsas mövzular