01:13 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
2731

Yevlax sakini Vasif Nəsirovun hazırladığı qurğu baramaçılıqla məşğul olan fermerlərimizin işini yüngülləşdirməlidir.

BAKI, 7 iyun — Sputnik. Son illər bölgələrdə baramaçılığa maraq artıb. İnsanlar ipəkqurdu bəsləməklə gəlir əldə etməyə çalışırlar. Dövlət tərəfindən pulsuz paylanan qurdlara normal qulluq edilərsə, az müddət ərzində kəndli yaxşı qazanc əldə edə bilir. Baramanın bəslənməsi üçün yem və düzgün saxlanma şəraiti vacibdir. Məhsul götürülən zaman isə kümçülər üçün ən çətin proses baramanın təmizlənməsi olur. Onu zədələmədən, vaxtında çəkil şaxlarından ayırmaq üçün bir neçə işçi cəlb edilir. Bu isə əlavə xərc yaratmış olur.

Sputnik Azərbaycan xəbər verir ki, Yevlaxın Aşağı Qarxun kənd sakini Vasif Nəsirov kümçüləri əlavə xərcdən, çəkilən əziyyət və vaxt itkisindən qurtarmaq üçün barama təmizləyən qurğu hazırlayıb. Sözügedən qurğu 20-dən artıq işçinin görə biləcəyi işi vaxtından əvvəl tamamlayır. Bir sözlə 66 yaşlı Aşağı Qarxun kənd sakini əl əməyini, texnika vasitəsi ilə asanlaşdırmağı bacarıb.

© Sputnik / Rahim Mammadov
Yevlax sakini Vasif Nəsirov

V.Nəsirov barama təmizləyəni pambıq yığan kombaynların müəyyən hissələrindən və elektirik mühərrikindən hazırladığını deyir: “Qurdları götürüb bəsləmək çox rahatdı. Amma məhsul vaxtı baramanın təmizlənməsi bizə çətin olurdu. İsti günlərdə əl əməyi ilə bir-bir şaxlardan onu toplamaq əziyyətli idi. Həm də məcbur olurduq əlavə işçi tutaq ki, vaxtında işimizi yekunlaşdıra bilək. Elə bunu nəzərə alıb qurğunu hazırladım. İki ədəd barama təmizləyən varımdır. Gün ərzində onun arxasında durub normal işləyən olsa, onun hər biri 500-600 kiloqram barama təmizləyə bilir. Halbuki əvvəllər bir kilo baramanı bir adam bir saata çətinliklə təmizləyib qurtara bilirdi. Təsəvvür edin, bir kilo baramada 700-800 ədəd olur, bunu əllə təmizləmək çox çətin idi. Hazırladığım qurğu 20-dən çox adamın işini görür. Çox sərfəlidir”.

  • Vasif Nəsirovun özü düzəltdiyi qurğuda təmizlədiyi baramalar
    © Sputnik / Rahim Mammadov
  • Vasif Nəsirovun düzəltdiyi barama təmizləyən qurğu
    © Sputnik / Rahim Mammadov
  • Yevlax sakini Vasif Nəsirov
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Vasif Nəsirovun özü düzəltdiyi qurğuda təmizlədiyi baramalar

Sputnik Azərbaycan-ın müxbiri Rahim Məmmədov ilə söhbətində Yevlax sakini Vasif Nəsirov bu il yüksək məhsul əldə etdiyini deyib. O, həmçinin baramanın Aran rayonları üçün daha tez paylanılmasını vacib hesab edir: “Bu il məhsuldarlığımız çox yaxşıdır. Aidiyyəti qurumlardan bir məsələni xahiş etmək istəyirəm. Baramanı Aran rayonları üçün tez versinlər. Aprelin 24-nə qədər paylansa daha yaxşı olar. Çünkü isti havada yarpaq da solur, qurd yemir. Həmçinin sərin yer gəzir ki, baramanı sarıya bilsin. Həmçinin gecikəndə məhsuldarlıq da aşağı olur, təmizlənməsi də çətin olur. Bu il tez verildi, çox yaxşı oldu, normal vaxtda yetişdirdik. 20 qram qurd götürmüşdük bu il, 70-80 kiloqram məhsul verəcəyik. Yüksək göstəricidir”.

Yevlax sakinin hazırladığı barama təmizləyənə maraq böyükdür. Vasif Nəsirov əl işini baramaçılıqda tətbiq etmək üçün aidiyyəti qurumlara da müraciət edib.

Əsas mövzular