17:48 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
5054

On beş yaşında valideyn olmuş ağcabədili qızın sonrakı taleyinə dövlət qurumunun təmsilçisi aydınlıq gətirir.

BAKI, 3 iyun — Sputnik, Nigar İsgəndərova. Xəbər verdiyimiz kimi, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub. Hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirib.

E.Səfərov bildirib ki, artıq yerli icra hakimiyyətinin nümayəndələri ailələri ziyarət edib: "Qız bildiyiniz kimi xəstəxanadadır. Onlardan izahatlar alınıb, məlumatlar götürülüb. Onlarla məlumat mübadiləsi aparılıb. Gender əsaslı zorakılıq komissiyası tərəfindən nə kimi işlər görüləcək, hansı tədbirlər olacaq, bu haqda hələ ki, deyə bilmərik. Orada məcburiyyət faktı müəyyənləşdirilməlidir. Lakin məcburiyyət faktı müəyyənləşdirilərsə, başqa bir nəticə ola bilər. Məcburiyyət faktı yoxdursa, digər Cinayət Məcəlləsi ilə iş açıla bilər".

"Qız uşağı xəstəxanada olduğu üçün bütün məlumatları tam aydınlaşdırmaq hələlik ki, mümkün deyil. Bu gün, sabah bütün məsələlər tam aydınlaşa bilər", - deyə komitə rəsmisi əlavə edib.

Xatırladaq ki, baş verən bu hadisə ilə əlaqədar olaraq Sputnik Azərbaycan-ın bölgə müxbiri də məsələyə aydınlıq gətirməyə çalışmışdı. Səbinənin nənəsi Şərəf Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında qızın belə tez ailə qurub övlad sahibi olmasının səbəbini belə izah etmişdi: “Hərisini xalası oğluna vermişdik ki, 18 yaşa çatanda evləndirərik. 18 yaş toy etmək məqamı idi o vaxtlar... Sonra Səbinənin xalası, yəni Sadiqin anası rəhmətə getdi. Üç kişi qaldı evdə yaman günə. Xalasının uşaqlarının və yoldaşının çörəyini-çayını verən olmadı, paltarını yuyan olmadı. Səbinə də dedi, gedirəm onlara baxmağa. Onlar ac qalırlar. Uşaq gördü, xalası uşaqlarının vəziyyəti pisdir, evləndilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında vurğulanır ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir.

Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.

Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir.

Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.

Qeyd edək ki, "Ailə Məcəlləsi"ə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Həmçinin oxuyun:

"Mərhəmət"in fəsadları: Uşaqlar Günü Azərbaycanda bir uşaq ana oldu

Erkən hamiləlik, erkən doğumlar - Azərbaycanda son vəziyyət

Erkən nikahlar və onların doğurduğu faciələr – Körpələrimizi gözləyən acı tale

Əsas mövzular