03:49 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
CƏMİYYƏT
Qısa URL
87

Bir zamanlar onlar ölkənin ən məşhur azyaşlıları idi. Onlara həsəd aparan kim, onların adlarını öz övladlarına qoyan kim... Sputnik Azərbaycan ötən əsrin sonlarının ən məşhur uşaqlarını təqdim edir

BAKI, 1 iyun — Sputnik, Şahpəri Abbasova. Uşaq vaxtı "Sevinc buxtası", "Şir evdən getdi", "Mən mahnı qoşuram" və "Qəribə adam" kimi filmlərdə unudulmaz obrazlar yaradan Elxan Cəfərov hazırda rejissor kimi fəaliyyət göstərir. Uşaqlıq illərindən danışan rejissor bildirir ki, həmin illərdə yalnız böyüklər arasında ona qarşı münasibət fərqli olurdu: "Mən sadə sovet məktəblisi idim. Münasibət də elə sovet məktəblisinə olan münasibət idi, fərqli bir münasibət yox idi. Sadəcə fərq o idi ki, məktəbdə öz yaşıdlarım arasında mənimlə buna görə dostuq etmək istəyənlər də olurdu, mənə həsəd aparanlar da olurdu. Necə ki, əlaçılar "şərəf lövhəsi"nə düşürdülər, sonra öz həyatlarına davam edirdilər. Məndə də demək olar ki, eyni vəziyyət idi. Mən filmlərə çəkilirdim, sadə bir məktəbli kimi qayıdırdım, adi bir məktəbliyə çevrilirdim. Məşhur olduğum üçün yalnız böyüklər arasında mənə qarşı münasibət fərqli olurdu. Amma öz yaşıdlarım arasında hamımız uşaq idik, ayrıseçkilik yox idi. Qohumlarım mənimlə fəxr edirdilər".

"Məktəbdə məndən yuxarı siniflərdə oxuyan şagirdlər mənimlə dost olmağa çalışırdılar. Mən uşaq yaşlarımdan incəsənət aləmində olmuşam. Uşaq vaxtı çəkiliş meydançasında olmaq, sözləri yadda saxlamaq çətin idi. Ona görə də aktyorlar, rejissorlar mənə çox rəğbətlə yanaşırdılar. 1973-ci ildə kinostudiyanın binasından atama ev vermişdilər. Mən də elə bütün günü kinostudiyanın həyətində, özündə olurdum. Kinostudiyanın binasında yaşadığımıza görə həmin binada rejissorlar, aktyorlar qalırdı. Bu, bir taledir. Ya bəlkə də kinostudiyaya fiziki yaxın olduğumdan mən filmlərə çəkildim".

Kinorejissor Elxan Cəfərov
Kinorejissor Elxan Cəfərov

"Özünüz uşaq filmi çəkməyi düşünürsünüzmü?" sualına Cəfərovun cavabı belə oldu: "Uşaq filmi çəkmək üçün Azərbaycan böyük bir yol keçməlidir. Azərbaycan kinosu neçə illərdir ki, sovet kino istehsal sistemini bərpa edə bilməyib. Bərpa yox, yeni sistem yaradılmalıdır. Uşaq filmləri ən çətin filmlər növüdür. Uşaq filmi istehsal etmək üçün bir az vaxt lazımdır".

Sovet dövrünün ən məşhur filmi olan "Asif, Vasif, Ağasif" filminin Asifi, yəni Emil Pənahovla həmsöhbət olduq. Sözügedən filmə çəkildikdən sonra Emil Pənahov xoreoqrafiya məktəbinə daxil olub və bir daha heç bir filmdə çəkilməyib. Hazırda "Buta" rəqs ansamblının rəhbəridir. Xristian dinini qəbul edib və Bakıda yaşayır. Emil bəy həmin illəri belə xatırlayır: "Azərbaycan Televiziyasında uşaq filminin çəkiləcəyi ilə bağlı elan getdi. Bizim ailəmiz bu xəbəri çox gec aldı. Artıq 1 ay keçmişdi. Bibim məni AzTV-yə apardı. Orada bibim nəzarətçiyə dedi ki, "uşaq filmi çəkilir, bunula bağlı gəlmişik. Kiminlə görüşməliyik?". Nəzarətçi də bibimə "çox gecikmisiniz, artıq aydır ki, film çəkilir", dedi. Artıq uşaqlar da seçilmişdi, çəkilişlər də başlamışdı. Biz də məyus olduq, evə qayıtmaq istəyəndə nəzarətçi dedi "dayanın, Rasim İsmayılov yaxınlaşır, özü ilə söhbət edərsiniz". Rasim müəllim yaxınlaşanda bibim dedi ki, "uşağı gətirmişik, bəlkə baxasınız". Rasim müəllim də dedi "artıq gecikmisiniz". Evə getmək istəyəndə rejissora dedim ki, "mən su içmək istəyirəm". Rasim müəllim də qayıtdı ki, "bu uşağa su verməmisiniz?" Bir stəkan su süzüb mənə verdi. Mən də suyu birinci bibimə ötürdüm. Bu, rejissorun çox xoşuna gəldi ki, suyu birinci özü içmədi, bibisinə verdi. Dedi "yaxşı, sabah gəlin, baxarıq. Nə olar, olar". Ondan sonra başladıq çəkilişlərə. Yaxşı qonorar verirdilər. Babam da zarafatla deyirdi "kişi belə olar e, pul qazanır".

Emil bəy Vasif və Ağasif rolunun ifaçılarını uzun illər axtardığını söyləyib: "Orada balıqlar üçün ağladığım səhnə var idi. O, ən zəhləm gedən səhnə idi. Elə utanırdım ki. Məktəbə gedəndə lağa qoyurdular ki, "balıqlar üçün ağlayan oğlandır". Həmişə o film televiziyada göstəriləndə baxmırdım, gizlənirdim o biri otaqda. Təəssüf ki, tərəf müqabillərim Ramin (Vasif) və Hökümə (Ağasif) ilə əlaqələrimiz yoxdur. Mən dəfələrlə KİV-lərə müsahiblər vermişəm, onları axtarmışam. Bildiyim qədəri ilə Hökumə xaricdə yaşayır, ailə qurub. Raminlə isə 90-cı illərdə görüşmüşdük. Ondan sonra əlaqəmiz kəsildi".

Asif rolunun ifaçısı aktyor olmaq istəyib, amma müəyyən səbəblərə görə, necə deyərlər, arzusuna çata bilməyib: "Bizim dövrün uşaqlarından soruşanda ki, kim olmaq istəyirsən? Deyirdilər "Yuri Qaqarin olmaq istəyirəm" bəzisi deyirdi "polis olmaq istəyirəm". Məndən soruşanda isə deyirdim, "aktyor olmaq istəyirəm". Amma sonralar, 90-cı illərdə nə uşaq filmləri çəkildi, nə də studiyalar işlədi. Ona görə də məcbur Xoreoqrafiya məktəbinə getdim, əlaçı olaraq bitirdim. Sonra Dövlət Rəqs Ansamblında rəqsi davam etdirdim və həyatımı rəqsə bağladım. Film olmasa da, özümü incəsənətə bağladım".

"Asif, Vasif, Ağasif" filmi yenidən çəkilərsə, yenə də o obrazda oynamaq istəyərdinizmi?" sualına "yox, heç vaxt oynaya bilmərəm. Çünki, o vaxt oynamırdıq, yaşayırdıq".

"7...17"dən başlayan yol

90-ların uşaqları onu çox yaxşı xatırlayır. O dövrün azyaşlı qızları özlərini ona bənzətməyə çalışırdılar. Söhbət Xəyalə Manaflıdan gedir. Hazırda müğənni kimi fəaliyyət göstərən Manaflı sənətə yeni başladığı dönəmlərdən danışıb: "Mən yeni başladığım dönəmlər Qarabağ müharibəsi yeni başlamışdı. Hər kəsin ürəyində ağrı-acı var idi. Aclıq, qıtlıq, torpaqlarımızın işğalı, qaçqın həyatı və hər gün şəhid xəbərləri... Bütün bunlar insanları ruhdan salmışdı. Bu dönəmdə balaca bir qızın səhnəyə çıxmağı, insanlara az da olsa, sevinc bəxş edirdi. "7...17" mahnı müsabiqəsinin yaranmasının səbəbi o idi ki, insanların qəlbi az da olsa, fərəhlənsin. 18 yaşında olanlar müharibəyə gedirdi, 17 yaşa qədər olanlar isə çalışırdı ki, nəsə etsin ki, insanıların ruhu ölməsin".

Müğənni bildirir ki, onu uşaqlıqdan sevən insanlar bu gün də ona olan sevgini qoruyub saxlayıblar: "Çox xoşbəxtəm ki, məni zamanında üzə çıxarıblar. O vaxt valideynlər mənim adımı öz övladlarına, nəvələrinə qoyurdular. Bunu özümdən demirəm, insanlar bunu etiraf edirlər. Geyimlərini, saç düzümlərini mənə bənzədirdilər. Vizual görünüşümdən tutmuş ta ki adıma qədər özlərinə örnək götürürdülər. Xoşbəxtəm ki, özüm də bilmədən böyük bir nəsil yetişdirmişəm".

Müğənni sənətə aparıcı kimi başlayıb: ""7...17"-dən öncə Dövlət televiziyasında Baba Vəziroğlunun redaktorluğu ilə uşaq verilişi hazırlamaq istəyib və həmin verilişə aparıcı axtarıb. O vaxt valideynlər uşaqlarını efirə, səhnəyə çıxarmağa icazə vermirdilər. Kiçik dərnəklərə icazə verilirdi, amma kütlə qarşısına çıxmağa icazə vermirdilər. O dönəmlərdə həmin verilişi aparmaq üçün uşaq axtarırdılar. Həmin vaxt mənim xalam Məryəm Əlibəyli AzTV-nin əməkdaşı idi. O təklif edib ki, mənim bacım qızı var, yaşı azdır. Amma dilli-dilavər uşaqdır. Məni AzTV-yə gətirdilər. Mənimlə söhbət etdilər. Və beləliklə, "Bax belə" adlı veriliş efirə başladı. Bir neçə müddət sonra "7...17" müsabiqəsi başladı. Artıq həmin vaxt tanınırdım. Dedilər niyə də Xəyalə həmin müsabiqədə iştirak etməsin. Beləliklə, mən müsabiqəyə qatıldım. Turlardan keçdim. Həmin müsabiqənin "demo" versiyasını çəkdilər. İkinci verilişdə Sevil Nuriyeva və Malik Məmmədov məni təqdim etdilər. "Bu gündən sonra Xəyalə bu müsabiqənin həm iştirakçısı, həm də aparıcı köməkçisi olacaq". Beləliklə, mən həm verilişin aparıcısı, həm də müsabiqənin iştirakçısı oldum. Mən münsiflər heyəti və tamaşaçı məktublarına əsasən, öz yaş kateqoriyam üzrə qalib oldum".

Həmsöhbətimiz efirə az-az çıxmağının səbəbinə aydınlıq gətirib: "Bütün jurnalistlər mənim boynuma qoyurlar ki, uzaqlaşmısınız. Xeyr, mən uzaqlaşmamışam. Mən yenə də mahnılar yazdırıram. Sənətimi davam etdirirəm. Sadəcə mən bəzi müğənnilər kimi hər gün efirə çıxmağı özümə rəva bilmirəm. İki gündən bir efirə çıxmaq, eyni mahnılarla, eyni müğənnilərlə insanları bezdirmək mənim karyeramın qaydalarında yoxdur. Atv kanalı ötən ilin yayında məni dəvət etdi, üstündən 3 ay keçdi məni yenidən dəvət edəndə dedim "uşaqlar, bəsdir, bir müddət gözləyək". Bu yaxınlarda yenidən efirə çıxdım. Bəzən elə verilişlərə dəvət edirlər ki, orada mənim danışacaq mövzum yoxdur. Mənim oxuduğum mahnılar, geyim tərzim, dünya görüşüm o verilişə uyğun deyil. Mən efirdə görünüm deyə heç vaxt o verilişə çıxmaram. Ona görə də mən hər kəsə uzaqlaşmış kimi görünürəm. Amma mənim sənət fəaliyyətim bir ay da olsa, dayanmayıb. Mahnı oxumasam belə, verilişlər aparmışam. Bu gün burnumu kəsdirib çıxım, sabah həmin verilişə dodağımı şişdirib çıxacam? Hər yeni mahnı yazdıranda çıxım efirə ki, "ay haray, mən yeni mahnı yazdırmışam". Adama deyərlər, "Gözümüz aydın, müğənnisən də, mahnı yazdırmalısan, bunu üçün efirə çıxmağa nə gərək var?" İnsanları bezdirmək olmaz. Yaradıcılığım barəsində danışacaq bir neçə veriliş var. O verilişlərə dəvət alıram. Onlara da çox az çıxıram".

Əsas mövzular