BAKI, 1 iyun — Sputnik. Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsi elan edib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri iştirak edə bilər .Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Xəbərdə qeyd edilir ki, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) arasında müsabiqə ayrı-ayrılıqda keçirilir.
Müsabiqədə iştirak üçün:
– onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır;
– öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir;
– onlayn media subyekti (veb-sayt) yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;
– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır;
– bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət heyəti olmalıdır;
– hər ay 20 (iyirmi) gün ərzində gündəlik ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməlidir (dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla).
Tələb olunan sənədlər:
– baş redaktorunun ərizəsi;
– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
– nizamnamənin surəti;
– bank rekvizitlərini əks etdirən sənəd;
– minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri;
– fəaliyyət göstərdiyi ofis sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənədin surəti;
– veb-saytının google analytics hesabına yazılı giriş icazəsi.
Müsabiqəyə müraciət forması:
Müsabiqəyə müraciət tələb olunan sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması yolu ilə edilir.
Qiymətləndirmə
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifəsi üzrə aparılır.
Ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifənin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
– ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər;
– idman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
– Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.
Müraciətlərin qəbulu 01 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir.
Medianın İnkişafı Agentliyi çap mediasına da dəstək layihəsi elan edib.
Qəzetlər arasında müsabiqə
Agentlikdən verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.
Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:
– mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;
– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
– yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;
– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır.
– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.
Müsabiqədə iştirak etmək üçün müraciət edən qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.
Tələb olunan digər sənədlər:
– qəzetin baş redaktorunun ərizəsi;
– qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;
– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
– qəzet redaksiyasının nizamnaməsinin surəti;
– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;
– mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;
– qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri);
– qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd;
– qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr;
– qəzetin bank rekvizitlərini əks etdirən sənəd;
– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);
– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).
Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər:
– qəzetin baş redaktorunun ərizəsi;
– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);
– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).
Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qəzet nömrələrinin qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;
– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
– Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır;
– Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər.
Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;
Müraciətlərin qəbulu iyunun 1-dən 11-dək həyata keçirilir.