Sputnik, Nigar İsgəndərova
BAKI, 31 may — Sputnik. İş üçün körpə övladını hər gün səhər tezdən yanında küçələrdə aparan bir süpürgəçi ananın acımasız həyatından yola çıxdıq. Hər acı hekəyədən sonra, "Görəsən, bundan daha dəhşətli nə ola bilər?" deyə öz-özümüzə sorğu-sual etdik. Görəsən, azyaşlı, yeniyetmə qızcığazın sübh tezdən yaşadıqları, ev adlandırdığı yerdən xeyli aralıda, təxminən 2 saatlıq piyada yolu olan ikitərəfli magistralda qoyun otarmasından necə, daha dəhşətlisi ola bilərmi?
Bakı dairəvi Zığ şosesindəyik... Yol boyu maşınlar o üz, bu üz şütüyür, yol qırağında isə azyaşlı bir qızın həyat hekayəsi canlanır. Selcanın (ad şərtidir-red.) 13 yaşı var, demək olar ki, hər gün bu yollarda üzvü olduğu ailənin qoyun-quzularını otarır. Selcanla bir daşın üstündə oturaraq söhbətə başlayırıq.
118 nömrəli məktəbdə oxuyur. İndiki dərs qrafikinə görə həftənin müəyyən günləri məktəbdə dərsdə olur. İnternet olmadığı üçün distant dərslərə qoşula bilmir. Amma bununla belə, dərslərindən qalmır, həm qoyun otarır, həm də burada bir daşın üstündə oturub dərslərini oxuyur. Özünün dediyinə görə, dərslərindən əksər hallarda 4, 5 alır:
"Artıq beş ildir ki, çobanlıq edib pul qazanıram. Atamın arada suvaq işi olur, onda gedir. Yoxsa belə, işsizdir. Ümumilikdə, 38 qoyunum var, hamısı özümüzündür, aylıq təxminən biri 140-150 manat olan 1-2 qoyun sata bilirəm".
Bu yol onun həm də arzular məkanıdır, özü üçün saysız-hesabsız arzular, xəyallar qurur. Qızcığazın arzusu isə həkim olmaqdır. Həkim olub insanların dərdlərinə bir dərman, əlac tapmaq.
Yeniyetmə qız deyir ki, təxminən 5 il əvvəl ailəsi qoyunları alıb, zamanla balaları olduqca sayları da artıb. Bir qədər bizə valideynləri haqda da danışır. Deyir, qardaşının 6, bacısının isə 10 yaşı var:
"Anam evdar qadındır, işləmir, sağlamlığı yerindədir. Atam da elə evdə olur. Nə bilim, çətindir... Çoban olmaq, heyvanlarla işləmək çox çətindir. Səhər yeddinin yarısından axşam yeddinin yarısınadək bütün günü onların arxasınca qaçıram, bir də görürsən ki, maşın yoluna çıxırlar".
"Bu yollarda həyatın üçün təhlükəli nəsə hiss edirsənmi?" sualına cavab olaraq Selcan heç bir təhlükənin olmadığını deyir: "Amma hava şəraiti ilə əlaqədar olaraq çox çətinliyim olur, yağış, qar, külək, soyuq...çətindir". Elə bu çətinliyin nə olduğunu biz də orada olduğumuz yarım saat ərzində gözəl başa düşdük. Qumu udmuşduq, dişlərimizin arasında belə necə xırçıldadığını hiss edirdik. Havanın küləkli olmasına baxmayaraq, gündən qovrulmuşduq.
Bir azyaşlının hər gün eyni şəraitdə çalışdığını düşünəndə adamı vahimə basır, görəsən, adi bu qum belə onun səhhətinə problem yarada bilər.
Bu arada qızcığazın məktəbli çantası gözümüzə dəydi. "Görəsən, çantasında nə var", - deyə düşündüm. Sadəcə məktəb kitabları. Deyəsən, bu gün o, heç nə yeməmişdi. Bəlkə də elə hər gün heç nə yemir, özü bunu inkar etsə də.
Artıq beynimizdə sualların sayı artır: Görəsən, bir dəri, bir sümük olan, yeniyetməlik dövrünü yaşayan bu qızcığaz hər gün bu yollarda necə ac gəzir? Hər gün səhər 7-dən axşam 7-dək bu yollara necə tab gətirir? Ya da hər gün səhər 7-də burada olmaq üçün 2 saatlıq yol gəlib, elə axşam 7-dən sonra da evə qayıtmaq bu çəlimsiz qızcığaz üçün çox ağır deyilmi?!
Arada bizimlə söhbətdən başını ayırıb tez qoyun, keçi, quzularının arxasınca qaçır. Keçilərdən bir neçəsi artıq magistral yolun o başına keçib. Bizim üçün belə o yolu keçmək, maneəni aşmaq çətin görünür. Elə qəhrəmanımız üçün də. Maneəni aşaraq yolun o tərəfinə keçir, keçini yenidən otlaq hesab etdiyi, əslində isə ancaq qamışların olduğu yerə gətirir.
Yeniyetmə qız hazırda 5-ci sinifdə oxuyur. Deyir ki, yaşıdları ona qoyun otardığı üçün pis baxırlar:
"Bəzən yaşıdlarım heyvan otardığım üçün məni özlərindən seçirlər. Deyirlər ki, qız qoyun otarmaz. Mən də yaşıdlarım kimi oynamaq, onlar kimi gəzmək, əylənmək istəyərdim".
Onun əynindəki geyimlər də özünün deyil. Kimlərsə yol qırağında maşını saxlayaraq istifadə edilməyən geyimlərini ona bağışlayıblar. Bu anda əlləri, üst-başı quma bələnən qızdan "əsas problemin nədir?", deyə soruşuruq: "Bunadək hamamımız olmayıb, indi tikirik. Qoyunların satılmasına görə problemim olur".
Suallar beynimizdə dolaşa-dolaşa qızcığazın yaşadığı, amma demək olar ki, günün böyük hissəsini orada keçirmədiyi "ev"inə yollanırıq. Əslində ev də demək olmaz. 12 ildir adamların yaşadığı, içində hamam-tualetin olmadığı daxma. Maska taxsaq belə, qəribə qoxunu hiss etməmək mümkün deyil. Evdə, içəridə quşlar uçur, hər yer darmadağındır. Özünü bir anlıq səfillər yuvasındakı kimi hiss edirsən.
Evin böyüyü Nizami Əhmədovun 60, ananın isə 30 yaşı var. Nizami Əhmədov bizə şəraiti haqda danışır. Öncə səhhətindən gileylənir:
"Bir qədər ağrılarım var, işim yoxdur. Bir balaca gəzən kimi ayaqlarım şişir. Əlimlə bir qədər nəsə ağır bir yük daşısam, başlayır ağrayır. Əvvəllər maşınım vardı, dedim onu satıb alver edim, elə qoyun-quzu aldım."
N.Əhmədov deyir ki, hərdən ara işlər olanda işləyir: "Heç çatdıra bilmirik. Buna görə də bir-iki qoyunumuz var, uşağa otartdırıb onunla dolanırıq. O, hər gün gedib qoyunları otarır, ondan narahat qalırıq. O məktəbə gedəndə heyvanları hasarın içinə salırıq, məktəbdən qayıdıb heyvanları otarmağa aparır".
"14 yaşın içindədir, istəyirik ki, qoyunları sataq, nəsə edək", - deyə həmsöhbətimiz əlavə edir.
Bəs, nə? 12 ildə etmədiyinizi indi edə bilərsinizmi? Nə edə bilərsiniz ki, bundan sonra qızcığaz yollarda olmasın, təhsilinə, ondan uzaq düşən körpəliyinə, uşaqlığına gecikmiş olsa da, yeniyetməlik yaşlarında özünə zaman ayıra bilsin?! Cavab isə öncəkilərdən heç də fərqli deyil: "Allah kömək olar".
Dolanışıqlarını isə mağazalardan borc alıb qaytarmaqla qarşılayırlar. Bir neçə toyuq-cücələri olsa da, onların yumurtalarını satmırlar. Ana Xəlilova Səkinə deyir ki, günə bir neçə yumurta olur, o da ancaq özlərinə çatır.
"Bəs, evdə nəsə bir işlə məşğul olmağı necə, düşünürsüzmü?" sualna ana belə cavab verir: "Nə iş? Evdə ancaq elə ev işləri ilə məşğul oluram".
N.Əhmədov da söhbətə müdaxilə edir: "Belə götürəndə, özünün də xəstəliyi var. Hepatit B xəstəsidir".
Bəs, bir az öncə haqqında bəhs etdiyimiz balaca qəhrəman? Görəsən onun səhhəti haqda düşünən olubmu? Bir xəstəliyi, xəstələnmə riski varmı?
Gözdən əlil olan Elçini xatırlayıram. O, tamamilə gözdən əlil idi, amma gül toxuyub satırdı, pul qazanırdı.
Səkinə xanım deyir: "16 yaşımda qaçırılmışam...".
- Onda belə çıxır ki, Selcanın əsl atası başqa adamdır?
- Bəli.
Nizami Əhmədov deyir ki, bu həm onun, həm də Səkinə xanımın ikinci ailə həyatıdır. Selcan isə Səkinə xanımın öncəki münasibətdən olan övladı imiş.
- Nizami ilə birgə iki övladımız var. Birinci övladım Selcanın atasından heç nə istəmirik, heç aliment də.
Nizami Əhmədovsa deyir: "Uşağın adını da dəyişdirmişəm. Heç sənədi də yox idi. Selcan mənim soyadımı daşıyır. Uşaq heç ondan atalıq da görməyib".
Nizami Əhmədovun birinci evliliyindən övladı olmayıb, 40 gündən sonra həyat yoldaşı dünyasını dəyişib. Səkinə xanımla münasibəti isə illər öncə Qubada yaranıb: "Səkinəgil ailəlikcə orada fermada işləyirdilər. Mən də onunla elə orada tanış oldum".
Sot yarım torpağın içində olan ev özü də qeyri-qanunidir. Həmsöhbətimiz deyir ki, 12 ildir ki, elə bu evin üzərində işləyirlər.
Amma heç nə Selcanın uşaqlığını, yeniyetməliyini əlindən almaq üçün bəhanə sayıla bilməz.
Bu neft ölkəsində görəsən nə qədər küçələrin tin-bucağında uşaqlığından, isti yatağından uzaq düşən, ac-yalavac dolaşan, uşaqlıq arzuları ürəyində qalan səfil uşaqlar böyüyür?! Hələ nə qədər belə körpələr doğulacaq?!
P.s. Biz Selcanın və ailəsinin durumu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verdik. Onlar araşdırma aparacaqlarını və müəyyən addımlar atılacağını bildirdilər.