Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 may — Sputnik. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bütün sahələrdə çalışan insanların ruhunu yüksəltdi. Rəssamlar azad edilmiş rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin rəsmini çəkdi, şairlər şeirlər yazdı, bəstəkarlar yeni mahnılar bəstələdi. Bir sözlə, 30 ilin həsrətini hər sahənin adamı öz dili ilə, öz gördüyü işlərlə göstərdi.
Goranboyun Qazanbulaq qəsəbəsinin sakini Məhərrəm Əkbəri isə illərdir həsrətini çəkdiyi, arzulaydığı, amma gedib görə bilmədiyi Şuşa məscidinin, Xudafərin körpüsünün maketini hazırlayıb. İxtisasca rəssam-heykəltaraş olan qəsəbə sakini, Goranboyun ucqar dağ kəndi olan Buzluqdan - Murov dağının ətəklərindən gətirdiyi xüsusi daşlarla öz həyətində beyin məhsulunu yaradıb. Məhərrəm Əkbəri Sputnik Azərbaycan-la söhbətində həyətindən küçəyə çıxdıqda sanki, Şuşaya, Cəbrayıla ayaq basdığını deyib:
"44 günlük Vətən müharibəsində ordumuzun əzmkar qələbəsi məni də çox sevindirdi. Özüm də düşündüm ki, mən nə edim? Qərara gəldim ki, qəhrəman əsgərlərimizin mənfur düşməndən azad etdiyi tarixi abidələrimizin modelini, maketini öz qəsəbəmizdə, Qazanbulaqda hazırlayım. Goranboyun dağlar qoyunda yerləşən Buzluq kəndi var. O, Murov və Kəpəz dağları ilə əhatə olunub. Həmin kənddən, Murovun ətəklərindən xüsusi daşları yığıb gətirdim, təxminən 30 günə əl işini öz həyətimin girişində hazırladım. Bu tarixi abidələrimizi mən əyani olaraq görməmişəm. Yalnız efirlərdən izləmişəm. Ordumuz Cəbrayılı azad edəndə, Xudafərini özümüzə qaytaranda çox sevindim. Dedim şükür, ermənilər tariximizi məhv edə bilmədi. Mədəniyyət abidlərimiz yağı düşməndən xilas edildi. İndi bir arzum var, həmin məkanları gedib öz gözlərimlə görüm".
Qazanbulaq qəsəbə sakinləri, həmçinin bura gələn digər bölgələrdən olan qonaqlar, Məhərrəm kişinin əl işini maraqla qarşılayırlar. Həmçinin evin qabağında şəkil çəkdirib sosial şəbəkələrdə paylaşımlar edənlər də olur. Qazanbulaq sakini Mahirə Ərcüməndi deyir ki, xüsusi daşlardan hazırlanan Xudafərin körpüsü, Şuşa məscidi açıq havada müzeyi xatırladır:
"Qəsəbəmizin sakini rəssam-heykəltaraş Məhərrəm Əkbərinin gözəl əl işləri var. Burdan keçən hər bir kəs, dayanır, baxır, şəkil çəkir. Öz gözlərimlə şahid olmuşam. Mənim burada diqqətimi daha çox çəkən Şuşa məscidi oldu. Onun minarələri, məscidin özü çox gözəl dizaynla hazırlanıb. Baxanda elə düşünürsən ki, Şuşadasan və yaxud da Cəbrayılda, İranla sərhəddə, Araz çayının sahilində dayanmısan. Məktəblilərə də maraqlı gəlir, müəllimlərlə gəlib baxırlar. Müəllimlər də təbliğ edirlər ki, qəsəbəmizdə bunlar var".
Goranboylu rəssam-heykəltaraş yaratdığı kiçik abidədə hələ işlərinin bitmədiyini deyir. O, gələcəkdə həyətində qurub yaratdığı maraqlı məkanda Qarabağ xalçalarını da görməyin mümkün olacağını bildirib.