18:35 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
20 0 0

Bir daha əhaliyə müraciət edilir ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Bəzi işbazlar özlərini bank işçisi kimi təqdim edərək bank müştərilərinin məlumatlarını ələ keçirirlər. Onlar özlərini bank müştərisi kimi təqdim etməklə qarşı tərəfdən kartla bağlı məlumatlarını ötürmələrini tələb edir və bunun müqabilində müəyyən vədlər verirlər. Müştərilərin məlumatsızlığı və ehtiyatsızlığı isə onların hesablarındakı vəsaitlərin çıxarılmasına səbəb olur. Bəs bankların müştərilərə bu tələyə düşməmək üçün tövsiyəsi nədən ibarətdir?

"Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov belə hallarla qarşılaşdıqlarını vurğulayaraq deyib:

“Müştərilər tərəfindən kart məlumatlarının 3-cü şəxsə verilməsi halları, təəssüf ki, hərdən olur və hazırda da var. Banka belə bir müraciət olduqda, təbii ki, biz kartın sahibinə pulun silindiyi platforma və əməliyyatlar barədə məlumat təqdim edirik. Bundan başqa, "Kapital Bank" mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə ödəniş kartlarından təhlükəsiz istifadə barədə məlumatlandırıcı xəbərlər paylaşır, cəmiyyətdə maarifləndirmə tədbirləri keçirir, həmçinin kibercinayətkarlarla üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək barədə SMS-bildirişlər göndərir. Saytınız vasitəsilə bir daha əhaliyə müraciət edərək bildirmək istərdik ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər”.

"Bank of Baku"nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva da bildirir ki, bu gün bir çox kart sahiblərinin dələduzlar tərəfindən aldadılması, tələyə salınması ilə bağlı cəhdlərin olması, bəzilərinin hətta uğurla nəticələndiyi haqda məlumatlar eşidirlər:

“Bu kimi halların yaşanmaması üçün ilk növbədə bütün kart istifadəçilərindən şəxsi məlumatlarını qorumağı, digər şəxslərə ötürməməyi tövsiyə edir, qeyri-dəqiq mənbələrdən linklərə keçid etməməyə çağırırıq. Bankımız müştərilərimizi bu istiqamətdə görüləcək addımlarla bağlı mütəmadi olaraq müxtəlif kommunikasiya kanalları vasitəsilə maarifləndirir.

Belə ki, həm sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə, həm sms bildirişlər, həm də DostBank mobil tətbiqimiz vasitəsilə onlara kartlarının təhlükəsizliyinin təmin edilməsi barəsində məlumatlar göndərilir, əməliyyatlar zamanı diqqətli olmaları tövsiyə edilir. Hər bir kart sahibini öz məlumatlarını bir daha kənar şəxslərlə paylaşmamağa çağırır, təhlükəli ola biləcək sayt və ya platformalarda qeydiyyatdan keçirməmələrini xahiş edirik”.

"Yelo Bank"ın PR meneceri Ayxan Şıxlinski son günlər bu kimi dələduzluq hallarının artdığını deyir:

"Bank olaraq müştərilərimizin şəxsi məlumatlarının qorunması və informasiya təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görürük. Amma çox təəssüf ki, dələduzlar hər cür hiylələrdən istifadə edirlər. Müştərilərimizi diqqətli olmağa çağırır, heç bir halda kart məlumatlarını kimliyindən asılı olmayaraq tanımadıqları insanlarla bölüşməməyə çağırırıq. Sosial şəbəkələrdəki kanallarımız və mətbuat vasitəsilə daim maarifləndirmə işləri aparır, istifadəçilərimizi daha da diqqətli olmağa səsləyirik".

"Access Bank"ın PR meneceri Sərvinaz Ələkbərova hələlik bu kimi hallarla qarşılaşmadıqlarını deyir: "Son zamanlar baş verən zənglərlə bağlı məlumatımız var, amma hələ ki, bizim müştərilər arasında belə hal yaşanmayıb".

Əsas mövzular