21:33 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
Müharibə adamları
483

Ötən il oktyabrın 17-də Gəncəyə atılan raket Samir Xasıyev küçəsini də yerlə-yeksan edib. Həmin ünvanda hazırda bərpası mümkün olmayan evlər sökülür, yerində yenisi inşa edilir.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Qalib əsgər, möhtəşəm Azərbaycan Ordusu qələbəyə doğru irəlilədikcə erməni silahlıları geri çəkilib, müharibə gedən ərazidən 70-80 kilometr kənarda yerləşən şəhərlərimizi, dinc sakinləri istifadəsi qadağan olunan silahlarla hədəfə alırdılar. Bu cür vəhşiliklər etməklə insanları qorxutmaq, şəhərləri boşaltmaq xülyasında idilər. Gəncəyə atılan raketlər günahsız sakinləri, körpələri qanına qəltan etdi. Erməni terroru ananı balasız, balanı anasız qoysa da, heç kəs şəhəri tərk etmədi. Sanki insanlar daha da möhkəmləndi, qələbənin yaxınlaşdığını, düşmənin acı məğlubiyyətini görməyə tələsdilər.

Ötən il oktyabrın 17-si gecə saat 00:50-də ermənilər tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri şəhərin bir neçə ünvanına düşüb evləri, avtomobilləri, obyektləri yararsız hala saldı. Günahsız şəhər sakinləri, qocalar, cavanlar, uşaqlar arasında dünyasını dəyişən, ağır yaralanan oldu. Samir Xasıyev küçəsinə düşən raket oranı yerlə yeksan etdi. Həmin gecənin şahidlərindən olan Şövqi Nağıyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində raketin onların yaşadığı yerdən iki ev yuxarıya düşdüyünü, bərk titrəyişə yuxudan oyanıb hər tərəfin dağıldığını, toz-duman içində olduğunu gördüklərini deyib:

© Sputnik / Rahim Mammadov
Şövqi Nağıyev

“Gecə yarı idi, bərk səs gəldi, ev titrədi, sanki zəlzələ baş verdi. Yuxudan ayılanda gördük ki, pəncərə şüşələri sınıb, evin damı uçub üzərimizə tökülüb. Raket bizdən iki ev yuxarıya düşmüşdü, zərbənin gücündən mənzilimiz yararsız hala gəldi. Atam, anam və iki bacımla birgə yaşayırdıq bu mənzildə. Birtəhər evdən küçəyə çıxa bildik. Hər tərəf toz, duman, tüstü içindəydi. Qərar vermək olmurdu ki, nə edəsən. Hazırda kirayədə yaşayırıq. Evimizin bərpası mümkün deyil. Söküntü işləri gedir. Yenisi inşa ediləcək. Öz küçəmizdə, evimizin yerində tikilməsi daha yaxşıdır, çünki gözümüzü burada açmışıq, buraya öyrəşmişik”.

Samir Xasıyev küçəsi ilə irəlilədikcə düşmənin dinc sakinlərə, günahsız insanlara qarşı törətdiyi vəhşiliyi, barbarlığı açıq-aydın görmək mümkündür. Evlərin divarları uçub, dam örtüyünün hara düşdüyü məlum deyil. Sputnik Azərbaycan xəbər verir ki, küçənin başqa bir sakini Arzu Cəfərovun yaşadığı evdə hadisə zamanı 9 nəfər xəsarət alıb:

© Sputnik / Rahim Mammadov
Arzu Cəfərov

“Həyəcandan indi də danışanda titrəyirəm. Gecə elə dəhşətli səs gəldi, gözümü açanda gördüm, evin damı uçub, çarpayıda qalmışam altda. Başıma, qoluma şüşələr girib, qan axa-axa birtəhər çıxa bildim. Gördüm, bacım uşaqları qaranlıqda qorxub ağlayırlar. İstədim, çıxam həyətə, gördüm, evin qabağındakı çardaq uçub, çıxmaq mümkün deyil. Pəncərədən birtəhər uşaqları təcili tibbi yardım əməkdaşlarına verə bildim.

Qardaşımın üç yaşlı qızının başına çilçıraq düşmüşdü, ondan çox qorxdum, şükür ki, sağ qaldı. Evlərimiz tamam dağılıb, baxış keçirdilər, hazırda söküntü işləri aparılır. Əsas odur, sağ-salamat qurtula bildik. Ölkə rəhbərimizə minnətdaram, universitetin yataqxanasında qalırıq, hər bir şəraiti var. Tezliklə də yeni mənzillərimiz hazır olar, inşallah. Hər gün bu küçəyə gəlib dəyməsəm, dura bilmirəm. Çox öyrəşmişik buralara”.

Tərlan Sadıqova da Gəncəyə atılan raket zərbələrindən zərər çəkənlərdəndir. Həmin gecə yaşadığı evin dağıntıları altından onu nəvəsi xilas edib. Bunu T.Sadıqova Sputnik Azərbaycan-ın müxbirilə söhbətində bildirib:

  • Tərlan Sadıqova
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur
    © Sputnik / Rahim Mammadov
  • Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Tərlan Sadıqova

“Gecə qəfil səs-küy qopdu. Qəlpələr yana-yana həyətimizə, evin içinə tökülürdü. Məni dağıntılar altından nəvəm çıxarıb. Ətrafa baxmaq olmurdu, pis qoxu, qara tüstü hər tərəfi bürümüşdü, boğulurdum. Altı nəfər yaşayırıdıq bu evdə, dağılıb, heç nə qalmayıb. Gəlib baxıblar, dedilər, bunu bərpa etmək mümkün deyil. Yəqin, yenisini tikəcəklər”.

Qeyd edək ki, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prosesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, qismən ziyan dəymiş 253 evin təmiri artıq başa çatıb, 893 evdə isə işlər davam edir. Bununla yanaşı, 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.

Mövzu:
Müharibə adamları
Teqlər:
bərpa, dağıntı, evlər, dinc sakinlər, raket zərbələri, erməni terroru, Gəncə

Əsas mövzular