BAKI, 22 aprel — Sputnik. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad olunan əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.
Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.