CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan tarixini yaşadan "Azərmarka"da bir gün

© Sputnik / Nigar IskanderovaNigar markalarla bagli yazı
Nigar markalarla bagli yazı - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Abunə olmaq
Buradakı markalara baxaraq, Azərbaycan tarixi barədə kifayət qədər dolğun biliklər əldə etmək mümkündür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Filateliya. Çoxumuza tanış olan bu söz, kolleksiya toplayanlar arasından ən geniş yayılmış terminlərdən biridir desək, yəqin ki, yanılmarıq. XIX əsrin 40-cı illərində, ilk poçt markası “Qara penni” dövriyyəyə buraxılan vaxtdan yaranmış bu fəaliyyət növü 2 əsrə yaxın dövrdə dünyanın dörd bir yanına yayılıb. Keçmiş SSRİ-də də filateliya gənclər arasında ən geniş təbliğ olunan sahələrdən biri idi. Əsasən poçt markalarının toplanması kimi tanınsa da, əslində filateliya həvəskarları marka ilə yanaşı Birinci gün zərfləri, kartmaksimumlar, markalı zərflər, poçt ştempellərinin ottiskləri və digər filateliya materialları yığırlar.

Müstəqil Azərbaycan Respublikasının poçt markalarının tarixi Cümhuriyyət dövrünə, 1919-cu ilə gedib çıxır. Həmin ilin oktyabrın 20-də 10 markadan ibarət dəst dövriyyəyə buraxıldı. O dövrün məşhur heykəltaraşı, rəssam Zeynəl Əlizadə tərəfindən tərtib olunmuş markalarda əlində Azərbaycanın üzrəngli bayrağını tutmuş əsgər, zəmidə çalışan kəndli, Bakının qala divarları və s. təsvir olunmuşdu. Həmin markaların təkrar buraxılışı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da bir müddət (1920-ci ilin dekabrından 1921-ci ilin aprelinə qədər) istifadədə oldu. Daha sonra, 1921-1923-cü ilərdə Azərbaycan ərazisində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının, 1923-1991-ci illər ərzində isə SSRİ-nin poçt markalarından istifadə olunub. Həmin illərdə SSRİ poçtu tərəfindən Azərbaycanın görkəmli şəxslərinə (“Mirzə Ələkbər Sabirin 100 illiyi” (1962), “İmadəddin Nəsiminin 600 illiyi” (1973), “Nəriman Nərimanov” (1973), “Nizami Gəncəvinin 840 illiyi” (1981) və s.), incəsənətinə (“Azərbaycan eposu Koroğlu” (1989), “Azərbaycan xalq çalğı alətləri” (1990), “Milli bayramlar” seriyasından “Azərbaycanda Novruz” (1991) və s.), memarlığına (“Bakıda Opera və Balet Teatrının binası” (1950), “Elmlər Akademiyası” (1950), “Hökumət evi” (1960) və s. həsr olunmuş markalar buraxılıb.

1992-ci ildə Azərbaycan Respublikasında Dövlət Poçt Ödəniş Nişanlarının hazırlanması, çapı və dövriyyəyə buraxılması məqsədilə ovaxtkı Rabitə Nazirliyi yanında “Azərmarka” şirkəti yaraıldı. Ötən 28 il ərzində şirkət tərəfindən görülmüş işlər, gələcək planlar və Azərbaycan filateliyasının bugünkü vəziyyəti barədə söhbətləşmək üçün “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva ilə görüşdük.

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva

Leyla xanımın iş otağında ilk diqqətimi çəkən üzəri gümüşlə örtülmüş Azərbaycan xəritəsi təsvir olunan poçt markası oldu. Marka barədə məlumat verən direktor bildirdi ki, bu unikal poçt bloku Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə buraxılmış 3 mütxəlif markadan biridir: “Markanın üzərində gümüşü örtüklə müasir Azərbaycan Respublikasının ərazisi, preforasiya xətti boyunca isə ADR dövründəki dövlər sərhədlərimiz göstərilib”.

Leyla xanım artıq 4 ilə yaxındır ki, “Azərmarka”ya rəhbərlik edir. Adıçəkilən markaya olan marağımı görəndən sonra söhbəti də elə unikal tərtibatlı poçt markalarından, markaların dizaynına son illər yeni nəfəs verildiyindən, bu işdən tam yeni yanaşmanın tətbiq olunmasından başlayır:

– Bu gün tam əminliklə deyə bilərik ki, “Azərmarka” Azərbaycanın say-seçmə dizaynerləri və rəssamları ilə işləyir. Baş rəssam Vüqar Əyyubovun fərqli və kreativ yanaşması son illər ərzində ortaya çox unikal, maraqlı tərtibatda poçt markaları çıxarıb. Yuxarıda haqqında danışdığımız marka ilə yanaşı bu sırada 2018-ci ildə buraxılmış “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi”, “Bakının erməni daşnak və bolşeviklərdən azad olunmasının 100 illiyi”, “Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illiyi”, “Azərbaycan bayrağının 100 illiyi”,  “Azərbaycan Respublikası Milli Məclisinin 100 illiyi” markalarını, 2019-cu ilin buraxılışlarından isə “2019 Azərbaycan Qran Prisi”, “Tarixi şəhərlərdə kütləvi turizm”, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 100 illiyi”, “Əsrin müqaviləsi”nin 25 illiyi”, “Azərbaycan Mərkəzi Bankçılığı – 100 il” və digər markaların adlarının çəkə bilərik.

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar

Ümumilikdə, biz komanda olaraq çalışırıq ki, hər bir markanın özündə daşıdığı ideyası, fikri olsun, üzərindəki təsvir mövzunun ideyasını tam açsın. Əlbəttə, həmişə olduğu kimi bizim işimizdə də yeniliklər birmənalı qarşılanmır, fikirlər və mövqelər tam fərqlidir. Ancaq, fikrimcə, hər işin ən gözəl tərəflərindən biri də elə budur – sağlam tənqid, fikir mübadiləsi.

Görülmüş işlərdən danışan Leyla Güləliyeva daha sonra qeyd etdi ki, tariximizin ən qürurverici səhifələrindən olan Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə ictimai-siyasi həyatımızın digər sahələri kimi, “Azərmarka”da da xeyli işlər görülüb. Belə ki, 2018-ci ildə yuxarıda adı çəkilən 100 illik tarixlərə markalar buraxılmaqla yanaşı, həmçinin həmin markalar bir yerə toplanaraq 2 dildə “Azərbaycan 1918-2018” markalı kitabı da hazırlanıb:

– Markalı kitablardan söz düşmüşkən, onu da qeyd etmək istərdim ki, 2017-ci ilin dekabrında həyatımızın ən müxtəlif sahələrini işıqlandıran “Azərbaycan” adlı markalı kitab hazırlandı. Həm Azərbaycan, həm ingilis dillərində məlumatlar yerləşdirilmiş kitaba Azərbaycanın təbiəti, incəsənəti, memarlığı, mətbəxi və digər sahələri əhatə edən markalar daxildir. Bundan başqa, 2018-ci ildə məşhur fotoqraf Sənan Ələskərovun fotolarından ibarət “Mənim Bakım” adlı markalı fotokitab da hazırlnaraq satışa çıxarılıb. Kitabda Bakının və İşərişəhərin qədim və müasir memarlığının ən müxtəlif elementləri əks olunub.

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar

Leyla xanım deyir ki, qarşısına qoyduğu məqsədlərdən biri də uşaqlar arasında filateliyanın təbliğ edilməsi, müasir texnogiyalar dövründə poçt markalarına, məktub göndərilməsinə, açıqca yazılmasına marağın dirçəldilməsidir:

– Bu məqsədlə 2018 və 2019-cu illərdə “Azərmarka” tərəfindən uşaqlar arasında rəsm müsabiqələri keçirildi. 2019-cu ildə təşkil olunmuş “Gələcək” adlı uşaq rəsm müsabiqəsi çox böyük marağa səbəb olduğundan, biz seçilmiş 4 qalib uşağın rəsm əsərlərindən poçt bloku buraxmaq qərarına gəldik, 12 seçilmiş əsərdən isə poçt kartları hazırlandı. Həmin markalar və açıqcalar 2019-cu il iyun ayının 1-də  Bakıda keçilirilmiş “InnoFest Village” festivalı çərçivəsində uşaqlara təqdim edildi.

“Bəs filatelistlər arasında xüsusi maraq doğuran mövzular hansılardır” sualıma cavab olaraq L.Güəliyeva “Avropa” proqramı üzrə hər il buraxılan poçt markalarından danışdı:

© Sputnik / Nigar Iskanderova
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar - Sputnik Azərbaycan
1/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
© Sputnik / Nigar Iskanderova
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar - Sputnik Azərbaycan
2/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
© Sputnik / Nigar Iskanderova
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar - Sputnik Azərbaycan
3/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
1/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
2/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
3/3
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar

– “Avropa” markaları bütün dünya filatelistləri arasında hər il səbirsizliklə gözlənilən bir mövzudur. Bu markalar poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyasına (PostEurop) üzv ölkələr tərəfindən ümumi mövzuda hər il birgə buraxılış kimi hazırlanan poçt markalarıdır. Yəni, sadə dildə desək, “PostEurop” tərəfindən müəyyən bir mövzu seçilir və hər ölkə il ərzində həmin mövzuya uyğun öz tərtibatında buraxılış hazırlayır. Azərbaycanda bu proqram üzrə ilk poçt markaları 1998-ci ildə “Novruz bayramı” mövzusunda buraxılıb. 2020-ci ilin mövzusu “Qədim poçt marşrutları” idi və “Azərmarka” tərəfindən hazırlanmış markalar 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılmış qasid xidmətinə həsr olunub. 

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar

Birgə buraxılışlardan söz düşmüşkən, onu da qeyd edə bilərəm ki, ötən 28 il ərzində İran, Meksika, Qazaxıstan, Belarus, Rusiya, Macarıstan, Rumıniya, Moldova, Bolqarıstan, Türkiyə, Pakistan, Polşa kimi ölkələrlər birgə buraxılışlar hazırlanıb. İki ölkə arasındakı birgə poçt markaları buraxılışı filateliyanın maraq doğuran istəqamətlərindən biridir. Bu halda markaların həm mövzusu, həm dizayn eyni olur.

Əvvəldə haqqında söz açdığımız Birinci gün zərfləri barədə də daha ətraflı məlumat almaq istəyirəm. Öyrənirəm ki, sən demə, bu zərfləri dəyərli edən, onların sayının həmin mövzudakı markanın tirajı ilə müqayisədə qat-qat az olması və markalar dövriyyəyə buraxılan gün satışa çıxarılmasıdır. Zərf özü də həmin mövzuya uyğun bədii tərtib olunub, yuxarı sağ küncünə marka yapışdılır və bundan sonra həmin buraxılış üçün hazırlanmış xüsusi poçt ştempeli ilə damğalanır. Ştempelin üzərində markanın dövriyyəyə buraxıldığı tarix, mövzunun adı və uyğun dizayn elementləri olur.

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC tərəfindən hazırlanan marka
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC tərəfindən hazırlanan marka

Söhbətimizin bu yerində Leyla xanım Azərbaycanın poçt tarixində edilmiş bir ilkdən söz açır:

– 2019-cu ildə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında “Xalq nağılları” mövzusunda birgə buraxlış dövriyyəyə buraxıldı. Markalarda bizim “Məlikməmməd”, qarşı tərəfin isə “Qızıl quş” nağılından epizodlar təsvir olunub. Və biz belə bir ortaq qərara gəldik ki, bu markalar üzərindən bir yenilik edək – virtual reallıq applikasiyası.

Telefonuma “3 alma” adlı proqramı yükləyərək, deyilənləri təcrübədən keçirməyə çalışıram. Doğrudan da, proqramı işə salıb, smartfonun kamerasını “Məlikməmməd” olan markaya tuşlayan kimi, 3D animasiya işə düşür və kadrarxası səs nağıldan bir epizodu danışır.

© Sputnik / Nigar Iskanderova“Azərmarka” MMC tərəfindən hazırlanan markalar
Azərbaycan tarixini yaşadan Azərmarkada bir gün - Sputnik Azərbaycan, 1920, 18.04.2021
“Azərmarka” MMC tərəfindən hazırlanan markalar

Söhbətimizin sonunda gələcək planlardan danışan Leyla xanım qeyd edir ki, 2019-ci ildə Azərbaycanın ilk poçt markasının 100 illiyi münasibətilə “Azərmarka” tərəfindən yeni lahiyəyə başlanılıb. Belə ki, hər il “Azərbaycan” mövzusunda markalı kitabın hazırlanması nəzərdə tutulur. Bu seriyadan ilk kitab ötən il buraxılmış “Azərbaycan. Naxçıvan” kitabıdır. Bu ilki kitabın Qobustana həsr edilməsi planlaşdırlıb və bu minvalla hər il ölkəmizin bir güşəsi ən geniş şəkildə bu markaları kitablar vasitəsilə təbliğ olunacaq. Kitabda həmin bölgənin bitki və heyvan aləmi, müasir və qədim memarlıq abidələri, adətləri və s.öz əksini tapacaq. Layihədə istifadə olunan fotoların müəllifi məşhur fotoqraf Emil Xəlilovdur.

Təbii ki, Azərbaycan tarixindən danışarkən, 44 günlük Zəfərdən yan keçmək olmaz. "Azərmarka" Böyük Qələbənin yaşadılması sahəsində də işlər görür və bu mövzuya dair geniş planlara malikdir. Lakin bu barədə növbəti reportajımızda...

Xəbər lenti
0