17:33 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
36220

On səkkiz yaşlı qızın bacarığı həyatını tamamilə asanlaşdırıb: "Sürətli oxu həyatımın hər yerində mənə köməklik edir. Düşünürəm ki, gələcəkdə sənədlə bağlı heç bir işdə çətinliyim olmayacaq".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Ətrafımızda fərqli bacarıqda, istedadda çoxsaylı insanlar var. Bəzən onların bacarıqlarına baxdıqda "biz bunu edə bilmərik" deyə düşünürük. Əslində isə hər şeyin bir sadə yolu var. 18 yaşlı Fatimə Zülfüqarlı da ətrafındakıların həsəd apardığı şəxslərdən biridir. O, bir dəqiqə ərzində 130 min söz oxuya bilir ki, bu da təxminən 15-20 dəqiqəyə bir kitab oxumaq deməkdir.

Sputnik Azərbaycan həm Fatimə Zülfüqarlı, həm də onun müəllimi Cəmilə Quliyeva ilə söhbətləşib.

© Photo : Courtesy of Fatima Zyulfugarlyi
Fatimə Zülfiqarlı və Cəmilə Quliyeva

Fatimə Zülfüqarlı hazırda Azərbaycan Dövlət İqtisad Universitetində İT fakültəsi üzrə təhsil alır: "16 yaşımdan sürətli oxu ilə məşğul oluram. Oxuduğum kitabın şriftlərindən və mövzusundan asılı olaraq bir dəqiqədə oxuduğum sözlərin sayı 25 min ilə 100 min arasında dəyişir. Bəzən çəkilişlər zamanı gözüm həddindən artıq çox yorulduğu üçün bu rəqəmlər davamlı dəyişir".

O gün ərzində dərsləri və şəxsi inkişafına daha çox zaman ayırır: "Ən çox "bookcafe"lərdə olanda və çəkiliş zamanı kitab oxuyuram. Çəkiliş üçün gələn jurnalistlər bəzən özləri ilə 3-4 kitab gətirirlər və onların inamı üçün hər birini oxumalı oluram".

O, "sürətli oxu" kursuna yazıldıqdan sonra yüksək nəticələrə sahib olub: "Sürətli oxu" kursuna yazılanadək mən də hər kəsin bir dəqiqədə oxuya biləcəyi qədər söz oxuyurdum. Təqribən bir dəqiqədə 60-70 söz, lakin kursa yazıldıqdan sonra artıq göstəricilərim yüksəldi". 

Bu bacarığı onun həyatını tamamilə asanlaşdırıb: "Sürətli oxu həyatımın hər yerində mənə köməklik edir. Ən qısa zamanda istənilən mətnləri oxuyub bitirə bilirəm. Bu səbəbdən düşünürəm ki, gələcəkdə sənədlə bağlı heç bir işdə çətinliyim olmayacaq".

O deyir ki, kursa qəbul olunan müəllimlərin hazırlıq prosesində də yaxından iştirak edir, lakin özünün bu sahədə çalışıb uşaq hazırlamağa marağı yoxdur.

Bəs sürətli oxu bacarığını təkmilləşdirmək üçün nə məsləhətdir? Fatimə xanım deyir ki, təşkil olunan kurslarda sürətli oxu üçün xüsusi platforma yaradılır. Həmin platformada bir göz işarəsi olur və o sürətli olaraq ekranın sağı və soluna doğru hərəkət edir: "Beləcə evdə otağın bir küncündə oturub başınızı tərpətmədən davamlı olaraq sol və sağ künclərə baxmağa başlayırsınız. Baxın, heç kəs birdən-birə 50 kiloluq yükü qaldıra bilməz. Bunun üçün öncə 5, sonra 10, 20, 40 kiloluq yükü qaldırmağı bacarmalıdır. Yəni əzələləri mütəmadi işlətməklə yükü qaldırmış olursuz. Göz əzələləri də həmçinin. Gözləri daim məşq etdirməklə siz buna nail ola bilərsiniz. Kursa gələn şəxslərin başlanğıc səviyyəsi 1 dəqiqəyə ərzində 50-70, ən çoxu da 250 söz olur".

Onun sözlərinə görə, sürətli oxu üçün fərdi məşqlər çox önəmlidir: "Bu, tennis topu da ola bilər. Məsələn, tennis topu hərəkət etdikcə eyni istiqamətdə aşağı və yuxarı baxmaq göz əzələlərinin inkişafı üçün çox önəmlidir. Bundan başqa, sürətli oxu və sürətli anlama üçün bəzi səhvlərə yol verməmək lazımdır. Məsələn, uzanaraq oxumaq, yaxud da barmağınızı sətrin üzərində gəzdirərək oxumaq düzgün deyil. Daxildə oxumaq vərdişi də sürəti azaldır. Sürətli oxu zamanı psixologiya yerində olmalı, normal yuxu rejimi olmalı, gözləriniz oxuduğunuza fokuslanmalıdır".

Fatimə Zülfüqarlı musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib, uzun illər rəqs və üzgüçülüklə məşğul olub. O bizə digər bacarıqları və maraqlarından da danışır: "Maksimum 2 dəqiqəyə Rubik kubunu yığa bilirəm. Əlavə olaraq bildirim ki, mental cəbr təhsili də almışam".

Gələcəklə bağlı fərqli arzuları var. O, data analitik, yaxud da audit olmağı istəyir.

Fatimənin müəllimi Cəmilə Quliyeva sürətli oxu kurslarından birinin həm təsisçisi, həm də rəhbəridir. 20 ildən artıq pedaqoji sahədə çalışan Cəmilə xanım artıq 9 ildir ki, sürətli oxu proqramını tədris edir: "Bu sahədə 20-dən artıq müəllim də yetişdirmişəm. Ümumilikdə isə bu günədək təxminən 500-600 tələbə ilə işləmişəm. Bu işdən çox böyük zövq alıram".

Cəmilə xanımın yetirmələri arasında ən böyük rekordçu elə Fatimə Zülfüqarlıdır.

Teqlər:
bacarıq, sürətli oxumaq, kitab

Əsas mövzular