05:22 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
570 0 0

Şəki-Balakən-Zaqatala istiqamətinə minik avtomobilləri qiyməti 25 manata qaldırmışdılar. Burada da sürücülər günün sonuna doğru və martın 20-dən qiymətin bir qədər də bahalaşacağını söylədilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Rayonlara gediş-gəlişin bağlanacağını eşidib tələsən kim, ucuz qiymətə maşın axtaran kim. Bu gün digər günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qələbəlik müşahidə olunurdu. Rayonlara sərnişin daşıyan kiçiktutumlu avtobuslar və minik avtomobilləri qiyməti digər günlərə nisbətən bahalaşdırmadıqlarını söyləsələr də, sərnişinlər qiymətin baha olduğundan gileyləndilər. Göygöl rayonuna gedən sərnişin Güllü İsimxanova Sputnik Azərbaycan-a bildirib ki, adi günlərdə Bakıdan Göygölə 10 manata getsə də, qiymət bu gün 15 manat olub:

"Mən "Vita" ilə gedəcəm. Minik avtomobilləri baha apararır. Neçəsindən soruşmuşam, qiymətdə 20 manatdan aşağı düşmürlər. Bir tanış sürücü var, indi mən onu gözləyirəm. Yer olsa, 10 manata məni də götürəcək".

Sərnişinlər qiymətin bahalaşdığını desələr də, sürücülər əksini söylədilər. Bərdə-Tərtər istiqamətinə sərnişin daşıyan avtobusun sürücüsü bildirdi ki, adambaşına gediş haqqı 10 manatdır.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı

Gəncə-Şəmkir istiqamətinə sərnişin daşıyan sürücülər isə adambaşına qiymətin  10-12 manat olduğunu bildirdilər.

Qazax-Qırmızı körpü istiqamətinə gediş haqqı isə 15 manat təşkil edir. Burada sürücülər bayram günlərində qiymətin bu istiqamətə bahalaşacağının gözlənildiyini bildirdilər. Sürücülərin sözlərinə görə, hazırda ən çox sənişin axını məhz Qazax-Qırmızı körpü istiqamətinə müşahidə olunur.

Kiçiktutumlu mikroavtobuslarda qiymət bir qədər münasib olsa da, Avtovağzalın qarşısındakı şəhərlərarası taksi dayanacağından Gəncə, Yevlax, Mingəçevir, Qazax, Şəmkir, Göygöl istiqamətlərinə gediş haqqı 20 manatdan aşağı deyildi. Hətta Şəki-Balakən-Zaqatala istiqamətinə minik avtomobilləri qiyməti 25 manata qaldırmışdılar. Burada da sürücülər günün sonuna doğru və martın 20-dən qiymətin bir qədər də bahalaşacağını (30 manat) söylədilər. Qiymət artımına səbəb kimi isə tələbatın artması əsas gətirilirdi.

Apardığımız müşahidələr göstərdi ki, paytaxtda avtovağzalın qarşısından, demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Sərnişindaşıma həm mikroavtobuslarla, həm 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.

Sərnişinlər şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Bu isə onların sözlərinə görə, bayram günlərində bahalaşmaya səbəb olur.

© Sputnik / Zulfiyya Guluyeva
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı

Sərnişin İrşad Məmmədov deyir ki, avtobuslarla rayonlararası sərnişindaşımaya qoyulan qadağadan bu gün ən çox əziyyət çəkən sərnişinlərdir:

"Deyirlər ki, bu qadağa virusa görə qoyulub. Amma sərnişinlər kiçiktutumlu 7 nəfərlik "Vita"larla daşınır. Mikroavtobus kiçik olduğundan, burada yoluxma riski daha çoxdur. Nə arada məsafə qorunur, nədə ki maska taxan var".

Sərnişinlər minik avtomobillərində də eyni vəziyyətin müşahidə olunduğunu söylədilər. Onların sözlərinə görə, yaranmış vəziyyətə görə həm vaxt itirirlər, həmçinin də artıq pul. Cəmilə Hüseynova adlı sərnişin deyir ki, valideynləri rayonda olduqlarından bayramda onları görməyə gedir:

"Bayramda insanlar rayona gedir. Alternativ nəqliyyat vasitəsi olmadığından hamı qalıb mikroavtobusların, minik avtomobillərinin ümidinə. Onlar isə istədikləri qiyməti qoyurlar. Sərnişinlər də məcburdur ki, sürücülər "hansı havanı çalır, o havaya da oynasın". Yəni nə qiymət qoyurlar, caamt da o məbləği ödəyib rayona gedir. Nəticədə ən çox ziyan biz sərnişinlərə dəyir. Ondansa avtobusların fəaliyyətinə icazə versinlər, camaat ara məsafəsini qorumaqla doğmalarını görməyə getsin. İndiki vəziyyətdə hərə bir evdən gəlib. Buna baxmayaraq, 7 nəfərlik "Vita"lar, 4 nəfərlik minik maşınları ilə rayonlara gedir. Belə çıxır ki, sərnişinlər ağız-ağıza 7 nəfərlik maşında gedəndə virusa yoluxmurlar? Vallah, bu Operativ Qərərgahın virusla bağlı rayonlararası avtobusların hərəkətinə qoyduğu qadağasında bir məna qalmır".
© Sputnik / Zulfiyya Guluyeva
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı

Apardığımız müşahidələr zamanı da paytaxtda rayonlara sərnişindaşımada pandemiya qaydalarına əməl edilmədiyinin, sərnişinlərarası məsafənin qorunmadığının şahidi olduq. Qiymətlərdə isə adi günlərlə müqayisədə bahalaşma vardı. Sürücülər qiymətlərin bu gün axşam saatlarına doğru və sabahdan daha da baha olacağını söylədilər:

"Siz bu gün axşam, sabah rayona adambaşına 30 manatdan maşın tapsanız, gələrsiz mən sizi pulsuz aparacam. Sabahdan qiymət lap bahalaşacaq".

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərlərarası və rayonlararası sərnişin daşıyan kiçiktutumlu mikroavtobuslar və şəxsi minik avtomobilləri DANX-dan sərnişindaşıma üçün heç bir lisenziya almayıb:

"Onlar qanunsuz sərnişindaşıma fəaliyyəti göstərirlər. Həmin daşıyıcılara bizim qurumun cəza vermək səlahiyyəti yoxdur. DANX tərəfindən ötən ilin mart ayından bir nəfərə belə rayonlararası və şəhərlərarası sərnişindaşıma üçün fərqlənmə nişanı, lisenziya verilməyib".

Əsas mövzular