12:20 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
395 0 0

Polis küçəyə atılan beş yaşlı uşağın valideynlərini tapıb. Məlum olub ki, o, ailənin tək övladı deyil, üstəlik, anası da psixi xəstədir

BAKI, 9 mart - Sputnik, Zarina Orucəliyeva. Bakıda körpə qızı küçənin ortasında qoyub gedən valideynlər tapılıblar. Məlum olub ki, beş yaşlı uşağın anası psixi cəhətdən sağlam deyil.

Sputnik Azərbaycan-ın məlumatına görə, martın 2-də paytaxtın Xətai rayonunda, P.Naximov küçəsində sakinlərin küçənin ortasından tapdıqları qız Uşaq Reinteqrasiya Mərkəzinə gətirilmişdi. Onlar isə uşağı polisə təhvil vermişdilər. 

Mərkəzin direktoru, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, qızcığaz adının Nərgiz olduğunu desə də, bu adla çağıranda reaksiya vermir. 

Sığınacaqda uşağı çimdirib, başını pedikulyozdan təmizləyib, təmiz paltar geyindiriblər. Uşaq heç nəyə maraq göstərməyib: yaşıdları ilə, demək olar ki, ünsiyyət qurmayıb, həmçinin aqressiv davranıb. Ağazadə hesab edir ki, uşaq küçədə uzun müddət qalmayıb. 

İntensiv axtarışlar nəticəsində onun valideynlərini tapmaq mümkün olub. Məlum olub ki, beş yaşlı Nərgiz evin tək uşağı deyil, dörd yaşlı, Dəniz adlı bacısı və yaşyarımlıq Əziz adlı qardaşı var. 

"Uşaqların atasıyla görüşdük. Dedi ki, uşaqların anası psixi xəstədir və ona nəzarət etməyə artıq gücü qalmayıb. Qadını çoxdan müalicə etmədiklərindən vəziyyəti günü-gündən pisləşir. Uşaqlar da bu səbəbdən nəzarətsiz qalıblar. Nərgiz itən gün kişi işdəymiş. Yəqin, anasının yenidən depressiyası güclənib və o, uşağı küçəyə atıb", - K.Ağazadə bildirib. 

Ata ilə ananın valideynlik hüquqları məhdudlaşdırılmalıdır, Ağazadə belə fikirləşir. Çünki bu, uşaqların təhlükəli şəraitdə qaldıqları yeganə hal deyil. Ata danışırmış ki, qadın uşaqları evdə tək qoyaraq dəfələrlə evdən qaçıb. Onların tez-tez mübahisə etmələrindən isə polislər də xəbərdardırlar, çünki DİN-in 112 qaynar xəttinə dəfələrlə zənglər olub. 

Son hadisədən sonra qadını psixonevroloji xəstəxanaya yerləşdiriblər. Ən pisi də budur ki, qadının psixi durumunun normal olmadığını yaxınları hələ ikinci uşağı doğulandan sonra bilirmişlər. Hazırda isə qadın dördüncü uşağına hamilədir. 

Uşaqların atasını isə Xətai İcra Hakimiyyətinə yönləndiriblər ki, müvafiq sərəncam əsasında onun 3 uşağını sığınacağa yerləşdirsinlər. Hazırda atalarının yazılı razılığı ilə Nərgizin bacısı ilə qardaşı da sığınacağa gətiriliblər. Yəni indi üçü də bir aradadır. 

Nərgizin özündə də psixonevroloji sapmalar müşahidə olunur, məlum olub ki, qızcığazın qıcolmaları var. Ola bilsin ki, uşaqda epilepsiya var. Yaxın günlərdə nevropatoloqlar onu müayinə edəcəklər. 

Digər uşaqların sağlamlığında problem müşahidə olunmayıb. Ancaq Ağazadənin sözlərinə görə, onların üçü də şiddət görüb, çünki ətrafdakı insanlardan qorxurlar. 

Hüquq müdafiəçisinin sözlərinə görə, müəyyən prosedurlardan keçdikdən sonra uşaqların atalarına himayə hüququ qaytarıla bilər.

Əsas mövzular